Deputat: "Co Baydenin bu münasibəti Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində mümkün olub"

SİYASƏT 26 may 2021, 11:39
28 May Respublika Günü ilə bağlı müxtəlif ölkələrin dövlət başçıları Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərir. Bu məktublarda Azərbaycanın siyasi və iqtisadi gücü, 30 illik işğaldan sonra torpaqlarını azad etməsi, uğurlu xarici siyasəti yüksək dəyərləndirilib. 

ABŞ prezidenti Co Baydenin məktubunda toxunduğu məsələləri dəyərləndirən Milli Məclisin deputatı Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bu dəfəki məktubun səmimiliyi və çoxtərəfliliyi ilə fərqləndiyini bildirib.

Deputat deyib ki, 28 May Respublika Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə dünyanın müxtəlif ölkələrindən gələn təbrik məktubları səmimiliyi, Azərbaycanın yüksək nüfuzunun qeyd edilməsi və buna yüksək qiymət verilməsi ilə seçilir:

"ABŞ prezidenti Co Baydenin məktubunda isə ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi diqqət etdiyi nəzərə çarpır. ABŞ prezidentinin Azərbaycanın uğurlarına verdiyi qiymət, Azərbaycanla əməkdaşlıq üçün göstərdiyi səylər məktubda əks olunub. ABŞ Prezidenti Co Baydenin bu münasibəti Azərbaycan Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində mümkün olub. Ərazicə kiçik, müstəqilliyini yeni bərpa etmiş, 30 il qonşu ölkənin işğalçı siyasətinə məruz qalmış dövlət bu gün dövlət quruculuğunda, iqtisadiyyatın modernləşdirilməsində, dünyaya inteqrasiya prosesində sözün əsl mənasında digər dövlətlərə nümunə göstərir. Baydenin təhlükəsizlik və idarəetmə məsələlərində Azərbaycanla birgə səylərə toxunması əbəs yerə deyil. Azərbaycan-ABŞ birgə səyi ikili münasibətlərdə gələcəyin əsas prioritetidir. 

Düşünürəm ki, Azərbaycanın uğurları bununla yekunlaşmayacaq. Ölkəmiz bir çox məsələlərdə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə görəcəyi quruculuq işləri ilə dünya dövlətlərinə nümunə olacaq".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top