Köhnə avtomobil sürənlərə pis xəbər: Yeni qadağalar gəlir

SOSİAL 05 iyl 2021, 23:18
"Köhnə avtomobillərin utilizasiyası Azərbaycanda qəbul edilmiş dövlət proqramında nəzərdə tutulan bir məsələdir. Dövlət başçısının 2018-ci ilin dekabrın 27-də imzaladığı “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qeyd olunub ki, istismar dövrünü başa vurmuş, ekoloji cəhətdən diskomfort yaradan, ətraf mühiti çirkləndirən və insanları narahat edən avtomobillər sıradan çıxarılmalıdır. Çünki onlar istismar müddətini başa vurub, texniki parametrləri qaydasında deyil. Onlarla bağlı ciddi ölçü götürülməlidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

Ekspert qeyd edib ki, yol nəqliyyat hadisələri təhlil edilərkən avtomobillərin texniki parametrləri də nəzərə alınır: “Bu parametrlərin qaydasında olmaması yol hərəkəti təhlükəsizliyi baxmından bir problemdir. Nasaz avtomobil qəzaya düşəndə orda ölüm halları və xəsarət riski daha çox olur. İnsanların sağlamlığı ilə yanaşı ətraf mühitə də daha çox ziyan dəyir. Gec-tez biz köhnə avtomobillərdən yaxa qurtarmalıyıq. Artıq bununla bağlı dövlət proqramı qəbul edilib”.

E.Muradlı bildirib ki, yeni avtomobillərin əldə edilməsi üçün yeni imkanlar yaradılmalıdır: “Dövlət Gömrük Komitəsi indi razılığa gəlib ki hibrid avtomobillərə güzəştlər edilməlidir. İndi dövlət səviyyəsində bu istiqamətdə müsbət fikirlərin şahidi oluruq.

Bəli, avtomobil parkının yenilənlənməsi üçün müəyyən bir güzəştləri tətbiq etmək lazımdır. Hibrid avtomobillərə maraq var. Onu ölkəyə gətirənlər də var. Amma gətirəndə bəlli olur ki, rüsum avtomobilin qiymətindən bahadır. İnsanları da çaş-baş salan bax budur. Necə olur ki, 6 min manata avtomobil alırsınız, amma onu 8-10 min manata gömrük qeydiyyatından keçirirsiniz? Problem burdadır.

Gömrük prosedurları sadələşdirilməlidir, əlavə dəyər vergisi və aksiz vergisi azaldımalıdır. Bunlar edilərsə, insanlar köhnə avtomobillərin utilizasiyasından narazı olmayacaqlar. Sınıx-salxaq da olsa, onun ümid yeri o maşındır. O avtomobili onun əlindən almaq sosial problemlərə gətirib çıxaracaq. Köhnə avtomobillərin qarşılığı ya maddi formada olmalıdır, ya da güzəştli kredit şərtləri ilə onun ili yeni olan avtomobil almasına şərait yaratmaq lazımdır. Hibrid və elektrik avtomobillərə edilən güzəştlər bu gün qane edici vəziyyətdə deyil. Hibrid avtomobillərə ümumiyyətlə güzəşt yoxdur. Elektromobillərə isə avtomobilin qiymətinin 15 faizi dəyərində rüsum tələb edilir. Yəni 100 min manata elektromobil alıb gətirirsinizsə, 15 min manat rüsum şəkilində ödəməlisiniz. Amma bu böyük rəqəmdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top