Azərbaycanda görünməmiş hadisə: Bu qadının 5 övladı olacaq

SOSİAL 20 may 2021, 15:15
Azərbaycanda ana beşəm dünyaya gətirməyə hazırlaşır.

Müsahib bu ali hissləri yaşayan və beşəm övlada hamilə olan Lamiyə Mürşüdlüdür.

Həmin müsahibəni təqdim edirik:

- Özünüzü təqdim edin...

- Lamiyə Mürşüdlü, 29 yaşım var. İxtisasca tibb işçisiyəm. Hazırda 24-cü həftədə beşəmlərə hamiləyəm.

- İlk hamiləliyinizdir?

- Bəli ilk hamiləliyimdir. 3 ildir ailəliyəm. Etdiyim müalicələrə orqanizmim cavab vermədiyi üçün həkim tərəfindən süni mayalanma məsləhət görüldü. Və biz də etdirdik.

- Beşəmlərinizin olacağını necə öyrəndiniz ?

- Süni mayalanma nəticəsində 4 embrion toplanmışdı və 4 embrionun hamısı bətnimə yerləşdirildi ki, riskə almayaq. Embrionların hamısı tutdu və biz ilk ultrasəs müayinəsi zamanı övladlarımızın dördüz olacağını düşünürdük. Ürək döyüntüsü eşitmək üçün 9-cu həftəsində təkrar müayinəyə gedərkən bir embrionun iki yerə bölünüb, övladlarımızın dördüz yox, beşəm olduğunu öyrəndik. Erkən doğum riski olduğu üçün bizə abort məsləhət görüldü. Ancaq həkimlər bizə heç bir zəmanət verilmədi ki, uşaqlardan biri ya ikisi alınarsa, digərləri də yaşayacaq ya yox. Çünki 12-ci həftəsinə qədər uşaqların ürəklərinin dayanma riski var idi. 12-ci həftədən sonra isə mümkün deyildi ki, biz gedib uşaqlardan imtina edək.

- Beşəmlərə bətninizdə daşımaq hansı narahatlıqlar yaradır səhhətinizdə?

- Məni əsas narahat edən şəkər və təziqimin olmasıdır. Tez-tez təziqim qalxıb-düşür. Şəkərim qalxanda halsızlaşıram. Ancaq ümumi götürsək, bütün günü evdə oluram və daima kiminsə yardımını aldığım üçün normalam.

- Əkiz və ya üçəm genetik faktorunuzda varmı?

- Genimizdə əkiz uşaq dünyaya gətirən qohumlarımız var. Ancaq üçəm yoxdur.

- Uşaqların cinsiyyəti nədir?

- Uşaqlardan 3-ü oğlan,2-si qızdır.

- Beş uşağa baxmağın çətinliklərini düşünürsünüz?

- Bəli, bilirəm ki, onlara baxmaq çətin olacaq. Ancaq bizim ondan da böyük çətinlik və riskimiz onların erkən doğumla dünyaya gəlmələridir. Əgər onlar erkən dünyaya gələrlərsə, uşaqların küvəzə düşmə riski var. Ağ ciyərləri açılmadığına görə iveyl aparatına qoşulu olaraq qalmalıdırlar. Bu maddı sıxıntı yaradır və bizə daha çox yardım bu cəhətdən lazım olacaq. Bir uşaq üçün dərmansız aparatın bir günlük qiyməti 250 AZN-dir. Bunu 5 uşaq üçün nəzərdə tutduqda, kifayət qədər məbləğ edir. Əgər 28-ci həftəsində uşaqlar doğularlarsa, yəni 34-cü həftəmizə qədər gəlib çatmarıqsa, uşaqların bu aparatda qalma müddəti 20 gündən 2 aya qədər olması vacib olacaq.

- Uşaqlara qoyacağınız adları düşünmüsünüzmü?

- Yox, hələlik ad fikirləşməmişik. Əsəs hədəfimiz 28-ci həftəyə çatmaqdır ki, bu zaman ağ ciyərlərin açılması üçün iynə vurulsun. İnşAllah salamatlıq olsun 28-ci həftəmizə çataq, daha sonra ad haqda düşünərik.

- Azərbaycanda beşəm dünyaya gətirən valideynlər var? Bu necə bir hissdir?

- Əgər səhv etmirəmsə məndən öncə beşəm dünyaya gətirən qadın 2014 ya 2016-cı ildə 24-cü həftəsində dünyaya gəldiyi üçün övladları vəfat edib. Mən dördüz dünyaya gətirəcəyimi öyrənəndə, Azərbaycanda 4 dördüzün olduğunu bildim. Ancaq onlardan biri mənimlə əlaqəyə keçdi. Digərlərini tapa bilmədim. Mənə onların keçirdiyi hamiləlik müddəti maraqlı idi. Türkiyədə 4 beşəm var, beşinci məndən 3 həftə öndədir. Sağ olsun onlar hər hansı problem və ya narahatçılıq olduqda onlarda da eyni halın olub-olmamasını dərhal yazaraq bildirirlər.

- Son olaraq nə demək istəyirsiniz?

- İlk olaraq Allah arzusunda olan hər kəsə ana olmağı nəsib etsin. Sadəcə olaraq küvəz iveyl aparatına qoşulmaq lazim olarsa, bizə maddi yardım lazım olacaq. Öncəliklə ölkə başçımız bizim qayğımıza qalarsa, maddi cəhətdən kömək edərsə, minnətdar olarıq. Bizi təkcə narahat edən məqam budur.(azxeber.com)
 


Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top