"Kütləvi immunitetin əldə olunması üçün əhalinin 60-70 faizi vaksin olunmalıdır" — Deputatdan ÇAĞIRIŞ

GÜNDƏM 25 may 2021, 17:07
"Bu gün karantin qaydalarının yumşaldılması ilə bağlı verilən qərarlar vaksinasiya prosesinin nəticəsidir. Artıq bir müddətdir ki, bu proses ölkəmizdə uğurla davam etdirilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. 

O, bildirib ki, bəzi ölkələrdə tam qapanma şəraiti davam etsə də, Azərbaycan bu prosesdə artıq uğurlu nəticələr əldə edib:

"Vaxtında vaksinasiya prosesinə başlamaq, təbliğat-maarifləndirmə işləri aparmaq karantin rejimində yumşalmanı sürətləndirdi. Hələ də dünya bu virusla mübarizə aparır, bəzi ölkələrdə sərt karantin rejimi davam edir. Biz isə artıq bir müddətdir yalnız yumşaldılma yolunda irəliləyirik. Lakin unutmamalıyıq ki, vaksinasiya prosesi davam edir və bu prosesi sürətləndirmək hər birimizdən asılıdır. Kütləvi immunitetin əldə olunması üçün əhalinin 60-70 faizi vaksin olunmalıdır. 
Vaksinasiya prosesində iştirak etmək üçün hər cür şərait yaradılıb. Dünya Səhiyyə Təşkilatının təsdiq etdiyi vaksinlərin ölkəmizdə istifadə edilir, yəni seçim şansı var. Hər kəs yaradılan bu imkandan istifadə etməlidir".

Deputat əhaliyə arxayınlaşmamağı da məsləhət görür: 

"İnsanlarda rahatlıq, arxayınlıq o zaman yarana bilər ki, pandemiya ölkəmizdə tam bitsin, yeni yoluxanlar, dünyasını dəyişənlər olmasın. Təəssüf ki, hələ də bu hallar davam edir. Karantin rejiminin yumşaldılması ilə bağlı verilən qərarlar insanları arxayınlaşdırmasın. Necə təhlükəli bir bəlanın içərisində olduğumuzu unutmamalıyıq".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top