Əli Həsənovun dövründə oliqarxlaşmış bəzi baş redaktorlar media islahatlarına qarşı... — YAZI

GÜNDƏM 02 iyl 2021, 15:39
Medianın İnkişafı Agentliyi onlayn və çap media subyektləri arasında keçirilən müsabiqənin nəticələrini açıqladı. Qaliblərin siyahısı çox şeydən xəbər verir və çox nəsnələri gün üzünə çıxardı.

Siyahıya nəzər yetirdikdə açıq şəkildə görünür ki, artıq media siyasəti əvvəlki kimi deyil və dövlət dəstəyinin bölüşdürülməsində ədalət prinsipi əsas götürülüb.

Qalib gələn saytlar bir neçə kateqoriya üzrə fərqlənir:

- Maraq qruplarına bağlı deyillər.

- Mövcud imkanları zəifdir, əlavə gəlir yerləri yoxdur, yaxud hansısa qruplar tərəfindən maliyyələşmir.

- Böyük potensiala sahibdirlər, istər xəbər istehsalında, istərsə də dövlət maraqlarının müdafiə olunmasında xüsusi dəsti-xəttə sahibdirlər;

- Əsasən kiçik büdcə ilə ayaqda dayanmağa çalışırlar;

MEDİA-nın əsas prinsipi də məhz dövlət dəstəyinin ədalətli bölünməsidir. Bu siyahı da göstərdi ki, kifayət qədər imkana sahib, villaları olan oliqarx media rəhbərlərinin dövrü bitib.

Bu gün media cameəsində kimin kim olduğunu, kimlərin haradan və necə maliyyələşdiyi, hansı formada işlədikləri bəllidir. Əgər siyahıda kifayət qədər imkanı olan olqarx media resursları yer alsaydı, heç bir yenilikdən və ədalətdən danışmaq olmazdı. Amma MEDİA bu prinsipə xüsusilə diqqət yetirdi və dövlətin ayırdığı dəstək oliqarx mediaya deyil, məhz ehtiyacı və potensialı olan media resurslarına yönəltdi. Siyahı bunun açıq nümunəsidir.

Siyahı bundan sonra media sahəsindəki mənzərəni də özündə əks etdirir.

Artıq oliqarx media rəhbərlərinin dövrü bitib və maddi imkanı olmayan, lakin böyük potensiala sahib, dövlətin, cəmiyyətin maraqlarını üstün tutan saytlar dövlət dəstəyindən yararlanır. Bu dəstək həmin saytlara ciddi islahatlar həyata keçirməyə imkan verir.

Bu siyahı həm də üzdə dövlətin maraqlarını müdafiə edən kimi davranan, əslində şəxsi və qrup maraqları üçün çalışan, Əli Həsənovun dövründə oliqarx olan və cənab Prezidenti təhqir edən təkəbbürlü media rəhbərlərini da ifşa etdi. Hər kəsə yaxşı bəlli olan bu şəxslər bu gün yenə də dövlət başçısının siyasitinə qarşı çıxır, onun sərəncamı ilə yaradılan MEDİA agentliyinin fəaliyyətini məqsədli şəkildə boykot etməyə çalışırlar. Çünki belələri üçün dövlətin maraqları, Prezidentin siyasəti yox, öz şəxsi ambisiyaları əsasdır.

Bir daha məlum oldu ki, belələrinə əsla etibar etmək olmaz. Dövləti bir dəfə satan, yenə satacaq. Bu artıq onların xarakterində, xislətində var. Onların əsl amalı media təəssübkeşi, yaxud medianın inkişafı deyil, yenə də hökmranlıq etmək, pul, var-dövlət, bahalı villalar, maşınlar əldə etməkdir. 

Dövlət belələrini birdəfəlik iflic etməlidir ki, virusdan tamam xilas olsun. Əks təqdirdə media sahəsində həyata keçirilən islahatlara qarşı daim maneələr yaradılacaq, Prezidentin həyata keçirdiyi siyasət sabotaj olunacaq. Məhz MEDİA-nın son siyahısına qarşı aparılan qara piar kampaniyası bunu bir daha sübut etdi.

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top