Sahibkar mağazaya oğurluğu girən şəxsi qətlə yetirdi — Şok təfərrüat


KRİMİNAL 17 iyn 2021, 12:05
Tovuz rayonunda 1984-cü il təvəllüdlü Aftandil Sultanov onun mağazasına oğurluğu girən 1992-ci il təvəllüdlü Elnur Mehdiyevi bıçaqlayaraq öldürüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Aftandil yaşadığı Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisindəki evinin həyətyanı sahəsində yerləşən ərzaq mağazasına oğurluq məqsədi ilə daxil olan Elnuru mağazada quraşdırılmış təhlükəsizlik kamerasının evlərində qoşulu olan nəzarət monitorunda görüb. O, əsəbləşərək əmlakını talayan şəxsdən qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib.

Aftandil evdən çıxarkən əvvəlcədən yaşadığı evin girişindəki pilləkənin altında olan mətbəx bıçağını götürüb və mağazanın həyətə açılan qapısının qarşısına gəlib. O, həmin vaxtı mağazadan çıxan Elnur Mehdiyevi qarşılayıb və əlindəki bıçaqla onun ürək nahiyəsinə zərbələr endirib. Elnur Mehdiyev aldığı xəsarətdən hadisə yerindən bir qədər aralıda, Tovuz şəhərinin Əhməd Cavad küçəsindən keçən istifadəsiz su arxının içində ölüb.

İstintaq orqanı tərəfindən Aftandil Sultanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aftandil Sultanov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, yaşadıqları evin həyətində ərzaq mağazaları var: “Hadisə günü, saat 22 radələrində həyat yoldaşı ilə birlikdə evdə televizora baxmışıq. Övladlarım və anam isə həmin vaxt yatıblar. Yaşadığımız evin həyətində yerləşən mağazaya təhlükəsizlik kamerası quraşdırdığımdan həmin kameranın görüntülərinə də evimizin daxilində yerləşən monitor vasitəsilə baxa bilirik. Mağazanın iki qapısı var, bir qapısı yaşadığımız evin həyətinə açılır. Mağazaya müştəri gələndə biz həmin qapıdan mağazaya daxil olurlar. Mağazanın digər qapısı isə müştərilərin giriş-çıxışı üçündür və həmin qapı küçəyə açılır. Həyat yoldaşım ilə birlikdə evdə televizora baxan zaman həyat yoldaşım monitordan baxaraq gördüyü üçün mağazaya oğru girdiyini bildirdi. Özüm də evdə quraşdırılmış monitora baxanda mağazanın daxilində adam olduğunu gördüm. Sonra isə daimi qaldığımız evin birinci mərtəbəsindən çıxaraq evin ikinci mərtəbəsinə qalxan pilləkənin altından əvvəldən də orada olan və toyuq kəsmək üçün istifadə etdiyimiz mətbəx bıçağını hər ehtimala qarşı birdən mağazaya girən adamın üzərində bıçaq ola biləcəyi və mənimlə əlbəyaxa olan zaman özümü müdafiə etmək məqsədilə götürdüm”.

Aftandil Sultanovun sözlərinə görə, sonra isə əsəbi formada söyüş söyə-söyə mağazaya tərəf gedib: “Həmin vaxt mağazanın evin həyətinə açılan qapısından bir nəfər çıxaraq üzərimə doğru tullandı, sol gözümdən və sifət nahiyəmdən yumruq ilə vurduqda yerə doğru çöməldim. Həmin vaxtı özüm də bilmədən özümü müdafiə etmək üçün sağ əlimdə olan bıçaqla həmin şəxsi vuranda arxaya doğru yıxıldım. Sonra isə həmin şəxs evin həyətində olan hamama söykənən pilləkən ilə hamamın üstünə çıxdı, küçəyə tullanaraq Ə.Cavad küçəsi istiqamətində qaçdı. Mən də həmin adamı yaxalayaraq polisə təslim etmək üçün onun arxasınca qaçanda həyat yoldaşım qışqırdığı üçün evə qayıtdım. Həmin şəxsin isə hansı istiqamətdə getdiyini bilməmişəm. Evə qayıdaraq gəldikdən sonra kamera görüntüsünə baxmaq istəsəm də, şokda olduğum üçün baxa bilmədim. Mağazalarının küçəyə açılan qapısı həmin vaxtı bağlı olub. Evin həyətinə açılan qapısı isə həmişə açıq olub”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən zaman da evlərinin qapısı bağlı olub: “Həmin şəxs mağazaya evin həyətinə hasardan tullanaraq mağazanın həyətə açılan qapısından daxil olub. Evə gəldikdən sonra dostuma zəng etdim, ondan bizə gələrək kamera görüntüsünə baxmaq üçün köməklik etməsini xahiş etdim. Sonra dayım oğluna zəng etdim, ondan polis tanışları olduğu üçün mağazaya oğru girməsi barəsində onlara xəbər verməsini xahiş etdim. Sonradan isə dayım oğlu Xəyyamla iki nəfər polis əməkdaşı bizə gələrək kamera görüntüsünə baxdıqdan sonra həmin şəxsi tanıdıqlarını, onun özlərini də bezdirdiyini, həmin şəxsin bir neçə evə oğurluğa girdiyini deyib, onu axtarmağa getdilər. Polis əməkdaşları çıxıb getdikdən sonra yenidən kamera görüntüsünə baxanda həmin şəxs mağazaya təxminən 3-4 dəqiqə aralıqla iki dəfə daxil olduğunu gördüm. Birinci dəfə mağazaya daxil olub siqaret, kassadan pul, vitrindən isə 1 litrlik “Belıy Medved” arağı götürüb gediblər. Sonradan isə özüm həmin arağı əmim oğlu Elsevər ilə birlikdə evimizin qarşısında olan “park” dediyimiz yeri axtaranda oradan tapdıq. Həmin şəxs birinci dəfə mağazaya oğurluğa girib çıxıb ikinci dəfə yenidən 2-3 dəqiqə sonra mağazaya qayıdaraq kassadan qəpik götürəndə həyat yoldaşım onu monitorda görüb, ona mağazada oğru olduğunu dedi”.

Aftandil Sultanovun sözlərinə görə, polis əməkdaşları o yaşadığı evə gəlib və onu polis şöbəsinə aparıblar: “Polis şöbəsində də başıma gələn hadisəni onlara danışdım. Sonradan mənə məlum oldu ki, hadisə baş verən zaman onun əlində olan bıçaq sonradan adı ona məlum olan onun mağazasına oğurluq məqsədilə daxil olmuş Elnur Mehdiyevə dəyib və almış olduğu xəsarətlərdən Ə.Cavad küçəsindən keçən istifadəsiz su arxının içərisində vəfat edib”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aftandil Sultanovun əməli Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top