“Daxili İşlər Nazirliyi əsl demokratiya nümunəsi göstərdi” — Taleh Şahsuvarlı

MÜSAHİBƏ 09 iyn 2021, 14:05
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü, "Aznews.az" saytının rəhbəri Taleh Şahsuvarlı Demokrat.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
 
- Taleh bəy, iyunun 7-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkilərdə qalib gələn vətəndaş cəmiyyəti nümayəndələrindən biri də Sizsiniz. Təssüratlarınız necədir?
 
- Bəli, DİN yanında İctimai Şuraya seçilən 15 nəfərdən biri də mənəm. Ancaq bu seçkidə özümü qalib görmürəm ona görə ki, əgər belə yanaşsam, gərək seçilməyənləri də məğlub kimi dəyərləndirəm. Bu isə mənim dünyagörüşümə və DİN yanında İctimai Şuraya üzv olmaq motivasiyama ziddir. Mənim yanaşmama görə, bu seçkilərdə hər kəs qalibdir- Dövlət, DİN, vətəndaş cəmiyyəti, QHT-lər və nəhayət bütün vətəndaşlarımız. İnanın ki, bunu söz xatirinə, pafos olaraq demirəm, məsələnin mahiyyətində İctimai Şuraların fəlsəfəsi dayanır.
 
- Nədir o fəlsəfə?
 
- Biz post-sovet ölkəsiyik və sovet ənənələrini hələ cəmiyyət olaraq tam sındıra, arxada qoya bilməmişik. Sovet dövründə belə idi ki, xalq dövlətdən və hakimiyyətdən uzaq saxlanılırdı, xalqa, cəmiyyətə yönəlik istənilən layihə formal xarakter daşıyırdı. Açıq cəmiyyətlərdə isə, məsələ kökündən fərqlənir. Hər şeyi ən yaxşı və dərindən bilən təmsilçilər deyil, xalqdır, cəmiyyətdir. Cəmiyyət onun mənafeyinə xidmət etmək istəyən şəxslərə bəlli bir müddət üçün səlahiyyət verir. Deyir ki, mən sənə bu qədər vaxt üçün səlahiyyət verdim, buyur, mənim adımdan, mənim təhlükəsizliyim, azadlığım və maraqlarım üçün qərarlar çıxart, addımlar at. İctimai Şuralara ehtiyac bu məqamda yaranır. Çünki təmsilçilər, idarəçilər mandat aldıqdan sonra xalqdan qopmamalıdırlar. Belə olanda hegomoniya, korrupsiya, girəvəçiliyin ən müxtəlif formaları üçün zəmin yaranır. Ona görə də seçkilərarası dövrdə də qərarların qəbulunda vətəndaş iştirakçılığı xüsusi əhəmiyyət kəsb edir. İctimai Şuralar vətəndaş içtirakçılığının bir modeli olaraq mərkəzi və yerli dövlət qurumlarında, bələdiyyələrdə vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarət məşvərət müəssisələridir. İctimai Şuralar ona xidmət edir ki, dövlət qurumlarının qəbul etdiyi qərarlar daha çox vətəndaşın müzakirəsindən keçsin və cəmiyyətin ali maraqlarına uyğun olsun.
 
- Narahatçılıq da elə budur: Azərbaycanda bu ideya praktiki olaraq özünü doğruldacaqmı?

- Bu ideyanın özünü doğrultması üçün ciddi sıxıntılar, komplekslər, maneələr var. Çünki İctimai Şura üzvləri nə qədər nüfuzlu və peşəkar şəxslərdən ibarət formalaşsa da¸mühit olmayandan sonra faydalılıq əmsalı yüksək ola bilməz. Odur ki, bu mühiti formalaşdırmaq lazımdır və bunun üç tərəfi var. Birincisi, cəmiyyət, III sektor öz nümayəndələrini İctimai Şuralarda nə qədər dəstəkləyəcək? Onlara faktlarla, təkliflərlə, fəal vətəndaş mövqeyi göstərməklə nə qədər yardımçı olacaq? İkincisi, İctimai Şura üzvləri bu təşəbbüslərin reallaşması üçün nə qədər səmimi, dürüst və prinsipial olacaq? Gəlin etiraf edək ki, nəinki əvvəlki illərdə, hətta müxtəlif qurumlar yanında İctimai Şura seçkilərində də hər şeyi əvvəlki qaydada görmək istəyən tərəflər az olmayıb. Nəhayət, dövlət qurumları və bələdiyyələr özləri nə qədər şəffaf, hesabatlı və qərarların qəbulunda vətəndaşları fəal görmək istəyir? Çox təəssüflər olsun ki, buna psixoloji cəhətdən hazır olmayan strukturlar az deyil.
 
- Bəs, Daxili İşlər Nazirliyi necə, hazırdırmı?
 
- Bəli, hazırdır və bu, praktiki olaraq, doğrulandı.
 
- Necə doğrulandı?
 

- Diqqət etdinizsə, DİN yanında seçkilər ən gur və şəffaf seçkilər oldu. 240-dan çox vətəndaş cəmiyyəti nümayəndəsi seçici kimi, 40-dan çox iddialı şəxs isə namizəd kimi qeydə alınmışdı. Namizədlərin və seçicilərin qeydə alınması proseduru “İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə əsasən aparıldı. Bu prosesdə 300-dən çox şəxs birbaşa iştirak edib. Bu 300 adam içərisində bircə nəfər çıxıb deyə bilərmi ki, DİN İctimai Şuraya seçkilərdə “İctimai iştirakçılıq haqqında” qanunun tələblərini pozub? Təsəvvür edirsiniz, belə bir hal ümimiyyətlə yoxdur və baş verməyib! DİN rəhbərliyi vətəndaş iştirakçılığına və İctimai Şuraların formalaşması üçün vətəndaş cəmiyyəti nümayəndələrinə bütün imkanları yaratmaqla gözəl bir örnək ortaya qoydu, “şəffaflıqdan qorxmuruq, ictimai nəzarətdən çəkinmirik, kimin ictimai dəstəyi çoxdursa, seçilsin, birlikdə işləyək” mesajı verdi. Bu, əsl demokratiya nümunəsi idi.
 
- Ancaq bu seçkilərdə Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı kimi nüfuzlu hüquq müdafiəçiləri narazılıq sərgiləyərək seçkidən kənarlaşdılar. Bu, nə ilə bağlıdır?
 
- Azərbaycanda bir qism insan var ki, Novella xanımı “mənəvi ana” statusunda görür. O insanlardan biri də mənəm. Həm adlarını çəkdiyiniz, həm də çəkmədiyiniz- Çingiz Qənizadə, Əhməd Abbasbəyli həqiqətən də vətəndaş cəmiyyətində xüsusi yeri və rolu olan insanlardırlar, zəngin təcrübələri var. Mən bu məsələ ortaya çıxanda Novella xanıma zəng etdim və israrla bildirdim ki, əgər, sizin seçilməyiniz üçün gərək varsa, mən namizədliyimi geri çəkməyə hazıram. Ancaq Novella xanım and verərək bu addıma ehtiyac olmadığını bildirdi. Ümumilikdə isə, Novella xanımın və çevrəsinin etirazı qanuni mexanizmlərə, DİN-ə, DİN-in təşkil etdiyi seçki prosesinə yox,  ərk elədiyi vətəndaş cəmiyyəti nümayəndələrinə idi ki, siz öz təbliğatınızı yaxşı qurmaq üçün müəyyən addımlar atmısınız, amma bu barədə bizə bir söz deməməsiniz. Mən bu məsələyə qarışmaq istəmirəm, çünki bu Novella xanımın sırf şəxsi ərki ilə bağlı məsələdir. Novella xanımın yeri gələndə hamımızı danlamaq haqqı var. Ancaq bir daha deyirəm, bu etiraz DİN-ə, qanuni seçki mexanizminə və ictimai iştirakçılığa yaradılan şəraitə qarşı deyildi.
 
- Yazıçı Kəramət Böyükçöl də DİN yanında keçirilən İctimai Şuraya seçilən namizədləri tənqid edib. Bu tənqidə münasibətiniz necədir?
 
- Doğrusu, Kəramətin statusu kritikanın sərhədlərini aşır və həm buna, həm də dəlilsiz-sübutsuz olduğuna görə, tənqid sayıla bilməz. DİN yanında İctimai Şuraya üzv olmaq üçün ən aşağı səs toplayaraq keçən namizəd 44 səs toplayıb. Bu Azərbaycanda 44 vətəndaş cəmiyyəti təşkilatının 44 sanbalı nümayəndəsinin rəyi deməkdir. Bu nümayəndələrin hər biri vətəndaş cəmiyyətinin fəallarıdırlar, bəlli bir sahədə ixtisaslaşmış adamlardırlar. Bilirsiniz, kompetentlik və populyarlıq ayrı-ayrı anlayışlardır. Populyar adam kompetent, kompotent adam populyar olmaya bilər. Məsələn, Tükiyədə “Ciquli” adında akkordion çalan vardı, maqazin verilişlərinin sayəsində populyar olmuşdu. Bu o demək deyil ki, Ciqulu, məsələn, insan alverinə qarşı yaxşı uzmandır. DİN yanında İctimai Şuraya seçilən şəxslərin hər biri öz sahəsində uğur hekayəsi olan fərdlərdir. Məsələn, Əliməmməd Nuriyev Azərbaycanda ən yaxşı hüquqşünaslardan biridir, Mehriban xanım insan alverinə qarşı çox illik təcrübə sahibidir. Nadir Adilovun peşəkarlığına kimin şübhəsi var? Təvazökarlıqdan uzaq olsa da, kim mənim jurnalist və ictimai kommunkator kimi peşəkarlığımı şübhə altına ala bilər?  Sevda Məmmədli, Xalid Kazımov hamımızın tanıdığı qabiliyyətli insanlardırlar. Mətanət Əsgərqızı illərdir əsgər və şəhid ailələrinin problemləri ilə məşğul olur. Mahirə xanım insan alverinə qarşı koalisiyada önəmli fiqurlardan biridir. Tam səmimiyyətlə deyirəm ki, DİN-in İctimai Şurasında çox peşəkar insanlar cəmləşib. İctimai Şuranın vəzifələrindən biri də qanunların vətəndaşların maraqlarına xidmət edən şəkildə dəyişməsi üçün təkliflər hazırlamaq, təşəbbüslər göstərməkdir. Bu işi Azərbaycanda ən yaxşı bacaran insalardan biri həm hüquqşünas kimi, həm də parlament təcrübəsi ilə Əliməmməd Nuriyevdir. Ona görə də mən deyirəm ki, heç kim heç kimin İctimai Şura üzvü olmasına cəhd göstərməsinin qarşısını kəsməyib, seçici kimi fəallıq göstərməsinə mane olmayıb. Buyurub namizəd olaydılar, seçici olaydılar, əgər varsa, bizdən daha yaxşısını tapıb seçəydilər.
 
- İndi Siz deyirsiniz ki, Kəramət düz demir?
 
- Mən Kəramətin xatirini çox istəyən adamam. Sualda məqsəd bizim aramızda qarşıdurma yaratmaqdırsa, buna nail olmayacaqsınız. Kəramətin həmin statusunu mən qəbul etmirəm, bunu özünə də yazdım. Zənnimcə, hədəf heç mən də deyildim. Bütün hallarda məsələyə başqa prizmadan yanaşıram. Kəramət çox istedadlı və təşəbbüskar insandır. Mən çox istərdim ki, Kəramət Mədəniyyət nazirliyi yanındakı İctimai Şuraya namizəd olsun, mən də onu bu yarışda dəstəkləyim. Çünki mən əminəm ki, Kəramət dövləti və milləti sevən, cəmiyyətə faydalı olmaq istəyən bir imzadır. Artıq Mədəniyyət nazirliyində İctimai Şura üzvlüyünə namizəd göstərilməsi üçün müddət başa çatıb. Ona görə də sualı belə qoyuram: mən necə edə bilərəm ki, Kəramətin sosial şəbəkə resurslarından ictimai maraqlar naminə yaxşı istifadə edə bilək?  Bu baxımdan Kəramətin haqsız və provakativ statusu, əslində, yaxşı işlər görmək üçün bir fürsət yaradır. İnsanlarımız ictimai iştirakçılıq, İctimai Şuralar haqqında məlumatlı və inamlı deyil. Bu məlumatlılığı və inamı yaratmaq üçün Kəramətin ictimai rəyə təsir imkanlarından da düzgün istifadə etməyin tərəfdarıyam. Ümumiyyətlə, mən İctimai Şurada öz fəaliyyətimi qurarkən vətəndaş jurnalistikasının imkanlarından geniş yararlanmaq istəyirəm. Biz irəli addım atmaq üçün faktlardan, görüntülərdən, kimin tərəfindən səslənməsindən asılı olmayaraq, yaxşı təşəbbüslərin müzakirəsindən qaçmamalıyıq. Kəramətin “keys”i bu baxımdan “qarşı məhəllə” ilə kontakt yaratmaq üçün fürsət yaradır. Eybi yox, qoy, “qarşı məhəllə”nin sakinləri bizi bəyənməsinlər, amma ortaya yaxşı faktlar və təkliflər qoysunlar, biz də onları müvafiq dövlət qurumuna təqdim edək.
 
- Deyək ki, vətəndaşlarla yaxşı kommunikasiya yaratdınız, təkliflər formalaşdırdınız və İctimai Şurada müzakirəyə çıxardınız. Dövlət tərəfindən qəbul olunacaqmı?  
 
- Sual aktualdır, amma qoyuluşu düz deyil. Ona görə düz deyil ki, İctimai Şuraların xilaskarlıq missiyası yoxdur. Missiya sadədir: qərarların qəbulunda vətəndaş fəallığını və təşəbbüskarlığını artırmaq, maraqlar konfliktinin bütün tərəflərinin ictimai faydalı mənafelərini qorumaq. Bu məsələdə dövlət və dövlət qurumu qarşı tərəf deyil, mərkəzi aktyordur. İctimai Şuraların problemi çözmək üçün alətləri isə dialoq, əməkdaşlıq və inandırmadır. Biz DİN yanında İctimai Şura üzvləri olaraq hələ heç toplanmamışıq, bəziləri aləmi qatıblar bir-birinə, İctimai Şura ilə cəmiyyəti və dövlət qurumunu qarşı tərəf kimi göstərmək istəyirlər. Bu yanlışdır və bir daha deyirəm, qanunlardan, təmsilçi demokratiya sistemində vətəndaşlıq modellərindən bixəbərlik, savadsızlıqdir. Ancaq bu məlumatsızlığa, savadsızlığa görə, kimsəni qınamıram. Əksinə, bu streotipləri qırmaq üçün çox işləməliyik deyə düşünürəm. 
 
- Bu günlərdə kitab mağazasından kitab oğurlayan iki gənc polis tərəfindən saxlanıldı və ictimai qınaq yarandı. Sizin mövqeyiniz necədir bu barədə?
 
- Baxın, mağaza özəl mülkiyyət, kitab isə həmin mağazada əmtəədir. Özəl mülkiyyətin sahibi polisə müraciət edir, “mənim əmtəəmi oğurlayıblar” deyir. Polis, fərqi yoxdur kimdir, nə aparıb, özəl mülkiyyətə qanunsuz müdaxilə edənləri aşkarlamalı, saxlamalıdırmı? Bəli! Deməli, polis öz işinin öhdəsindən düzgün gəlib. Polis araşdırmalı deyildimi ki, həmin gənclər məhz kitab götürmək istəyib, yoxsa kitab mağazasında kassanı yarmaq kimi bir məqsədləri də olub? Polis lazımi araşdırma aparandan sonra saxlanılan şəxsləri məhkəməyə göndərib və məhkəmədə həmin şəxslər sərbəst buraxılıblar. Çünki oğurlanan əmtəənin maddi dəyəri həbs qətiimkan tədbiri seçilməsinə şərait yaratmır. Bütün hallarda burada mülkiyyətçi də, polis də, məhkəmə də haqlıdır. Amma eyni zamanda belə bir sual meydana çıxır: bizim gənclər nədən kitab oğurlayacaq, ümumiyyətlə, oğurlayacaq hala gəlir? Mən və digər həmkarlarım İctimai Şura üzvü olaraq dövriyyəyə bu sualla girəcəyik: necə edək ki, cəmiyyətimizdə oğurluq, xuliqanlıq azalsın? Bunun üçün hansı təsirli ictimai tədbirlər həyata keçirə bilərik? Bu zaman DİN, DİN-in vasitəsi ilə dövlət bizə nə kimi dəstək verəcək? “İctimai iştirakçılıq haqqında” qanunda göstərilir ki, İctimai Şuraların alətlərindən biri də sosioloji sorğulardır. Çox hörmətli Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi var. Bu mərkəzin xətti ilə biz Azərbaycanda gənclərin kriminala meyli ilə bağlı sosioloji tədqiatlar keçirə, həmin tədqiqat əsasında DİN-ə və DİN vasitəsi ilə hökumətə təkliflər paketi hazırlaya bilərik. Şəxsən mən bu kimi işləri görmək üçün DİN-in İctimai Şurasına üzv olmuşam və nazirliyin, nazir Vilayət Eyvazovun, İctimai Şuradakı həmkarlarımın və bütövlükdə vətəndaş cəmiyyətinin bu cür mütərəqqi təşəbbüsləri dəstəkləyəcəyinə inanıram. DİN tilsimi sındırıb, cəmiyyətə mesaj verib ki, təşəbbüskar olun, bizə nəzarət edin, səhvlərimiz göstərin, problemləri birlikdə həll edək. İndi əl-ələ, çiyin-çiyinə vermək vaxtıdır.
 
- İctimai Şura üzvü olaraq başqa hansı təşəbbüslər irəli sürmək fikrindəsiniz?
 
- İdeyalar çoxdur. Ancaq bilirsiniz ki, mən həm media nümayəndəsi, həm də 44 günlük Vətən savaşının iştirakçısıyam. Media nümayəndələri ilə DİN arasında kommunikasiyanın daha da genişlənməsi, nəticədə cəmiyyətin məlumatlılıq səviyyəsinin artması üçün bir sıra yeni təşəbbüslərlə çıxış edəcəm. Eyni zamanda, sosial psixologiyada məşhur “Vyetnam sindromu” var. Bu sindromun Azərbaycanda neqativ təzahürlərini azaltmaq üçün çalışacağıma əmin ola bilərsiniz. Başqa sözlə, qazilərimizin hüquqlarının qorunması mənim üçün əsas prioritetlərdən biridir. Hesab edirəm ki, DİN-də xidmət keçmək üçün əməkdaşlar seçiləndə qazilərimizə xüsusi öncəlik tanınmalıdır. Bu prosesə xüsusi ilə göz qoyacam. Eyni zamanda, 1,5 milyon vətəndaşımızı maraqlandıran bir məsələ var ki, bunu da İctimai Şuranın ilk toplantılarının birində əhatəli təkliflər paketi kimi müzakirəyə çıxarmaq istəyirəm.  
 
- Bu barədə qısaca məlumat verə bilərsinizmi?
 
- Əlbəttə. Bilirsiniz ki, bizim ölkəmizdə sürücülər öz avtomobillərini texniki baxışdan keçirməlidir. Əks halda, yüksək məbləğli cərimələr yazılır. Birincisi, bu cərimələrin məbləği minimum əmək haqqına mütanasib deyil. İkincisi, niyə bu texniki baxış ancaq dövlət tərəfindən keçirilməlidir? Bu, sürücülərə vaxt itkisi və əlavə gərginliklər yaradır. Hər sürücü onsuz da ən azından maşının yağını, suyunu, “nakladka”larını dəyişmək üçün özəl servisə müraciət edir ildə bir neçə dəfə. Texniki baxış da özəl servislərə verilməlidir ki, 1,5 milyon vətəndaşımız rahat və məmnun şəkildə avtomobil idarə etsin. Bu məsələ olduqca aktualdır və həllini tapmalıdır. Bu təklifi sanballı və əhatəli bir şəkildə hazırlamaq, əsaslandırmaq lazımdır, çünki buna qərar vermək təkcə DİN-in səlahiyyətində olan məsələ deyil, parlamentdə müvafiq qanunlarda da dəyişikliklər olmalıdır. Odur ki, bir daha hər işə mız qoymağa adətkərdə olmuş şəxslərə səslənirəm: laqqırtı ilə, linçlə, şəbədə qoşmaqla olmur bu işlər, belə fəal və bilgili vətəndaşlarsınızsa, buyurun könüllü şəkildə işimizə dəstək verin, ortaya gözəl nəticələr qoyaq. Amma şəxsi təcrübəm deyir ki, o adamlar ki, ağız büzməyə vərdiş edib, onların əli heç zaman daşın altında olmur.

Vaqif Hüseynli
Demokrat.az   
 
 

 
  
 
 
 
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top