Mkrtiçyandan şok etiraflar: "Azərbaycan xalqından üzr istəyirəm, məni bağışlayın"

KRİMİNAL 07 iyl 2021, 13:13
Yasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Lüdvik Mkrtiçyan prokurorun suallarını cavablandırıb.

Lüdvik Mkrtiçyan bildirib ki, 1993-cü ildə Qarabağda Ağdərənin kəndində  olub, amma həmin vaxt müharibə olmayıb: "Bir ay həmin ərazidə olmuşam. Sonra Hadrutda olmuşam. Həmin vaxt müalicə olunmuşam. 1994-cü ildə Suqoşuşanda gəlmişəm. Səngər qazarkən mərmi düşdü yanımıza düşdü və kontuziya almışam. BMən o vaxt erməni  silahlı birləşməsinin tərkibində olmuşam.  Silahlı birləşmənin Ermənistan yaratmışdı. Mən də könüllü həmin dəstə ilə Qarabağa gəlmişəm  Müharibə idi, nə deyirdilər onu da edirdik. Döyüşlərdən sonra mən Ermənistanı tərk edib xaricə getmişəm".

Lüdvik Mktiçyan qeyd edib ki, aprel döyüşlərinə təşkilat vasitəsilə könüllü gəlib: "Həmin təşkilat xaricdə yaşayan ermənilər tərəfindən maliyyələşir. Onlar da aprel döyüşlərində məni ora cəlb etdilər. Məcburiyyətdən qoşulmuşam döyüşlərə. Bilirdim ki, Qarabağı ermənilər işğal edib. 

2020-ci il oktyabrın 1-də tanımadığım adamlarla birlikdə Hadruta gəldim və müdafiəyə qoşuldum. Bilirdim ki, həqiqətən Hadrut Azərbaycan ərazisidir. Amma orda ermənilər yaşayırdı".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Hadrut rayonun adını bilmədiyi kəndində saxlanılıb: "O zaman biz hərbiçilər geri çəkilirdik, meşələrdə gizlənirdik. Komandirimiz yoxa çıxdı, onun hara getdiyini bilmədim. Orada 120 nəfər əsgər var idi. Biz meşəlik ərazidə gizləndik. Bu zaman iki tərəfli istiqamətdən atəşma başladı. Biz quyu kimi yerdə dayandıq. Hava qaralandan sonra dağa istiqamətdə getməyə başladıq. Bizimlə birlikdə olan uşaqlardan birində telefon var idi. Atası ilə əlaqə saxladı,bizi qarşılamağı istədi. Amma sonradan heç bir əlaqə olmadı. Səhərə yaxın Azərbaycan əsgərləri tərəfindən yaxalandıq".

Lüdvik Mktiçyan qeyd edib ki, Azərbaycan əsgərini özlərinə düşmən hesab etmir: "Mən hər kəsdən üzr istəyirəm, məni bağışlasınlar. Özümü yaxşı hiss etmirəm. Bir insan kimi səhv etmişəm. Hər kəs səhv edə bilər. Xocalı soyqırımına görə, pis münasibət bəsləyirəm. Gərək belə hadisələr olmayaydı".

Təqsirləndirilən şəxs deyib ki, döyüşlərdə iştirak etdiyi üçün 5 medal alıb.

Digər təqsirləndirilən Alyoşa Xosrovyan bildirib ki, o Ermənistan və Azərbaycan sərhədində olub: "Orada mülki şəxs kimi olmuşam. Döyüşlərdə ürəkdən iştirak etməmişəm. Uşaqların var, pula ehtiyacım olub. Bu səbəbdən də pul qazanmaq üçün ora getmişəm. Mən özümü günahkar hesab edirəm, Azərbaycan sərhədlərini pozmuşam.  Heç vaxt Azərbaycanlılara qarşı pis niyyətdə olmamışam. Rusiyada Azərbaycanlılarla dostluq etmişəm  Səhv etdiyim üçün məni bağışlayın".

Prosesdə təqsirləndirilən şəxslərin yalan danışdığını deyən zərərçəkmiş Famil Əliyev isə bildirib ki,  Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan müharibə bitəndən sonra da erməni hərbi birləşməsinin tərkibində olub və azərbaycanlı sirlərə işgəncələr verib: "1995-ci ilin may ayında ermənilər döyüşdə çox itki vermişdi, onların meyitlərini Şuşa həbsxanasında gətirdilər. Mkrtçyan da orda idi. Onda bizi amansızlıqla döydülər. İyun ayında Şuşada erməni zabitin toyu idi, bu da hərbçi kimi orda iştirak edirdi. Bunlara ermənilərin "ASALA"sı deyirdilər. Bunlar azərbaycanlılara xüsusi işgəncə verən kimi hörmətli hərbçilər idi". 

Zərərəçəkmiş Cavid Hüseyn isə deyib ki, 1995-ci ilin mart ayının 21-də Şuşa türməsində onun gözünün çıxarılması prosesində Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan iştirak ediblər: " Qarik mənim gözümü çıxaranda mənim əllərimi divara Mkrtçyan və Xosrovyan bağlayıb. Həmin vaxt bunlar ikisi də türmədə bizə işgəncə verirdilər". 

Daha sonra hakimlər sənədlərin tədqiqi mərhələsinin başlandığını elan edib. 

Növbəti proses iyulun 14-də davam edəcək.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top