Azərbaycandan regionun gələcəyi ilə bağlı xoş niyyətli bəyanatlar

GÜNDƏM 24 may 2021, 23:14
Son 17 il ərzində Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın regional lider kimi mövqeyini daha da möhkəmləndirib və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər ölkəmizin yaxın gələcəkdə mövqelərinin daha da güclənəcəyini proqnozlaşdırmaq üçün ciddi əsaslar yaradıb. 

İllərdir regoindakı reallıq ondan ibarətdir ki, özünün xarici siyasətində regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına üstünlük verən Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün digər qonşu dövlətlərlə (Rusiya, İran, Gürcüstan, Türkiyə) strateji əməkdaşlıq qura bilib. Azərbaycanın həyata vəsiqə qazandırdığı qlobal iqtisadi layihələr və bilavasitə ölkəmizin təşəbbüsü, yaxından iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionın iqtisadi inkişafına, qarşlıqlı səmərəli əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verməkdədir. 

Qarabağ savaşının Azərbaycanın qələbəsi ilə başa çatması, tarixi ədalətin bərpası regionun gələcəyi ilə bağlı yeni mənzərə ortaya çıxarıb. 30 ildir davam edən münaqişənin başa çatması regionda daimi sülhün bərpa olunması, yeni əməkdaşlıq imkanlarının gerşəkləşməsi üçün ciddi əsaslar yaradıb. 
Rəsmi Bakı bu rellıqdan çıxış edərək dəfələrlə keçmişdə olanları bir kənara qoyub gələcəyə baxmağa hazır olduğunu ifadə edib. Bu xüsusda Prezident İlham Əliyevin ötən həftə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səsləndirdiyi bəyanatlar regionun gələcəyi, inkişafı ilə bağlı bir çox məsələlərə işıq salır. 

Prezident İlham Əliyevin müzakirələrdə suallara cavab verərkən bir neçə dəfə Azərbaycanın Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazır olması barədə bəyanat verməsinin arxasında bütövlükdə regionun gələcəyinə hesablanmış xoş niyyət dayanır. Prezidentin gələcək əməkdaşlıqla, iqtisadi layihələrlə bağlı mövqeyindən Ermənistan tərəfi, bölgədə davamlı sülhün bərqərar olmasını istəyən qüvvələr düzgün nəticə çıxarmalıdır. Ermənistanla Azərbaycan arasında müharibə başa çatıb və hazırda bütün qüvvələrin tərəflər arasında sülh müqaviləsinin imzalanmasına yönəldilməsi regionun gələcəyi baxımından olduqca önəmlidir.

Qarşıda Ermənistan üçün yeganə xilas yolu budur ki, vəziyyətə uyğun adekvat addımlar atsın və Azərbaycan illərdir işğalçı Ermənistana qarşı təcrid siyasətini tam dayandırsın. Yalnız bu təcrid siyasətinin aradan qalxması işğalçı ölkənin siyasi və iqtisadi sisteminin çöküşünü aradan qaldıra bilər. Məğlub, ordusu və iqtisadiyyatı çökmüş Ermənistan nəhayət anlamalıdır ki,  rəsmi Bakının Gürcüstan, Türkiyə, Rusiya və İranın maraqları ilə kəsişməyən proqramlar həyata keçirməsi, paralel olaraq ABŞ və Avropa ölkələri ilə əlaqələrin inkişafı  Azərbaycanı Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edə biləcək əsas gücə çevirib. Anlamalıdır ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan Azərbaycan bölgənin gələcəyi ilə bağlı bütün addımlarını özünün milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışır və bu mövqe heç bir halda dəyişməyəcək. Ermənistanın yaranmış regional vəziyyəti düzgün dəyərləndirməkdən, reallıqla barışmaqdan başqa çarəsi qalmır. Bunun əksi Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir.

Diqqət ediləsi xüsusi məqam odur ki, müharibədən ötən 5 aydan artıq dövr ərzində Azərbaycan tərəfi təkcə xoş niyyətli bəyanatlar verməyib. Münaqişə və müharibə səhifəsinin bağlanması, Azərbaycanın Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazır olması bəyanatları da var.  Bundan başqa, rəsmi Bakı Ermənistan tərəfinə humanitar, iqtisadi və kommunikasiya xarakterli dəstək jestləri də edib. Təəssüf doğran durum odur ki, Ermənistan hələ də bu təkliflə bağlı heç bir reaksiya nümayiş etdirməyib. Qarşımızda küncə sıxılmasına, sosial və iqtisadi kataklizmlər yaşamasına, çıxılmaz vəziyyətə düşməsinə rəğmən faşist və işğalçı mahiyyətini hələ də dəyişməyən Ermənistan dayanıb... 

Fəqət imkanlar hələ də itirilməyib. Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində real tədbirlərə başlanılmalı, sərhədlər SSRİ dövründə respublikaların sərhədlərini müəyyən edən xəritə əsasında həyata keçirilməlidir. Məhz delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi, yaxud dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın  tərkib hissəsidir. Ermənistanla Azərbaycan arasında münaqişə nümunəsində delimitasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilə bilər. Ortada müharibələrdən sonra dünyada tətbiq olunan təcrübələr var. Bütün müharibələrin sonunda sərhədlər müəyyən olunub, sülh müqaviləsi imzalanıb. Bundan başqa, Azərbaycanın bölgənin ən böyük dövlətlərindən, strateji tərəfdaşlarından olan Rusiya ilə sərhədlərinin delimitasiyası nümunəsi də mövcuddur. 

Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı 10 noyabr bəyanatı əsas götürülərək sülh müqaviləsinin bağlanması regionu tamamilə yenidən şəkilləndirə bilər. Sülh müqaviləsi və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması təkcə çoxillik münaqişəyə birdəfəlik son qoymayacaq. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi cəhətdən ciddi problemlərlə üz-üzə olan Ermənistanın iqtisadi dirçəlişinə yol açacaq. Ölkələr arasında siyasi, iqtisadi, humanitar  əlaqələrin qurulması və inkişafı, son nəticədə bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlıq mühitinin formalaşmasına və ümumqafqaz ideyasının reallaşmasının şərtləndirməsinə gətirib çıxaracaq.  

Eyni zamanda, bir çoxlarına gerçək kimi görünməyən “Qafqazda sülh”, “Ümumi Qafqaz evi” ideyası həyata vəsiqə qazana bilər.  Bu ideyanın müəllifi Ümummilli lider Heydər Əliyev  “Qafqazda gedən prosesləri düzgün istiqamətə, sülh istiqamətinə yönəldib Qafqazda sülhə, əmin-amanlığa nail olmaq çox böyük, müqəddəs məqsəddir, ali məqsəddir və biz bu məqsəd uğrunda bundan sonra da əzmlə çalışacağıq”-, deyə vurğulamışdı. O vaxt Ulu Öndərin bu ideyasına dəstək verən Gürcüstan Prezidenti Eduard Şevardnadze Prezident Heydər Əliyevin Qafqazda sülh təşəbbüsünü dəstəkləyən ilk dövlət başçısı olduğunu bildirmişdi. Bundan başqa, tarixi faktlara diqqət etsək görərik ki, Ulu öndər Heydər Əliyev bütün Qafqaz bölgəsində sülhün yaradılması təşəbbüsü ilə çıxış edib, onun təklifi ilə imzalanmış “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Tbilisi Bəyannaməsində (1996) “Ümumi Qafqaz evi” ideyası dəstəklənib. ATƏT-in İstanbul zirvə görüşündə (1999) “Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq paktı”nın yaradılması təklifi ilə çıxış edən Heydər Əliyevin bu təklifi bir çox region dövlətləri tərəfindən müdafiə olunub. 

Azərbaycan bununla bağlı siyasətinə indi də sadiqdir. Bu gün  “İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda vəziyyəti tam dəyişdiyi üçün regionda yeni yanaşmaya, yeni gündəliyə ehtiyac var”- deyən Prezident İlham Əliyev də Cənubi Qafqazda üçtərəfli əməkdaşlığın vaxtının çatdığını bəyan edir: “Bu günə qədər Azərbaycanın Gürcüstanla əlaqələri vardır, Ermənistanın da Gürcüstan ilə münasibətləri var, lakin Azərbaycan ilə Ermənistan arasında hər hansı bir təmas və ya əməkdaşlıq yox idi. Bəlkə də artıq üçtərəfli əməkdaşlığın mümkün olub-olmamasına baxmağın vaxtı çatıb”. 

Azərbaycanın iqtisadi potensialını, regionda həyata keçirilən enerji və nəqliyyat layihələrini nəzərə alsaq, bu baxımdan “Ümumi Qafqaz Evi” konsepsiyasının reallaşdırılması üçün yetərli imkanlar mövcuddur. Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bu istiqamətdə çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edən Azərbaycan 10 noyabr 2020-ci il tarixli birgə üçtərəfli bəyanatı əsas tutaraq sənədin reallaşdırılması üçün texniki və maliyyə imkanlarını ayırıb. Sənədə uyğun olaraq Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. 

Hazırda dünyanın aparıcı güc mərkəzləri öz potensialından istifadə edərək Ermənistanı həm sülh sazişinin imzalanmasına, həm də “Ümumi Qafqaz Evi” ideyasına qoşularaq irəli getməyin yeganə yol olduğuna inandırmalıdır.  Ermənistanın havadarlarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların əsas vəzifəsi məhz Ermənistan ilə Azərbaycan arasında etimadın gücləndirilməsi tədbirlərinə töhfə vermək və sülh müqaviləsinin imzalanmasını təşviq etmək olmalıdır. Məlumdur ki, Ermənistan işğal dövründə sərhəd anlayışını qoşunların təmas xətti üzrə təsəvvür edib və hazırkı dövrdə yaranmış yeni reallıqdan çıxış etmək üçün hazır olmaya bilər. Lakin hazırkı reallığın əsasında beynəlxalq  hüquq amili dayanır və bütün məsələlər bu çərçivədə həllini tapmalıdır. BMT, ATƏT və digər bu qəbildən olan qurumlar, ayrı-ayrı bölgədə marağı olan aparıcı ölkələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyasına öz dəstəklərini verməlidirlər. Hazırda bölgənin bərpası, həyatın öz axarına qayıtması və Ermənistanla Azərbaycan arasında, ümumilikdə Cənubi Qafqazda vəziyyətin sabitləşməsi onların fəaliyyətinin əsas prioriteti olmalıdır. 

Ermənistan bir an öncə özündə cəsarət tapıb reallığı anlamalı və Cənubi Qafqazın ümumi gələcəyi naminə onun planlaşdırılması prosesinə qoşulmalıdır. Ermənistan siyasətçilərinin indi əsas vəzifəsi xəstə təxəyyülə söykənib revanşist bəyanatlarla çıxış etmək deyil, öz xalqlarına xoşbəxt gələcəyin regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsindən keçdiyini izah etmək olmalıdır. Bu olmasa, sülh sazişi imzalanmasa, Azərbaycanın gələcəyə hesablanmış xoş niyyətli bəyanatlarına adekvat reaksiya olmasa, Ermənistan dövlət olaraq daha acı sonluqla üzləşəcək…
Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top