Prezident Azərbaycanın yeni informasiya strategiyasını yaradır — TƏHLİL


SİYASİ 21 may 2021, 16:12
Prezident İlham Əliyev Vətən müharibəsində və post-münaqişə dövründə müsahibələri və çıxışları ilə Azərbaycanın yeni informasiya strategiyasının əsasını qoydu. Bu strategiyanın əsas hədəfi ölkəmiz haqqında uzun illər ərzində dünya erməniliyi tərəfindən formalaşdırılmış yalanların ifşası, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və informasiya cəbhəsində qələbələrin əldə edilməsidir.

Azərbaycan Prezidenti informasiya müharibəsində qələbə seriyasına Vətən müharibəsi dövründə start verdi. 44 günlük müharibədə dünyanın 26 aparıcı mediasına (18 TV, 5 agentlik və 3 qəzet) müsahibələri, həmçinin ayrı-ayrı çıxışları və bəyanatları ilə dövlət başçısı 30 il ərzində Azərbaycan ətrafındakı qurmağa çalışdıqları və müəyyən qədər nəticə əldə etdikləri informasiya blokadasını yardı, həqiqətləri bütün dünyaya bəyan etdi. Bunun nəticəsi olaraq, döyüş meydanında düşmənə qalib gələn, torpaqlarını azad edən Azərbaycan informasiya meydanından da qalib çıxdı. Lakin Prezident İlham Əliyev informasiya müharibəsində liderliyini davam etdirməkdədir.

Dövlət başçısı 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında 4 saat ərzində 35 media qurumunun 50-dək sualını cavablanırdı. Hər bir suala incəliyinə qədər cavab verən, tutarlı arqumentlər təqdim edən dövlət başçısı bununla bütün cəbhələrin əvəzolunmaz lider olduğunu nümayiş etdirdi.

Aprelin 11-də isə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri təmsil olunurdular. Prezident İlham Əliyev dəyirmi masada xarici nümayəndələrin müharibəyə, münaqişəyə, eləcə də post-münaqişə dövründə atılacaq addımlara aid suallarını cavablandırdı, bununla Azərbaycanın mövqeyini və regionun gələcəyini necə gördüyünü bəyan etdi.

Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformata da informasiya cəbhəsində aparılan mübarizənin davamı kimi baxa bilərik. Dövlət başçısı müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqların suallarını ətraflı şəkildə cavablandırdı.

Bütün bunlar Prezidentin yeni informasiya strategiyasının əsasını təşkil edir. Dövlət başçısının nitqlərinı, müzakirələrdə iştirakına, səsləndirdiyi fikirlərə dünya mediasında, siyasi dairələrdə olan maraq onu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir. Prezident İlham Əliyev heç bir sualdan yayınmır, bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirir, onlara sistemli yanaşma nümayiş etdirir, məntiqlə və əhatəli şəkildə təhlil edir.

Diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik  məharəti, dünyada, regionumuzda  və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığı, elmi-politoloji biliyinin dərinliyidir.

Əldə olunan nəticələrə və mövcud mənzərəyə baxdıqda əminliklə deyə bilərik ki, istər müharibə dövründə, istərsə də post-konflikt mərhələdə cənab İlham Əliyevin yeni informasiya strategiyası Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində mühüm rol oynadı.

Yeni informasiya strategiyası müharibə dövründə Ermənistan-Azərbaycan münaqişəsi, Vətən müharibəsi haqqında həqiqətlər barədə dünya ictimaiyyətini  ətraflı məlumatlandırmağa şərait yaratdığı kimi, post-konflikt dövrdə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri barədə dünyaya dolğun məlumat verməyə şərait yaradır.

Zaur Hacılı
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top