İki ölkəni birləşdirən dəyər — DOSTLUQ VƏ QARDAŞLIQ...

GÜNDƏM 09 iyn 2021, 10:14
Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin çox qədim tarixi var. Hər iki xalq eyni dilə, eyni dinə, eyni adət ən-ənəyə mənsubdurlar. Tarixə nəzər salsaq görərik ki, xalqlarımız əsrlərdən bəri bir-birinə dəstək olub. Ən çətin anlarda bir-birinin yanında olub, köməyinə gəlib.

1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusu Bakını xilas etmişdir.

Ümummilli liderimiz, Dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Türk Ordusunun Azərbaycana gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.

Eyni zamanda Heydər Əliyev iki xalq haqqında dillərdə əzbər olan bir kəlam da söyləmişdir : “Biz bir millət, iki dövlətik”.

Mustafa Kamal Atatürk kimi Türkiyənin böyük şəxsiyyəti də Azərbaycanın kədərinin öz kədərləri, sevincinin isə öz sevincləri olduğunu bildirmişdir.

Azərbaycan Türkiyə əməkdaşlığı Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bu gün hər iki qardaş dövlət regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan və Türkiyəni dərin tarixi köklər, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir.”

Azərbaycan-Türkiyə əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir.

Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasında münasibətlərə də öz təsirini göstərir.

Türkiyə hər an Azərbaycanın yanında olmuş və onun haqq işini dəstəkləmişdi. Azərbaycan da elə bir məsələ olmayıb ki, qardaş Türkiyənin yanında olmasın və ona öz dəstəyini verməsin.

Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Bu iki dövlət arsında dostluq münasibətləri durmadan inkişaf edir.

Ölkə Prezidentimiz İlham Əliyev ilə Türkiyə Prezidenti R.T. Ərdoğanın şəxsi münasibətləri də hər iki xalq üçün dəyərlidir. Bu əlaqələr bütün türk dünyası üçün mühüm rol oynayır. Hər iki dövlət başçısı türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstərir.

Həm Türkiyə, həm də Azərbaycan Prezidentinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə yüksək səviyyədə qeyd edilir.

Bu dostluq, qardaşlıq, həmrəylik digər ölkələrə də bir nümunədir.

Azərbaycanın tarixi qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Türkiyənin bir sıra aparıcı şırkətləri erməni vandalları tərəfindən dağıdılaraq yerlə yeksan edilmiş torpaqlarımızda Azərbaycanla bərabər quruculuq işləri aparır. Dövlətlər arasında iqtisadi inkişafla bərabər hər iki dövlətin iqtidar partiyaları - YAP və AKP arasında da müqavilələr bağlanır, əlaqələr daha da genişlənir. YAP və AKP partiyaları birgə əməkdaşlıqla bərabər müxtəlif siyasi platformalarda iştirak edəcək, eyni zamanda qarşılıqlı olaraq təcrübələrdən yararlanaraq gənclərin beynəlxalq səviyyədə fəaliyyətini təşkil edəcək və başqa istiqamətlərdə əməkdaşlıq ediləcəkdir.

Azərbaycan və Türkiyə arasında qaz satışı və nəqli ilə də bağlı bütün məsələlər razılaşdırılıb.

Bakı-Tbilisi-Ceyhan marşrutu Azərbaycanı Dünyaya və Dünyanı Azərbaycana açdı. Azərbaycan bu kəmərlər vasitəsi ilə öz neft ixracını dünya bazarlarına çıxartdı.

Bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsi ilə Qazaxstan, Türkmənistan və Rusiya nefti də ixrac olunur. Bu layihə həm də Azərbaycan Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlığın uğurlu nümunələrindən biri kimi qiymətləndirilir.

Azərbaycan neft bazarında qlobal oyunçulardan birinə çevrildi. Türkiyənin bu layihədə iştirakı isə ölkələri daha sıx birləşdirdi.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top