Deputat: "Prosesin bu cür reallaşması Minsk qrupunun həmsədr ölkələrinin xoşuna gəlmədi, çünki..."

GÜNDƏM 12 iyl 2021, 12:53
“44 günlük müharibə zamanı və müharibədən sonra Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərə, həmçinin müharibə zamanı hərbi cinayət törədilmiş ərazilərə diplomatik korpusun nümayəndələrinin səfərləri təşkil edilir. Bunda məqsəd baş vermiş prosesləri həmin nümayəndələrin öz gözləri ilə görmələri, vəziyyəti necə ağır olduğunu, Azərbaycana dəymiş ziyanın nə dərəcə böyük olduğunu anlamalarıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev diplomatik korpusun nümayəndələrinin Şuşaya səfəri barədə danışarkən deyib.

O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin - ABŞ, Rusiya və Fransanın səfirlərinin bu səfərdən imtina etmələrinin qurumun növbəti dəfə öz missiyasını yerinə yetirə bilmədiyini göstərdiyini deyib:

“Bu səfərlərin həyata keçirilməsi ilə dünya ictimaiyyətində müəyyən fikrin yaranması hədəflənirdi. Buna müəyyən dərəcədə nail olduq, diplomatik korpusun nümayəndələri Azərbaycanda törədilmiş cinayətlərin şahidi oldular. Növbəti belə səfər Azərbaycan üçün böyük əhəmiyyət daşıyan, Türk dünyasının mədəniyyət paytaxtı olan, mənəvi qürur yerimiz Şuşaya təşkil edildi, səfərdə diplomatik korpusun əksər nümayəndələri iştirak etdilər. ATƏT-in Minks qrupunun həmsədr ölkələrinin səfirlərinin Şuşaya səfərdə iştirak etməmələri isə müəyyən suallar doğurdu. 28 ilə yaxın bir müddətdə ATƏT-in Minsk qrupu öz vəzifəsini yerinə yetirə bilmədi, münaqişənin sülh yolu ilə həllini reallaşdıra bilmədi. İşğal olunmuş Azərbaycan torpaqlarından erməni terroristlərinin çıxarılmasında iştirak etmədi, bu proses onlar tərəfindən yubadıldı. 44 günlük müharibə dövründə Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz beynəlxalq qurumların 30 ilə yaxın müddətdə edə bilmədiyini reallaşdırdı. Prosesin bu cür reallaşması Minsk qrupunun həmsədr ölkələrinin xoşuna gəlmədi, çünki faktiki olaraq, onlar prosesdən kənarda qaldılar. Rusiya müəyyən mənada birtərəfliyini qoruya bilsə də, digər ölkələr, xüsusilə Fransanın həmin ərəfədə neytral mövqeyini görə bilmədik. Həmsədr ölkələr yalnız müharibə başa çatandan sonra reallıqla barışmağa məcbur oldular”. 

Deputatın fikrincə, həmsədr ölkələrin bu addımında erməni diasporasının təsirinin də rolu var:

“Şuşaya səfərdə həmsədrlərin iştirak etməməsinin səbəbi rəsmi olaraq bizə məlum deyil. Bəlkə də, onlar öz aləmlərində neytral mövqelərini qorumaq üçün belə addım atıblar. Bu, daha çox erməni diasporasının hikkəsinə tuş gəlməmək üçün atılmış addıma bənzəyir. Bəlkə də, Azərbaycanın uğurunu izləmək, sevincinə şərik olmaq həmsədr ölkələrin niyyəti ilə uzlaşmır. İstənilən halda, reallıq ondan ibarətdir ki, Azərbaycan xüsusilə “Şuşa bəyannaməsi”nin imzalanmasından sonra regiondakı strateji vəziyyəti dəyişdi. Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü bərpa edən dövlət statusundadır. Biz “Qarabağa dönüş” proqramı həyata keçiririk, dost və qonşu ölkələr bu prosesdə iştirak edirlər. Yaxın gələcəkdə bütün dövlətlər Qarabağın dirçəlişinin, inkişafının şahidi olacaq. Əminəm ki, Minsk qrupunun həmsədr ölkələrinin diplomatik nümayəndələri də Şuşa və digər işğaldan azad olunmuş ərazilərdə olmağa can atacaqlar. Onlar bu uğura sevinmək, Azərbaycana təşəkkür etmək məcburiyyətində qalacaqlar. Çünki Azərbaycan sadəcə torpaqlarını işğaldan azad etmədi, həm də regiona sülh gətirdi. Bu gün də dövlətimiz regionda sülhün daimi olması üçün öz töhfələrini verir”.

Aygül Qarayeva 
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top