Sanator tibb müəssisələrində nöqsanlar aşkar edildi


SOSİAL 29 iyn 2021, 13:29
Səhiyyə Nazirliyi sanator tibb müəssisələrində keçirilən monitorinqlər barədə məlumat verib.

Demokrat.az xəbər verir ki, nazirliyin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova monitorinqlər zamanı bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığı, həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanların aşkar edildiyini deyib.

O qeyd edib ki, aşkar olunan nöqsanlarla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib: "Eyni zamanda aparılan monitorinqlərin nəticələri Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər həyata keçiriləcək".

Nazirlik rəsmisi əlavə edib ki, əksər sanatoriyalarda ümumi vəziyyət qənaetbəxş olub: "Nəzərinizə çatdırım ki, Somatik Sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir, məsələn Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər. Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüz yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik prosedurladan, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. Valideynlərin nəzərina çatdırmaq istərdim ki, xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə Sanatoriyalarda müalicə ala bilərlər".



Xatırladaq ki, Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var, bunlardan 3 vərəm, digərləri somatik tipli sanatoriyalardır.

1. 7 nömrəli Uşaq Nevroloji Sanatoriyası

2. 3 saylı Uşaq Vərəm Sanatoriyası

3. 5 saylı Uşaq Vərəm Sanatoriyası

4. 4 nömrəli Uşaq Somatik Sanatoriyası

5. 1 nömrəli Uşaq Somatik Sanatoriyası

6. 6 nömrəli Uşaq Somatik Sanatoriyası

7. 5 nömrəli Uşaq Somatik Sanatoriyası

8. 3 nömrəli Uşaq Somatik Sanatoriyası

9. Respublika Uşaq Sanatoriyası

10. Sanator-Kurort Reabilitasiya Mərkəzi

11. Prof.Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top