Müharibədə məğlub olmasına baxmayaraq, Paşinyanın seçkilərdə şansı daha yüksəkdir — ŞƏRH

SİYASƏT 31 may 2021, 13:17
"Seçkiqabağı vəziyyət ondan ibarətdir ki, Ermənistanda cəmiyyət ciddi şəkildə qütbləşib. Bu qütbləşmə Ermənistanın gələcək ictimai-siyasi həyatında heç də xoş hadisələr vəd etmir. Qütbləşən, parçalanan cəmiyyətdə təfriqələr yaratmaq çox asandır. Hazırda Ermənistanda ucuz, populist şouları ilə ölkəni gələcək faciələrə sürükləmək istəyənlər çoxdur. Bu kontekstdə fərqlənmək istəyənlər keçmiş hakimiyyətin nümayəndələridir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri Ermənistanda keçiriləcək seçkilərlə bağlı danışarkən deyib. 

O, seçkilərdə Paşinyanı daha şanslı hesab edir:

"Aparılan sorğular göstərir ki, müharibədən məğlub ayrılsa da, ictimai rəydə Paşinyanın reytinqi nisbətən yüksəkdir. Bu da onunla əlaqədardır ki, ölkə əhalisi illər boyu dövləti idarə edən "Qarabağ klanı"nın Ermənistanı hara sürüklədiyinin fərqindədir. Əslində, məğlubiyyətin səbəbkarlarından biri də məhz həmin klanın nümayəndələridir. Onlar uzun müddət dövləti idarə etməklə, ucuz şoularla, yalan iddialarla Ermənistan cəmiyyətinin başını qatıblar. Hazırkı situasiya ondan ibarətdir ki, Ermənistanda demoqrafik vəziyyət faciəvi həddə çatıb, ölkə əhalisi demək olar ki, yarıbayarı azalıb. Bu, bir dövlət üçün çox böyük fiaskodur. İndiki Ermənistandan danışarkən, söhbət perspektivi olmayan dövlət və cəmiyyətdən gedir".

Politoloq qeyd edib ki, Ermənistanda əhali də vəziyyətin düzəlməsi üçün yeganə yolun sülhdən və əməkdaşlıqdan ibarət olduğunu qəbul etməyə başlayıb:

"Rusiyanın və Rusiyada yaşayan erməni iş adamlarının maliyyə dəstəyinə baxmayaraq, "Qarabağ klanı"nın seçkilərdə qalib gəlmək ehtimalı o qədər də yüksək deyil. Biz bunu ABŞ-ın Respublikaçılar İnstitutunun apardığı son araşdırmada da görürük. Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq, Paşinyanın seçkilərdə şansı daha yüksəkdir. Paşinyan xüsusilə regionlardakı əhali ilə görüşündə müəyyən mənada perspektiv vəd edir. Bu açıqlamalarını Paşinyanın əleyhinə çevirmək istəyən revanşist qüvvələr var, lakin o, müharibə əvəzinə ölkələrlə əməkdaşlıq, yol, nəqliyyat, kommunikasiya əlaqələri vəd edir. Bu, regional əməkdaşlıq konsepsiyası kontekstində Ermənistanın iqtisadi yüksəlişinin önünü açır. Ermənistanın hazırda ən çox buna ehtiyacı var və bu addım iqtisadiyyatın inkişafını stimullaşdırır. Elə ölkə əhalisi də bu reallığa inanır". 

Ermənistanda seçkilərdən sonrakı yarana biləcək vəziyyətə şərh verən Natiq Miri gərgin vəziyyətin davam edəcəyini vurğulayıb:

"Düşünürəm ki, seçki qutusundan Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzinin adı çıxacaq. Bu da başqa bir mövzudur ki, Paşinyanın yığdığı səs təkbaşına hökumət qurmağa yetərli olacaqmı? Mənə elə gəlir ki, ən böyük problem məhz budur. Aparılan sorğularda Paşinyanın 25-30 faiz səs yığacağı ehtimal edilir və bu, hökumət qurmaq üçün kifayət deyil. Belə görünür ki, seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, Ermənistanda ictimai-siyasi vəziyyət gərgin müstəvidə davam edəcək. Ölkədə daxili qüvvələr qarşı-qarşıyadır, Ermənistanı gələcəyə daşıyacaq yanaşma tərzləri daban-dabana ziddir, həmçinin bu qüvvələrin arxasında duran beynəlxalq güclər də tamamilə fərqli geosiyasi maraqları güdür. Bu baxımdan, beynəlxalq qarşıdurma kontekstində Ermənistanda siyasi böhran vəziyyəti davam edəcək".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top