"Yeni mutasiyalar, immun sisteminə yayılan formalar yarana bilər" — Professordan AÇIQLAMA

SOSİAL 27 may 2021, 12:15
Bir neçə gün əvvəl Nazirlər Kabineti karantin şərtlərinin yumşaldılması ilə bağlı qərar verdi. Açıq havada maska tələbi ləğv edildi, metronun, iri ticarət mərkəzlərinin, ibadət yerlərinin və idman zallarının  və sağlamlıq-bərpa mərkəzlərinin açılması ilə bağlı mühüm qərarlar qəbul olundu. Heç şübhəsiz bu qərarlarda vaksinasiyanın da təsiri var. 

Tibbi ekspert, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında vaksinasiyanın və virusdan sağalanların çox olmasının yumşalmaları şərtləndirdiyini bildirib:

"Karantin qaydalarının yumşaldılması və ya sərtləşdirilməsi ölkədəki epidemioloji şəraitə bağlıdır. Həmin situasiyaya uyğun olaraq qərarlar verilir. Təbii ki, hazırda verilən qərarlarda vaksinasiyanın da təsiri var. Ümumiyyətlə, vaksinasiyanın əsas hədəfi immun sisteminin formalaşmasıdır. Yəni, bu yolla insanlarda immun sistemi yaratmaqdır ki, xəstəliyə qarşı davamlılıq olsun. İmmun sisteminin yaradılmasında xəstəliyi keçirənlərin də rolu var. Nəzərə alaq ki, onların sayı həddindən artıq çoxdur. Həm xəstələnib sağalanlarda, digər tərəfdən vaksinasiya olunanlarda yaranan immunitet kollektiv immunitetin yaranması yolunda mühüm addımdır. Bu baxımdan, vaksinasiyanın əhəmiyyətini unutmamalıyıq".

Ekspert qeyd edib ki, müsbət dinamika və yumşalma qərarları əhaliyə pandemiyanın davam etdiyini unutdurmamalıdır:

"Epidemioloji şərait daha da stabilləşərsə, yumşalma ictimai həyatın bütün sahələrində davam etdirilə bilər.Lakin bir məsələni unutmamalıyıq. Yeni mutasiyalar yarana, immun sisteminə yayılan formalar meydana çıxa bilər. Bu halda karantin qaydaları sərtləşdirilə bilər. Hadisələrin cərəyanı bundan sonrakı vəziyyətdən asılı olacaq. Əhali də bu vəziyyətə uyğun davranmalıdır. Nə qədər ki, Dünya Səhiyyə Təşkilatı pandemiyanın sonunu elan etməyib, ehtiyatı əldən vermək olmaz. Xüsusilə, iri ticarət mərkəzlərinin açılması sıxlığa səbəb ola bilər ki, bu da təhlükə yarada biləcək səbəblərdəndir".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top