Qulu Məhərrəmli: "Azərbaycanda saytların maddi-texniki bazası yaxşılaşır, əməkdaşlar daha yüksək məvacib qazanır"

GÜNDƏM 08 iyn 2021, 11:40
“Belə müsabiqələr əvvəllər də keçirilib. KİVDF-nin zamanında da oxşar layihələr hazırlanıb. Mahiyyət etibarilə yenilik ondan ibarətdir ki, müsabiqəyə onlayn media da daxildir. Dövlətin büdcədən maliyyələşdirdiyi, vəsait ayırdığı media orqanlarının arasında saytlar da yer alacaq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında əməkdar jurnalist, media eksperti, professor Qulu Məhərrəmli Medianın İnkişafı Agentliyinin media subyektləri üçün elan etdiyi müsabiqə ilə bağlı danışarkən deyib.

O, layihənin onlayn media üçün təsirindən danışıb:

“Saytların dövlət tərəfindən maliyyələşməsinin həm mənfi, həm də müsbət cəhəti var. Məsələnin yaxşı tərəfi odur ki, saytların maddi-texniki bazası yaxşılaşır, sayt əməkdaşları daha yüksək məvacib qazanır. Narahatlıq doğuran tərəfi isə odur ki, qəzetlərin dövlətdən maliyyə almağı onların bir çoxunun müstəqilliyini itirməyinə səbəb oldu, eyni situasiya saytlar üçün də yaşana bilər. Arzu edərdik ki, bu tendensiya davam etməsin”. 

Bir neçə gün əvvəl media nümayəndələrinin minaya düşərək şəhid olmalarına toxunan professor yeni media təşkilatının yaradılmasının vacibliyini vurğulayıb:

“Təəssüf ki, medianın fərqli problemləri var. Hansısa dövlət qurumundan, biznes strukturundan asılı olmayan, yalnız bazar münasibətləri nəticəsində öz maliyyəsini təmin edən, maddi-texnini bazasını möhkəmləndirən media qurumu olsun. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda müstəqil media qurumlarının olmasına çox ciddi ehtiyac var. Son hadisələrə - media nümayəndələrinin minaya düşməsi məsələsinə baxsaq, beynəlxalq media qurumları bu hadisəyə çox ötəri reaksiya verdilər. Azərbaycanda hansısa nüfuzlu jurnalist təşkilatının olması dünyaya belə həssas məsələlərdə lazımi məlumatların çatdırılmasını təmin edə bilər. Müstəqil təşkilat kimi fəaliyyət göstərmək bu qurumlara nüfuz qazandırır. Biz mətbuatın tarixi missiyasını qoruyaq, onu maliyyədən asılı etməyək. Xorda oxuyan insanlar kimi nə iləsə fərqlənməmək media üçün ciddi qüsurdur”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top