Ermənistan vətəndaşı Qarabağda silahlı birləşməyə qoşulmasından peşman olduğunu dedi — MƏHKƏMƏ

KRİMİNAL 02 iyl 2021, 17:10
Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan erməni silahlı dəstə üzvləri – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərdən Arutyunyan Varazdat ifadə verib.

O bildirib ki, hərbi hissədə silahlanıblar və daha sonra Xocavənd rayonunun ərazisinə gətiriliblər. Qeyd edib ki, onların heç biri oranın adını bilməyiblər: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını biliblər. Bizə demişdilər ki, Ermənistanla sərhədləri qoruyacağıq. Biz orda ancaq müşahidə aparmışıq".

 Digər təqsirləndirilən Serop Avakyan bildirib ki, onu hərbiyə çağırıblar: "Amma mən getmədim. Sonra hərbi polisdən zəng etdilər. Mən də hərbiyə getdim. Orada mənə dedilər ki, Ermənistanla sərhəddi qoruyacağıq. Həmin gün biz Laçına getdik.  Sonra posta qalxdıq. Orada olan digər erməniləri əvəz elədik. Orada dekabrın. 13-dək qaldıq. Həmin gün bizə xəbər gəldik ki, aşağı düşək. Bizi ruslar və ermənilər qarşılayacaqdı. Aşağı düşəndə nə rusları, nə də erməniləri gördük. Qərara gəldik ki, özümüz Ermənistana tərəf yollanaq. Yolda Azərbaycan əsgərlərinə rast gəldik. Onlar bizə dedilər ki, silahlarımızı təhvil verək".

Təqsirləndirilən Qriqor Kureqyan Azərbaycan ərazisində silahlı birləşmənin tərkibində iştirak etdiyi üçün peşman olduğunu söyləyib. 

Hakim bildirib ki, ittiham aktı üzrə təqsirləndirilən şəxslərin dindirilməsi başa çatıb. Hakim daha sonra şahidlərin dindirilməsi ilə prosesin davam etdiyini qeyd edib.

Daha sonra prosesdə şahidlər ifadə verib. Hakim deyib ki, iş üzrə iki şahid var, onların da dindirilməsi başa çatdırılıb.

Növbəti proses iyulun 6-da davam edəcək.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top