Deputat: "Ermənilərin Oxçuçayda törətdiyi ekoloji terror yolverilməzdir"

GÜNDƏM 06 iyl 2021, 15:16
“Oxçuçayın çirkləndirilməsi ekoloji cinayətdir. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Qarabağda mədəni irsə, tarixi abidələrimizə, o cümlədən ekologiyaya çox böyük zərər verib. Faktiki olaraq 54 min hektara yaxın meşə ərazisi onlar tərəfindən məhv edilib”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəmməliyev deyib.

O, Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsinin beynəlxalq məsələ olduğunu vurğulayıb:



“Ekoloji problem hansısa dövlətin milli məsələsi hesab oluna bilməz, bu, ümumbəşəri problemdir və dünya ictimaiyyətini narahat edən məsələdir. Ermənilərin Oxçuçayı, Arazı çirkləndirməsi yeni hal deyil, əvvəllər dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan hökuməti beynəlxalq təşkilatlara müraciət edib. Təəssüflər olsun ki, bir ağacın kəsilməsinə, kiçik ekoloji zərərlərə belə sərt reaksiya göstərən, SOS siqnalı verən “Yaşıllar” hərəkatı, Avropa təşkilatları bu məsələdə biganəlik, soyuqqanlılıq göstərdilər. Fakt ortadadır, Oxçuçay Ermənistan ərazisində mis yataqlarının istismarı nəticəsində, dağ-mədən sənayesinin çirkab suları ilə çirklənməyə məruz qalır. Ermənilərin Oxçuçayda törətdiyi ekoloji terror yolverilməzdir. Oxçuçay Arazın bir qoludur və ona tökülür. Nəticə etibarı ilə Araz çayı da çirklənir. Araz isə Azərbaycanla yanaşı İranın da istifadəsindədir. İran da Arazın bu cür çirkləndirilməsi, ağır metal qalıqlarının ora axıdılması ilə bağlı Ermənistana öz etirazlarını bildirib. Lakin etirazlarla, bəyanatlarla iş bitmir, bu məsələdə həm Azərbaycan, həm də İran tərəfindən çox ciddi, təsiredici siyasət həyata keçirmək lazımdır”. 

Oxçuçayda yaranan vəziyyətdə Almaniya şirkətinin yaxından iştirakının təsdiq edildiyini bildirən deputat sözügedən ölkənin bu məsələ ilə bağlı lazımi addım atmasının zəruri olduğunu qeyd edib:

“Almaniya hökuməti tərəfindən bu məsələdə məqsədyönlü siyasətin aparıldığına inanmıram. Ancaq həmin ərazidə Almaniya şirkətinin çalışdığı və bu prosesdə iştirak etdiyi təsdiq olunub. Almaniya şirkətlərinin Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji çirkləndirmədə bilavasitə iştirak edir. Yaxşı olardı ki, bu məsələlərdə həssas dövlət olan Almaniya indi də öz prinsipiallığını göstərsin. Biz indi də ikili standartların əlamətlərini görürük. Çalışmalıyıq ki, bu məsələ hüquqi müstəvidə faktlarla sənədləşdirilsin. Bundan sonra məsələni beynəlxalq məhkəmələr və bu xüsusda fəaliyyət göstərən təşkilatlar qarşısında qaldırmalıyıq. Ermənilərin həyata keçirdiyi ekoloji terror beynəlxalq səviyyədə sübut olunsun və onların ekoloji normalara əməl etməsini tələb edək”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top