Zəngəzur dəhlizinin açılması qaçılmazdır

GÜNDƏM 06 iyl 2021, 17:21
Çinin Azərbaycandakı səfiri Quo Minin “Zəngəzur dəhlizi “Bir kəmər, bir yol” layihəsinə töhfə verəcək” sözləri Ermənistanda əməli-başlı ajiotaj yaradıb. Erməni mediası dərhal Çinin bu ölkədəki səfiri Fan Yuna mikrofon tuşlayıb ki, Azərbaycandakı səfir bu sözü deyibmi? Yun isə bildirib ki, səfir Min birbaşa “Zəngəzur dəhlizi”ndən danışmayıb. Əslində Fan Yunun belə deməsi təəccüblü deyil, çünki onun işi səfir işlədiyi Ermənistanda erməniləri qıcıqlandırmamaqdır. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bəyan edib ki, erməniləri narahat edən məsələ dəhlizin olması yox, bunun məhz “Zəngəzur dəhlizi” adlandırılmasıdır. Onun sözlərinə görə, hərçənd, ermənilərlə yanaşı, rusların da narahatlığı var:

“Əks təqdirdə “Sputnik Armenia” saytı səfir Fan Yunun sözlərinə istinadən bu məsələyə geniş məqalə həsr etməzdi. Bu media resursu Ermənistanın maraqlarının ruporu olsa da, heç də Paşinyan hakimiyyətinə yaxın deyil. Görünür, “Zəngəzur dəhlizi” ilə bağlı Bakı və Ankaraya qarşı hücum xarakterli məqalənin sifarişi də Moskvadan gəlib”. 

Analitikin qənaətincə, Bakı və Ankara nəqliyyat kommunikasiyasının Zəngəzur dəhlizi olaraq qəbul edilməsinə nail olur:

“Naxçıvanı Azərbaycanla birləşdirən kommunikasiyanın Zəngəzur dəhlizi olaraq qeyd olunduğu ilk rəsmi sənəd Şuşa Bəyannaməsidir. Prezident İlham Əliyev də bildirmişdi ki, artıq beynəlxalq müstəvidə bu dəhlizin adı məhz Zəngəzur dəhlizi kimi təsbit edilib. Quo Minin “Zəngəzur dəhlizi” deməsi də bunun təsdiqidir. Kommunikasiyanın “Zəngəzur dəhlizi” adlandırılması Zəngəzurun Azərbaycanın tarixi torpağı olduğu faktının beynəlxalq siyasətin leksikonuna daxil edilməsidir. Ermənilərin də narahatlığı təsdiq edir ki, artıq “ox yaydan çıxıb”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top