Elmar Vəliyevin anlaqlı olub-olmadığı müəyyənləşdiriləcək

HADİSƏ 25 may 2021, 20:22
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onunla bağlı məhkəmə tibbi ekspertizası təyin edilib.
 
Bu barədə mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib.
 
Məhkəmədə Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə proses davam etdirilib.
Bu prosesdə məhkəmə istintaqı başa çatıb, prokuror təqsirləndirilən şəxslərə cəza istəyib, hazırda isə vəkillərin çıxışı mərhələsidir. Təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmov çıxışında müvəkkilinə qarşı ittihamların əsassız olduğunu vurğulayıb. O, Cəfər Zalovun heç bir cinayət törətmədiyini bildirib. Vəkil çıxışında məhkəmənin gedişindən də narazılıq edib. O, məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırıb, zərərçəkmiş qismində tanınmış sabiq icra başçısının ekspertizadan keçirilməsini istəyib. Müdafiəçi bildirib ki, Elmar Vəliyev istintaq və məhkəmə zamanı faktiki dindirilməyib, onun ətraflı dindirməsi yoxdur. Onunla bağlı məhkəmə tibbi ekspertizası keçirilməyib, anlaqlı olub-olmadığı da aydınlaşdırılmayıb. Halbuki, bu məsələ iş üçün çox vacibdir.
 
Digər vəkillər də həmkarlarının bu vəsatətini müdafiə edib və məhkəmə istintaqının təzələnməsini, Elmar Vəliyevin üzərində məhkəmə tibbi ekspertizasının keçirilməsini istəyiblər.
 
Əfqan Hacıyevin sədrliyilə hakimlər kollegiyası vəsatəti təmin edib və Yunis Səfərovun işi üzrə məhkəmə istintaqının təzələnməsinə, Elmar Vəliyevin tibbi ekspertizadan keçirilməsinə qərar verilib.
 
Ekspertizanın nəticəsi məlum olana qədər bu iş üzrə məhkəmə prosesi təxirə salınıb.
 
Gununsesi.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top