Qarabağı bildik, bəs Bakıdakı "mina"lar? — Azərbaycanın içinə atılmış sosial media "bombaları..."


SİYASİ 21 iyn 2021, 12:11
Qarabağa döşənmiş minaların xəritələrini Ermənistandan tələb edirik,  bəs Azərbaycanın içinə döşənmiş - bu dəfə insanın yox, dövlətin ayaqlarının kəsilməsinə hesablanmış “mina”ların xəritələrini kimdən tələb edək?

Ay qardaş, biz, kabab fəlsəfəsinin böyük inkişaf yolu keçdiyi, qarın ideologiyasının böyük təşəkkül tapdığı bir ölkədə yaşayırıq və elə buradan danışırıq da! “Quzunu kabab”, “gilası mürəbbə” görənlərin (Ramiz Rövşən) yurdunda oturub nə ciddi laqqırtı vururuq!? Onsuz da bu ölkədə pafosun dibinə qədər yeritdiyi reallıqlar, aciz və əyninə mini “yubka” geydirilmiş həqiqətlər, zorlanmış əxlaq etalonları var.

Nədir, qalstuklular - bu dövlətin sütunlarını, əxlaqını, ideologiyasını, idarəçiliyini qoruyanlar, quranlar kabab və qarın “ideoloqlarına” məğlub olmaq fikrindədirlər? Axı nəyə görə!? Sosial şəbəkələrə yerləşdirilən daha təhlükəli “mina”lar - “müxalif” səhifələr, yutub kanallar nəzarətdən çıxır? Ölkənin daxilində sosial “mina”lar basdırmaq nəyə lazım idi? Daha sözə baxmırlar? Yoxsa məmurları o qədər söyüblər ki, artıq növbə də qurtarıb, söyüləsi, adına şəbədə qoşulası məmur da qalmayıb?

Anlayıram, məqsəd həm də xaricdəki “davaro”ların ətrafına yığılan kütlənin narazı baxışlarını bura fokuslamaq idi. Uğursuz və mövsümi layihələr idi, deyə bilərikmi? Pafos və vətənşüvənlik altında qarınamı qulluq edirlər?

Hay-həşir salır bəzən bu sosial “mina”lar... Ki, Hökumət “Facebook”u Azərbaycanda bağlayacaq?! Bağlamayacaq, a kişi! Müxalifətçilərindən, etirazçı və inkarçı şəxslərindən tutmuş adi narazı süpürgəçiyə qədər hər kəs “Facebook”da məmurları, söyə, hətta “döyə” də bilir. Bir məmurun fotosunu paylaşır, altından ağzına gələni döşəyir, laykları, şərhləri çoxalır, dərhal telefonu götürüb dostuna zəng edir:

- Gördün necə cırdım filan məmurun ağzını, hamı söyür indi onu...

Sabah “Facebook” olmasa, bu bədbəxt və vedrəbaş bixəbər öz etirazını harda edəcək? Məmurları, hökuməti harda, necə söyəcək? Küçədə, çayxanada, prospektdə, nazirliklərin qabağındamı? Elədir! Amma indi yorğan-döşəyini də götürüb rahat oturub da “Facebook”da! 

İlham Əliyevi açıq müdafiə edənlər olur yaltaq, əli hökumətin cibində olan şarlatan “müxalif” jurnalistlər olur “azad və müstəqil” media təmsilçiləri!?

Nədir, bütün jurnalistlər imtiyaz almaq, adam yerinə qoyulmaq üçün onlar kimi “müxalifətçilik” etməlidirlərmi? Hökuməti söyməsən, sənə dəyər verməyəcək?

Əlqərəz, bu ölkədə yaxşı məmurlar da çoxdur, necə ki illərlə xalqın malını dədə malı kimi talan edən məmurlar var. Belələrinin söyülməsinin yox, öldürülməsinin də tərəfdarıyam.

Amma... Məmur var ki, sən onu söyməklə bu dövlətin özünü söyürsən! Tüpürürsən bu dövlətin üzünə, dalına təpik vurursan, barmaq uşağı edirsən o boyda adamı! Niyə axı? Xalqdan müvəqqəti alqış almaq, həqiqi “müxalifətçi” kimi görünmək üçün? Kimdir axı sizi belə toxunulmaz edən?

Dövlət addım atmaq istəyir, amma dərhal sosial şəbəkələrin səhifələrində, yutub kanallarda linç olunur! Dövləti linç edirlər!

Dövlət müharibənin fəsadlarını aradan qaldırmaq istəyir, ancaq müharibənin fəsadlarını sosial şəbəkələrdən bütün dünyanın gözünə fışqırırlar. Nə olub a kişi, söyüb pul aldığınız məmurların sayı qurtarıb? Hər kəs öz işini görsün də! Sizin işiniz “azad və müstəqil media" nümayəndəsi adı altında məmurları söyüb pul yığmaqdır da!

Kimin əlində telefon varsa, olur potensial jurnalist, taksi sürücüləri də özünə yutub kanal açır və bu gün ölkənin “ən çox baxılan yutub kanalları”ndan birinin sahibinə çevriliblər. Bunun üçün istedadlı, savadlı olmaq lazımdırmı? Xeyr! Sadəcə telefonu əlinə alırsan, bir ştativ qoyursan qabağına, arxaya da yaşıl parça çəkib başlayırsan hökuməti, məmurları söyməyə, “daxili düşmənlər”dən danışmağa! Kütlə də çəpik çalır! Tfu, lənətə gəlmiş demokratiya!

Dövlət addım atmalıdır, ortaya ideoloji iş, konsepiya qoymalıdır. Heç kəsi asmaq-kəsmək lazım deyil, sadəcə hər kəs həddini bilməlidir.

Dövlət təhdid və şantajlardan qaçmamalıdır. Guya bu ölkədə içi mən qarışıq bütün jurnalsitlər məmurları sevir? Amma içi mən qarışıq bu ölkədə Dövləti üçün açıq döyüşə bilən jurnalistlər də var!

Şər-böhtan, təhqir hazırda yutub kanalların əsas iş prinsipinə çevrilib. Təsdiqlənməmiş, heç bir əsası olmayan məlumatların efirdə səslənməsi, tirajlanması jurnalistin “hörmətini” qaldırırsa, dövlətin sütunlarını da baltalayır. Hünərin varsa, bir söz de onların əleyhinə, adamı linç edərlər.

Kütləyə istədiyini versək, indi hamımız çölün düzündə qalmışdıq, nə müstəqil Azərbaycan var idi, nə Qarabağ alınmışdı, nə də milli şərəf və ləyaqətimiz!

Bu kütləyə icazə versən, pandemiyada onlara 15 manatlıq ərzaq paylayan şou-biznes nümayəndələrindən özlərinə hökumət qayırararlar.

Asan olmayacaq, hələ bir müddət belə “Facebook” səhifələrinin, yutub kanalların müqaviməti ilə də üzləşməli olacağıq.  

Samir Feyruzov
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top