Politoloq: “Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin növbəti şanlı təntənəsidir”

GÜNDƏM 14 iyl 2021, 14:12
“Cənab Prezident İlham Əliyev hər incə detalı nəzərə alaraq həyata keçirdiyi uğurlu xarici siyasət kursu çərçivəsində dünyanın aparıcı dövlətləri  və beynəlxalq təşkilatları ilə sıx əlaqələr quraraq aktiv diplomatik fəaliyyət həyata keçirir. Bu əlaqələrin son illərdə daha sıx qurulduğu təsisatlardan biri BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi institut hesab olan Qoşulmama Hərəkatıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O, Azərbaycanın uğurlu xarici siyasətinin Qoşulmama Hərəkatının fəaliyyətində özünü göstərdiyini bildirib:

“Azərbaycanın 10 il öncə Qoşulmama Hərəkatının üzvünə çevrilməsinə baxmayaraq, bu qısa zaman çərçivəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında olduqca əməli işlər həyata keçirilib. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədr seçilib. COVID-19 pandemiyasının dünyanı bürüdüyünə baxmayaraq, ölkə başçımız yeni dövrün tələblərinə uyğun olaraq, son dərəcə çevik addımlar ataraq irəli sürdüyü təşəbbüslərlə, dünya birliyinə və humanizm prinsiplərinə verdiyi töhfə ilə sədrlik işini layiqincə həyata keçirir”.

Politoloq bildirib ki, Qoşulmama Hərəkatı üzvlərinin mövqeyində Azərbaycanın təşkilata sədrliyi dövründə aparılan işlərin məntiqi nəticəsidir:

“Bünövrəsində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanan bu təsisata işğala məruz qalan bir ölkə kimi Azərbaycanın üzvlüyü və sədrliyi dövlətimizin Ermənistanın təcavüzünə qarşı mübarizəsində güclü beynəlxalq dəstək qazanıb. Artıq tarixə qovuşan münaqişə ilə bağlı mövqeyimiz Qoşulmama Hərəkatının sənədlərində dəstəklənib. Nəzərə alsaq ki, illər ərzində cənab Prezident İlham Əliyevin atdığı hər addımının təməlində Qarabağımın azad olunması dururdu. Bu baxımdan, burada ən mühüm məsələ vaxtilə bir qrup şəxsin Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması məsələsini lazımsız hesab etməsinə baxmayaraq, sübut olundu ki, Prezident nə qədər uzaqgörən, məhz Qarabağ zəfərinə fokuslanmış aktiv, uğurlu diplomatik fəaliyyət həyata keçirib. Məhz Azərbaycanın apardığı fəal diplomatiyanın rolu, Qoşulmama Hərəkatına üzv ölkələrin qəti mövqeyi nəticəsində Vətən müharibəsinin getdiyi bir zamanda BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı təşəbbüslərin qarşısı dərhal kəsildi”. 

Şəbnəm Həsənova bu günlərdə ildönümü qeyd olunan Tovuz döyüşləri ilə bağlı da Qoşulmama Hərəkatının kəskin mövqeyini xatırladıb:

“Bu döyüşlərlə bağlı da Qoşulmama Hərəkatının qəti mövqeyini xatırlamalıyıq. Belə ki, 18 iyul 2020-ci il tarixində Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində dövlət sərhədində törətdiyi hərbi təxribatına dair Kommünike qəbul etmiş və Ermənistanın silahlı hücumunu kəskin şəkildə pisləmişdilər. Bütün bu sadalanan amilləri nəzərə alaraq əminliklə deyə bilərik ki, 2019-2022-ci illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədr olması, keçmişdə qalan münaqişə ilə bağlı cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün müəyyən olunmuş, aktiv diplomatiya ilə haqlı olaraq bu böyük təsisatdan dəstək almağımız ölkə başçımızın həyata keçirdiyi siyasətin növbəti şanlı təntənəsidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top