Batum müqaviləsindən başlanan və Şuşa müqaviləsi ilə yekunlaşan bu yolun bir ünvanı var...


GÜNDƏM 16 iyn 2021, 10:53
15 iyun 2021-ci ildə doğma Şuşamızda son bir ildə  ikinci böyük  hadisə baş verdi-Azərbaycan Respublikası ilə   Türkiyə Cümhuriyyəti arasında əhəmiyyətli müqavilə imzalandı(qeyd edim ki, birinci mühüm hadisə ötən ilin noyabrın 8-də olmuşdu və Şuşa erməni işğalçılarından azad edilmişdi).Azərbaycan Respublikası adından müqaviləni cənab İ.Əliyev, Türkiyə Cümhuriyyəti adından möhtərəm R.T.Ərdoğan imzaladılar.
   
Təbiidir ki, zaman keçdikcə bu müqavilənin tarixi, siyasi, iqtisadi, mədəni- kültürəl dəyərləri və beynəlxalq əhəmiyyəti haqqında araşdırmalar aparılacaq, tədqiqat işləri yazılacaq və s.
     
Əsas məqam odur ki, bu müqavilə imzalandı və hər iki dövlətin yaxın qardaşlıq münasibətində olduğu ciddi müddəalarla təsdiqləndi.Bu müqavilə ilə Azərbaycanın ərazi bütövlüyünün tam qorunması təminatı yaranır, Qarabağ bölgəsində kənar bir dövlətin hərbi və separatçı müdaxiləsinə, davranışlarına ciddi zərbə dəyir, sülh şəraitində yaşamaq istəyənlər üçün yeni perspektivlər açılır.
     
Müqavilənin imzalandığı məkan da çox düzgün seçilmişdi- ermənilərin xaraba qoyduğu binanın uçurulmuş divarlarının görüntüsündə hər iki dövlətin başçısı bütün dünyaya sülhün,  sakit şəraitdə yaşamağın vacibliyi mesajını göndərirlər.Sanki bu görüntülər və imzalanan müqavilə 30 ilə yaxın bu dağıntılara şərait yaratmış dövlətlərə “gəlin insanlara şərait yaradaq rahat yaşasınlar”-deyə çağırış edirdi.
   
Türkiyənin hər zaman bir  qardaş dövlət olaraq bizə dəstək olması yeni bir hadisə deyildir.Türkiyə Cümhuriyyəti ilə(o zaman Osmanlı dövləti adlanırdı) ilk rəsmi sənədimiz 1918-ci ilə aiddir.O dövrdə də yenicə müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti ciddi problemlər qarşısında idi-ərazimizin böyük bir hissəsi, Bakı şəhəri və ətraf bölgələr olmaqla ermənilərin və digər xəyanətkar qüvvələrin işğalı altında idi.Məhz həmin dövrdə qardaş Türkiyə dövləti yardım edib başda Nuru Paşa olmaqla Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi və torpaqlarımız işğaldan azad olundu.
 
Həmin hadisənin ümumi xronologiyası:
 
1918-ci ilin iyunun 16-dan Azərbaycan hökuməti Gəncəyə köçmüşdü. Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Şəhər S.Şaumyanın, az sonra isə “Sentro Kaspi” deyilən eserlərdən, daşnaklardan ibarət oyuncaq hökumətin əlində idi. Qarşıda duran problemlərdən ən başlıcası Bakının alınması idi. Bakı alınmadıqca Azərbaycanın varlığı şübhə altında qalırdı.
 
Gəncəyə Azərbaycan hökumətinin dəvətilə gələn Nuru Paşanın komandanlığı altındakı qoşun Bakıya hücuma hazırlaşırdı. 1918-ci ilin iyunun 4-də Azərbaycan hökuməti ilə Türkiyə arasında imzalanan anlaşmanın 4-cü maddəsinə görə (yəni Azərbaycanın Türkiyədən kömək istəmək haqqı) bu qoşunlar artıq Gəncədə yerləşirdi.

Əlavə edək ki, 1918-ci ilin iyunun 4-də Batumda  “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasındakı dostluq müqaviləsini Türkiyə dövləti adından Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz Cəbhəsinin Baş komandanı Vəhib Paşa, Azərbaycan hökuməti adından isə Xarici İşlər naziri M. H. Hacınski  və Milli Şuranın sədri M.Ə.Rəsulzadə imzalamışdılar. Azərbaycan respublikası nümayəndələrinin xarici ölkələrlə imza atdığı ilk sənəddə hər iki dövlətin – Osmanlı imperiyası və Azərbaycan hökuməti arasında “Siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlindiyi” bildirilirdi.

İmzalanan sənədin birinci maddəsi belə idi: “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında daima sülh və möhkəm dostluq olacaqdır”.
 
Həmin müqavilə tarixdə Batum müqaviləsi adlanır və Azərbaycanla Türkiyə arasında olan ilk sənəddir.
 
Azərbaycan hökuməti  ən ağır və çətin şəraitdə məhz həmin Batum  müqaviləsi əsasında türk qoşunlarını Azərbaycana dəvət etmişdi. Azərbaycanın görkəmli dövlət xadimi M. Ə. Rəsulzadə yazırdı: “Bütün Azərbaycan xalqının çarçeşmlə bəklədiyi ümidə tərcüman olan bu müraciətimizə Türkiyə heyəti – mürəxxəsəsi həman müvafiqət cavabını verdi”.

Bakıdakı xəyanətkar qüvvələr mühüm mərkəzi şəhər olan Bakını əldən verməmək üçün ciddi müqavimət göstərirdilər.Erməni xəyanətkarı S. Şaumyanın V.İ.Leninə göndərdiyi teleqramların məzmunundan aydın olur ki, Bakını əldən verməmək üçün hər xəyanətə əl atılırdı.

Göründüyü kimi, Bakının alınması həyati bir məsələyə çevrilmişdi. Milli qüvvələrin bu çətin anlardakı fəaliyyəti çox əhəmiyyətli idi.Onlar xalqımızın başı üzərindəki təhlükəni sovuşdurmaq üçün gecəli-gündüzlü çalışaraq, şəhərdəki “Sentro Kaspi” hökumətinin fitnələrini izləyir, onların hərəkətləri, harda yerləşmələri haqda türk ordusuna məlumat çatdırırdılar.
     
M.Ə.Rəsuloğlunun xatirələri bu mənada çox maraqlıdır: “Türk ordusu qərargahına xəritə, plan yetişdirmək üçün   bütün qüvvə ilə çalışılırdı. Hər gün dəniz və quru yolla türk ordusu qərargahı nəzdində bulunan arkadaşımız Abbas bəy vasitəsilə şəhərdəki əsgərlərin hərəkəti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər bu məlumatın sürətlə öyrənilməsinə heyrət edirdilər...” .
Nəhayət, 1918-ci ilin sentyabrın 15-də türk qoşunlarının kəskin hücumu ilə Bakı şəhəri alındı. Şəhərin alınması uğrundakı döyüşlərdə çoxlu qurbanlar verildi.
       
M.Ə. Rəsulzadə o günlərdə İstanbulda idi. O, yazırdı: “O dövrün Hərbiyyə naziri və Baş komandan vəkili olan Ənvər Paşa həzrətləri telefon edirdilər: 

- Əmin bəy, Bakı alındı! Bu qısa xəbərin məndə yaratdığı təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm”.

Dünən Şuşada hər iki dövlət arasında müqavilənin imzalanma mərasimində bütün Azərbaycan xalqı, eləcə də bizim hər birimiz həqiqətən unudulmaz tarixi məqamlar və duyğular yaşadıq.
 
Batum müqaviləsindən başlanan və Şuşa müqaviləsi ilə yekunlaşan bu yolun bir ünvanı var-Azərbaycanın müstəqil bir dövlət olaraq mövcudluğu, Türkiyə ilə Azərbaycanın qardaşlığı! 

Nəsiman Yaqublu
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top