Sumqayıt bulvarında kanalizasiya qoxusundan gəzmək olmur — VİDEO

SOSİAL 13 iyn 2021, 23:05
Sumqayıt sakinləri artıq 2 aydan çoxdur ki, Sumqayıt Bulvarı boyu dənizdən gələn üfunət- kanalizasiya qoxusundan normal istirahət edə bilmirlər. Bu səbəbdən nəinki qonaqlar, yerli sakinlər də bulvardan yan durmağa çalışırlar. 
 
Belə qoxulu yerə turist gələr?!


Sumqayıt İcra Hakimiyyətinin rəsmiləri dansalar da, pis qoxunun səbəbi dənizə Bulvardakı çoxsaylı obyektlərdən, yaxınlıqda tikilən çoxsaylı göydələnlərdən axıdılan kanalizasiya-çirkab sularıdır.

20-30 il əvvəl bu ərazi abad olmasa da, çoxsaylı zavodların fəaliyyət göstərməsinə baxmayaraq sahil çox təmiz idi, burada normal çimərliklər vardı.

Hazırda pis qoxudan başqa, bu ərazidə - dəniz sahilində əsl ekoloji faciə, fəlakət yaşanır.

İnsanlar bura gəlir ki, təmiz hava alsın, stressdən qurtulsun, əvəzində kəskin qoxu baş çatladır deyə burada gəzinti sözün əsl mənasında adamın "burnundan gəlir". 
 
Bulvara idman etmək, sağlamlıq üçün gələn adamlar da peşman olurlar. Əslində əvvəllər də ara-sıra sahildən pis qoxu gəlirdi, amma son zamanlar vəziyyət lap açınacaqlı duruma düşüb, kəskin qoxu davamlı xarakter alıb.
 
Gigeyena və Epidemiologiya Mərkəzinin Xəzərin sahillərində apardığı monitorinqlərin, həmçinin kimyəvi və bakterioloji analizlərin nəticələrinə əsasən, Sumqayıt çimərliyində çimmək rəsmən qadağan olunub.

Əslində, bunu görmək üçün monitorinqlərə, analizlərə əslində ehtiyac da yoxdur. Hər şey göz qabağndar. Bu səbəbdən bulvar boyu sahildə balıq ehtiyatı da tükənib. Sahil yosun çürüntüsü, tullantılarla, çirkabla  doludur ki, bu da adamda romantikadan çox uzaq hisslər yaradır.

Ərazidə demək olar  heç bir təmizlik işləri aparılmır.  Ara-sıra, ildə-ayda  bir dəfə formal xarakter daşıyan təmizlik aksiyaları keçirilir. 20-30 metr geri çəkilən dənizin bu hissəsində bioresurslar məhv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən mövcud acınacaqlı vəziyyətlə, pis qoxunun aradan götürülməsi ilə bağlı  bir tədbir görülməsini xahiş etsək də, nəticə yoxdur. Sumqayıt sahili boyu ekoloji vəziyyət artıq çoxdan "SOS" siqnalı verir.

Əgər bu pis qoxu elə yerli məmurlara məxsus olan bulvardakı obyektlərdən, şəhərdən tökülən çirkab sularından əmələ gəlmirsə, onda niyə bəs yaxınlıqdakı Novxanı ərazisində, qonşu sahil ərazilərdə, hətta Hacı Zeynalabdin qəsəbəsində bu cür pis qoxu gəlmir, su belə çirkab vəziyyətdə deyil!?

Səbəbsiz heç nə olmur.

Səbəb isə laqeydlik, icra hakimiyyətinin kanalizasiya sistemini, təmizləyici qurğularını düzgün qurmamasıdır. Məsələ ilə bağlı keçən ay yerli kanallardan birinin ərazidən hazırladığı reportajı da təqdim edirəm: 

Azər Muradov
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top