“Onun imici o qədər qeyri-ciddidir ki, nə siyasi çıxış edə bilir, nə də savadı var”

GÜNDƏM 25 may 2021, 14:14
Rusiya erməniləri İttifaqının sədri, milyarder Ara Abramyan Ermənistanda gələn ay baş tutacaq növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Yerevanda seçki bloku qurur. Müşahidəçilər hesab edirlər ki, Ara Abramyanın arxasında Rusiya prezidenti Vladimir Putin dayanır. Çünki Putin və ətrafı cəmiyyətdə mənfi reputasiyaya sahib olan Köçəryan-Sarkisyan cütlüyünün gücü ilə Paşinyana qalib gəlməyin mümkün olmayacağını düşünür. Siyasi analitiklər Abramyanı Paşinyan hakimiyyəti üçün ciddi təhlükə sayırlar.

Maraqlıdır, Abramyan Paşinyanı devirə biləcək? Onu seçkiyə qatılmağa nə vadar edir?

Məsələni Yenisabah.az-a şərh edən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Ara Abramyanın seçkidə heç bir uğur əldə etməyəcəyini vurğulayıb:

“Mənim üçün qeyri-müəyyən qalmış bir məsələ var. Ara Abramyan hansı ölkənin vətəndaşıdır?! Bəzi məlumatlarda onun Rusiya vətəndaşı olduğu qeyd edilir. 

Həmçinin o, uzun müddətdir ki, Rusiya erməniləri İttifaqının rəhbəridir. Deməli, Rusiya vətəndaşı olmalıdır. Mən Abramyanın ortaya atılmasını qeyri-ciddi bir gediş hesab edirəm. Çünki onu tanıyanlar yaxşı başa düşürlər ki, bu adam düz-əməlli danışa bilmir. Hətta ermənilər də onun rus dilində danışmağına lağ edirlər. 

Mən inanmıram ki, indiki mərhələdə kimsə Abramyanın iştirakını ciddi maneə kimi görsün. Putin onu dəstəkləyir, ya dəstəkləmir, fərqi yoxdur. Düşünürəm ki, Ermənistanı Rusiyadan izləyən mütəxəssislər hər şeyi çox yaxşı bilirlər, ona görə də bu cür yanlış bir addımın Putin tərəfindən dəstəklənməsi, fikrimcə, real deyil. 

Sadəcə Ara Abramyanın Rusiyanın müxtəlif dövlət qurumları ilə əlaqəsi mövcuddur. Bir çox Rusiya rəsmisi onun yubileyində iştirak edib. Ara Abramyanın orada olması elə bil görüntü yaradılması kimi təəssürat bağışlayır. Onun imici o qədər qeyri-ciddidir ki, nə siyasi çıxış edə bilir, nə də savadı var. Deyəsən, ali təhsili də yox idi, sonradan diplom alıb, yəni bisavad adamdır. Sadəcə bacarıqları var, pul qazana bilir, bu isə o demək deyil ki, gəlib camaatın qarşısına çıxıb ağıllı bir söz deyəcək”.

Diplomatın sözlərinə görə, Rusiya, əslində, Paşinyana qarşı deyil, hətta onu dəstəkləməsi gözləniləndir:

“Aydındır ki, Rusiyapərəst Qarabağ klanının nümayəndələri seçkidə uğur qazanmayacaq. Çünki Qarabağ və Ermənistan erməniləri arasında ciddi böhran yaşanır. Biz sosial şəbəkələrdə onlara qarşı aqressivliyin nümayiş olunduğunu da görürük. İtkilərdə bir növ Qarabağ ermənilərini günahlandırırlar. 

Bu baxımdan qarabağlıların hansısa mövqe qazanması mümkün deyil. Burada Sarkisyan və Köçəryanın siyasi proqramını bu və ya digər şəkildə analiz eləməyə bəlkə də heç ehtiyac yoxdur, çünki onlar təzə bir şey təklif edə bilməzlər. Onların mövqeyi bundan ibarətdir ki, Paşinyan danışıqları düz aparmır. Seçilsələr, guya onlar danışıqlar aparacaqlar. Bu, siyasi baxımdan onların perspektivini açıq şəkildə göstərir. 

İkincisi, onların hakimiyyətdə olduğu dövrdə bir çox insanın ciddi narazılığı olub. 

Üçüncü və ən vacib amil isə əvvəldə də qeyd etdiyim kimi, Ermənistan ermənilərinin Qarabağ klanının nümayəndələrini hakimiyyətə buraxmaq istəməməsi ilə bağlıdır. Bu da onların şansının çox az olduğunu göstərir. Onların taktiki bir məqsədi var ki, parlamentə keçsinlər və deputat olaraq toxunulmazlıq hüququ qazansınlar. Nəticələr yaxşı olsa, bəlkə də koalisiya hökumətində hansısa yer tutacaqlar, amma buna da ehtimal çox azdır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top