ABŞ Konqresində Respublika Günü ilə bağlı BƏYANAT

SİYASƏT 30 may 2021, 08:29
28 may tarixində ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, konqresmen Stiv Şabot Azərbaycan Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Demokrat.az-a verilən məlumata görə, Azərbaycanın müstəqil ölkə kimi fəxarət dolu tarixə malik olduğu, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu diqqətə çatdırılır. Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk dövlətlər sırasında olduğu vurğulanır.

Azərbaycanın müstəqilliyinin Sovet İttifaqı tərəfindən əlindən alınmasına baxmayaraq, Sovet İttifaqı dağılandan sonra Azərbaycanın yenidən müstəqillik qazandığı və bu il müstəqilliyinin 30 illiyinin əlamətdar hadisə olduğu qeyd edilir.

Azərbaycanın bu gün ABŞ-ın və müttəfiqlərinin yaxın tərəfdaşı olduğu, ABŞ-ın və NATO-nun Əfqanıstandakı missiyası boyu Əfqanıstana stabil bağlantı üçün əsaslı rol oynadığı və terrorçuluq əleyhinə geniş müharibədə ABŞ-la tərəfdaşlıq etdiyi bildirilir. Bununla yanaşı, Azərbaycanın yəhudi icması və İsrail ilə möhkəm münasibətlərə malik olması barədə məlumat verilir.

Azərbaycanın Avropaya əsas enerji təchizatçısı olduğu və diversifikasiyaya əhəmiyyətli töhvə verdiyi, ötən ilin dekabr ayında fəaliyyətə başlamış Cənub Qaz Dəhlizi ilə Azərbaycanın əhəmiyyətinin daha da artacağı diqqətə çatdırılır.

Bəyanatın mətni ilə https://www.congress.gov/117/crec/2021/05/28/167/94/modified/CREC-2021-05-28-pt1-PgE591-2.htm internet səhifəsində tanış olmaq mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top