Ramin Məmmədov: "Bu tarixi sənədlə Azərbaycan-Türkiyə qardaşlığı müttəfiqliklə möhkəmləndirildi"

GÜNDƏM 17 iyn 2021, 17:15
"Bəyannamə qlobal və regional siyasətə təsir etmə baxımından əhəmiyyətlidir. Həmçinin "Şuşa bəyannaməsi" bölgədə təhlükəsizliyin təmin olunmasına töhfə verməklə gələcək nəsillərin firavan yaşamasında rol oynayacaq. Bu tarixi sənədlə Azərbaycan-Türkiyə qardaşlığı müttəfiqliklə möhkəmləndirildi". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan və Türkiyə arasında imzalanan "Şuşa bəyannaməsi"nin əhəmiyyəti barədə danışarkən deyib. 

O, bəyannaməni Azərbaycanla Türkiyə münasibətlərinin növbəti zirvəsi adlandırıb:

"Prezident İlham Əliyev bu bəyannaməni həm keçmiş tariximizə verilən qiymət, həm də gələcək nəsillərə ötürdüyümüz miras kimi dəyərləndirdi. Bu, bir daha göstərir ki, Azərbaycan və Türkiyə prezidentləri qlobal çağırışlarla dolu bir zamanda hər iki ölkənin inkişafı istiqamətində çox mühüm və kifayət qədər əsaslı bir sənədə imza atıblar. Sənədin preambulasına diqqətlə baxdıqda çox aydın şəkildə görünür ki, bəyannamə iki dost və qardaş ölkənin imzalanmış bütün beynəlxalq sənədlərə, həmçinin 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edir. 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutaraq imzalanmış "Şuşa bəyannaməsi" Azərbaycan və Türkiyə arasındakı münasibətlərə böyük töhfə verəcək, həmçinin hər iki ölkədə cəmiyyətin inkişafına müsbət təsir edəcək".

Deputat hər iki ölkə prezidentinin sənədə imza atması ilə regionda əməkdaşlığa və sülh şəraitinə çağırışlar etdiyini də vurğulayıb:

"Bu bəyannamə hər hansı üçüncü tərəfə qarşı yönələn bir müqavilə deyil. "Şuşa bəyannaməsi" beynəlxalq hüququn prinsip və normalarına, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsi üçün mühüm rol oynayacaq. Qarabağın inkişafına yönəlik addımlar, Azərbaycanın Cənubi Qafqazda, ümumiyyətlə, genişlənən coğrafiyada rolunun artması, bu coğrafiyada Türkiyənin qlobal güc kimi rolunun güclənməsini nəzərə alaraq deyə bilərik ki, ölkələrimiz arasında bu müstəvidə müttəfiqlik gələcəkdə də davam etdiriləcək. Düşünürəm ki, bu da xalqlarımızın mütərəqqi inkişaf prosesinin davam etməsinə kifayət qədər münbit zəmin yaradacaq".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top