ABŞ ordusu Əfqanıstandan çıxarıldıqdan sonra nə baş verəcək? — ŞƏRH

SİYASƏT 09 iyl 2021, 18:07
"ABŞ ordusu Əfqanıstandan çıxdıqdan sonra bu ölkənin qonşu dövlətlərlə sərhəddə vəziyyəti gərginləşəcək. Bunu bir sıra beynəlxalq ekspertlər də təsdiq edir. Tarix də göstərir ki, yeni vəziyyət böyük ehtimalla qarışıqlığın yaranmasına gətirib çıxaracaq. Bunu Əfqanıstandakı bəzi radikal qüvvələr də təsdiq edir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fikrət Sadıqov ABŞ ordusunun Əfqanıstandan çıxarılmasını şərh edərkən deyib. 

Politoloq gələcəkdə yarana biləcək vəziyyətlə bağlı proqnozunu açıqlayıb:

"Digər reallıq ondan ibarətdir ki, "Taliban"ın rəsmi dairələri öz çıxışlarında bəyan edirlər ki, hakimiyyətə gəldikdən sonra onlar heç bir dövlətə, xüsusilə, Orta Asiya ölkələrinə - Özbəkistan, Tacikistan və Türkmənistana təhlükə törətməyəcəklər. İndiki halda, onların əsas məqsədi Əfqanıstanda stabillik yaratmaqdır. Həmçinin, digər məqsədləri hansısa xarici hərbçinin Əfqanıstanda qalmaması ilə bağlıdır. Proqnozlar kifayət qədər müxtəlifdir, lakin "Taliban" tərəfindən əsas iddialar bunlardır".

F.Sadıqov ABŞ ordusunun Əfqanıstandan çıxmasının bölgəyə mümkün təsirindən bəhs edib: 

"Düşünmürəm ki, "Taliban"ın hakimiyyətə gəlməsindən sonra sərhədlərdə münaqişələr başlasın, qan tökülsün, yaxud irimiqyaslı müharibə başlasın. Amma toqquşmaların baş verəcəyini istisna etmək olmaz. Artıq bu toqquşmalar baş verir. Bunu Əfqanıstan-Tacikistan sərhədində daha aydın görmək mümkündür. Bir çox əfqanıstanlı öz ölkəsini tərk edir, Tacikistanda cəmləşir və s. Bu baxımdan, müəyyən mürəkkəb məqamlar gündəmə gələcək.

Mövcud vəziyyətin bizim bölgəyə təsirinə gəlincə, Əfqanıstan məsələsi ilə bağlı ölkəmizə birbaşa təhlükə yaradan qüvvə yoxdur. Lakin istənilən halda bizim bu məsələdə diplomatik addımlarımız daha çevik olmalıdır. Azərbaycan bu regionda stabilliyin, təhlükəsizliyin bərpa olunmasının tərəfdarıdır".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top