Baku TV-nin “Qarabağ xronikası” erməni generalının istefasına səbəb oldu — VİDEO

QARABAĞ 05 iyl 2021, 17:10
Baku TV-nin efirində yer alan tanınmış “Qarabağ xronikası” layihəsinin iyunun 29-da efirə gedən “Azərbaycana “buynuz göstərən” erməni generalı” başlıqlı 36-cı buraxılışı məşhur erməni generallarından birinin istefaya göndərilməsi ilə nəticələnib. 

İyunun 27-də ermənilər tərəfindən Tovuz rayonu istiqamətində atəşkəsin pozulmasının pərdəarxası məqamlarına həsr olunan həmin buraxılışda bu hadisənin erməni generalı, KTMT-nin eks-katibi Yuri Xaçaturovun oğlu, Ermənistan Müdafiə Nazirliyinin Tavuş rayonunda dislokasiya olunmuş 3-cü ordu korpusunun komandiri, general-mayor Qriqori Xaçaturovun şəxsi təşəbbüsü ilə həyata keçirildiyi bildirilmişdi. 

Görünən odur ki, verilişdə hadisənin səbəb-nəticə əlaqəsinin məntiqi izahı təkcə “Qarabağ xronikası”nın daimi izləyicilərinin deyil, Ermənistanın hazırkı rəhbərliyinin də diqqətini cəlb edib. 

Nəticədə, bu gün – iyulun 5-də müxalif “Ermənistan” blokunun üzvü Artur Kazinyan özünün sosial şəbəkə səhifəsində 3-cü ordu korpusunun komandiri, general-mayor Qriqori Xaçaturovun ordudan tərxis olunduğu, onunla hərbi xidmət müqaviləsinin uzadılmasından imtina edildiyi barədə xəbər yayıb. Kazinyan bunun hökumətin Qriqori Xaçaturovu cəzalandırmaq məqsədilə etdiyini yazıb. 

“Onu Azərbaycan agentini (Paşinyan nəzərdə tutulur – red.) istefaya səslədiyi və Tavuş vilayətində əraziləri düşmənə vermək barədə əmrə tabe olmadığı üçün cəzalandırıblar”,- Kazinyan bildirib. 

Qeyd edək ki, “Qarabağ xronikası”nın sözügedən buraxılışında da general Qriqori Xaçaturovun elə məhz cari ilin mart ayında erməni baş naziri istefaya çağırması və Paşinyanın əmrlərinə tabe olmamaqla ona qarşı düşmənçilik siyasəti yürütdüyü barədə danışılırdı. 



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top