Deputat: “Azərbaycanın yaratdığ reallıqlarda Ermənistan küncə sıxılmış dövlət statusundadır”

GÜNDƏM 29 iyn 2021, 11:40
“Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı keçirilən tədbirdə çox maraqlı məqamlara toxundu. Prezident həm indiyədək görülən işlərlə bağlı məlumat verdi, həm də bütün sahələrdə, xüsusilə də hərb sahəsində görüləcək işlərin yol xəritəsini göstərdi. O, çıxışı zamanı Ermənistan və dünya təşkilatları, dövlətləri üçün mesajlar verdi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Azərbaycan prezidentinin irəli sürdüyü şərtlərə toxunan deputat vurğulayıb ki, Ermənistan müsbət əməli addımlar atmaqda gecikməməlidir:

“Prezident qəti şəkildə bildirdi ki, Ermənistan Dağlıq Qarabağ məsələsi, konflikti ifadəsini işlətməkdən imtina etsin. Artıq nə belə problem, nə də belə məkan anlayışı var. Bu məsələ Azərbaycanın xeyrinə bitib, beynəlxalq hüquq və ədalət bərpa olunub. Artıq Ermənistan yeni yaranmış reallıqları qəbul etməli və ona uyğun hərəkət etməlidir. Yeni yaranmış mənzərə onu deməyə əsas verir ki, Ermənistan bütün qonşuları ilə əlaqələrini bərpa etməlidir. Həmçinin Azərbaycan və Türkiyə ilə bağlı ərazi iddialarından əl çəkməlidir. Ermənistan yeni proseslər çərçivəsində atılacaq addımlarda bölgə dövlətləri ilə birlikdə müsbət mesajlar verməli, əməli işlər görməlidir. Ermənistanın qarşısında duran ilk vəzifə sərhədlərin delimitasiyası və demarkasiyası prosesində ədalətli şəkildə iştirak etməkdir. Sərhədlər müəyəynləşdikdən sonra sülh müqaviləsi imzalanmalı və Ermənistan rəhbərliyi yalnız müsbət fikirlərlə diqqətə gəlməlidir”.
 
Deputat vurğulayıb ki, münasibətlərin normallaşması çərçivəsində Zəngəzur dəhlizinin açılması Azərbaycanın Ermənistan üçün yaratdığı tarixi fürsətdir:

“Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan, Türkiyə və digər bölgə dövlətlərinə deyil, Avropa, Asiya ölkələrinə həm geosiyasi, həm də geoiqtisadi üstünlüklər qazandırır. Bu üstünlüklərdən Ermənistan da yarana bilər. Dövlətin həm hərbi-siyasi rəhbərliyi, həm xalqı bunu anlamalı və Azərbaycanın jesti kimi qəbul etməlidir. Azərbaycan Ermənistana ən böyük jestini müharibədən əvvəl edirdi, onlarla danışıqlar masasına otururdu. Azərbaycanın onlarla məsələləri müzakirə etməsi, sülh, danışıq yolunu seçməsi Ermənistan üçün böyük güzəşt idi. Amma onlar bu güzəşti anlamadılar, yararlana bilmədilər. Azərbaycan yenə Ermənistana böyük jest edir, fürsət yaradır. Yeni yaranmış həm siyasi, həm iqtisadi reallıqlardan yararlanmağa çağırır. Bu, Ermənistanın yeganə çıxış yolu ola bilər. Azərbaycanın yaratdığ reallıqlarda Ermənistan küncə sıxılmış, heç kimə lazım olmayan dövlət statusundadır. Əhali sürətlə ölkəni tərk edir, ölkədə iqtisadi çöküş davam edir. Ermənistan ordusu deyə anlayış yoxdur, ordunun yenidən qurulması üçün heç bir pozitiv reaksiyalar da yoxdur. Prezident çıxışında çox vacib məqama toxundu, Azərbaycan Ordusunun inkişafı dayanmayacaq, yeni silahların alınması, hərbi müqavilələrin bağlanması prosesi davam etdirilir. Ordu müasirləşir, təkmilləşir. Dünyada olan hərbi yeniliklərin hər birini Azərbaycan öz Ordusuna tətbiq edəcək. Biz durmadan inkişaf edirik və edəcəyik. Ermənistan bunları anlamalı, düzgün dəyərləndirməlidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top