Politoloq: "Onlar Azərbaycan torpaqlarına minalar döşəyə bilirlərsə, biz niyə Ermənistan ərazisini minalamayaq?"

GÜNDƏM 04 iyn 2021, 17:52
"Televiziya kanallarımızdan biri müharibəyə qədər xəbərlər proqramına təxminən bu sitatla başlayardı ki, dünya hələ də Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı BMT qətnamələrinin yerinə yetirilməməsini seyr edir. Bu sitatı hazırda bu şəkildə dəyişdirməyə ehtiyac var: Dünya Azərbaycan vətəndaşlarının minalarda partlamasına seyrçi qalır. Müharibədən keçən günlərdə minaların partlaması nəticəsində onlarla vətəndaşımızı itirmişik".

Bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. 

Kəlbəcərdə mina partlaması nəticəsində iki media nümayəndəsinin həlak olmasına toxunan politoloq minalanmış ərazilərin xəritəsinin verilməsinin vacibliyini vurğulayıb:

"Ermənistanın ağası Rusiyaya gur səslə deməliyik ki, Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etsin. Moskvada sərhəd məsələsinə dair üçtərəfli görüş keçirdilər. Moskva zəhmət çəksin bir dəfə də görüşü minalanmış ərazilərə həsr etsin. Erməni hərbçiləri həmin minaların əksəriyyətini müharibədə məğlub olduqlarını anladıqdan sonra harda gəldi düzüblər. Bəlkə də buna görə, 10 noyabr bəyanatının əksinə olaraq Ağdam və Kəlbəcərin geri qaytarılmasını təxminən bir ay yubatdılar ki, ərazini boşaldarkən bölgəyə minaları döşəsinlər. Onlar minaları indi də iki yolla döşəyə bilərlər. Bunu ya Ermənistandan gizli yollarla Azərbaycan tərəfə keçən diversantlar döşəyir, ya da elə Qarabağdakı separatçılar “fəaliyyətdədirlər”. 

O, Ermənistanın xəritələri verməməsinə cavab olaraq Azərbaycanın Laçın dəhlizini bağlaya biləcəyini qeyd edib:

"Minaların partlaması bizə hər iki istiqamətdə hərəkətə keçməyə imkan yaradır. Sərhədi (bu sıraya Laçın üzərindən sərhədin qapadılması da daxildir) qapatmalıyıq ki, diversantlar Azərbaycan tərəfə keçə bilməsinlər, Qarabağdakı separatçıları da tərksilah etməliyik ki, yolları və meşələri minalaya bilməsinlər. Gözləmək olmaz. Gözlədikcə minalarda həlak olan vətəndaşlarımızın sayı artacaq. Onlar Azərbaycan torpaqlarına minalar döşəyə bilirlərsə, biz niyə Ermənistan ərazisini minalamayaq?".

Elxan Şahinoğlu artıq əməli addımlara keçməyin zamanı gəldiyini də bildirib:

"Kəlbəcərdə vətəndaşlarımızın minanın partlaması nəticəsində həlak olmasında Rusiyanın da günahı var. Çünki, məhz Moskva Bakıdan xahiş etmişdi ki, Kəlbəcərin boşaldılması bir qədər yubadılsın, guya ermənilərin ərazini tərk etmələri üçün əlavə zamana ehtiyacları var. Biz ermənilərə zaman tanıdıq, onlar da bu zaman kəsiyində əraziyə minalar döşədilər. Dövlət strukturları hadisədən dərhal sonra bəyanat yayırlar, bu azdır, baş verən hadisəyə uyğun fəaliyyət planımızı da hazırlamalı və həmin planı reallaşdırmağa başlamalıyıq".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top