Ermənistanla gərginlik Azərbaycanın iqtisadi əlaqələrinə necə təsir edəcək?

İQTİSADİYYAT 16 may 2021, 21:01
“Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağ müharibəsi artıq tarixə qovuşub, problem həll olunub. Ona görə də indiki halda ermənilərin etdikləri  yalançı səs-küydən başqa bir şey deyil”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov postmüharibə dövründə yaranmış situasiyanın Azərbaycanın əsas tərəfdaşları ilə iqtisadi əlaqələrinə mümkün təsirləri barədə danışarkən bildirib.

V.Əhmədovun sözlərinə görə, Ermənistanın xüsusilə Qarabağ ətrafında səs-küy salmasının, informasiya savaşının, Rusiya sülhməramlılarının özünü heç də yaxşı aparmamasının Azərbaycanın digər dövlətlərlə iqtisadi əlaqələrinə hər hansı təsiri olmayacaq:

“Əksinə biz, işğaldan azad edilmiş torpaqlarımız hesabına iqtisadi artım gözləyirik. Qarabağa investisiya cəlbi, həmçinin, kənd təsərrüfatı sahəsinin genişləndirilməsi əsas hədəflərdəndir. Ona görə də ermənilərin hay-küyü iqtisadiyyatımıza təsir edəcək məsələ deyil.

Fikir verdinizsə, Zəngəzurla əlaqədar cənab Prezident qəti iradəsini ortaya qoydu və bildirdi ki, ermənilər istəsə də, istəməsə də Zəngəzur məsələsi həll olunacaq. Bu, bütün dünyaya, ermənilərə, o cümlədən, 44 günlük müharibədə Azərbaycanın qələbəsini həzm edə bilməyənlərə, erməniləri dəstəkləyənlərə ciddi mesaj idi. Amma ümumi götürüldükdə, ermənilərin beynəlxalq informasiya məkanında canfəşanlığı kifayət qədər artıb, müəyyən dövlətlər tərəfindən ciddi reaksiyalar var. Biz isə istənilən halda, istənilən qələbədə qarşımızdakının erməni olduğunu unutmamalıyıq. Erməni heç vaxt yatmır, daim bir həmlə axtarır. İstər özləri, istərsə diaspor nümayəndələri gecə-gündüz işləyirlər, çalışırlar ki, süni ajiotaj yaratsınlar, bu işə ATƏT-in Minsk qrupunu qoşsunlar, Qarabağın status məsələsini yenidən gündəmə gətirsinlər. Amma bütün bunlar ermənilərin xülyaları, fobiyadan doğan addımlarıdır. Qafqazda kifayət qədər digər ciddi məsələlər var ki, tezliklə öz həllini tapacaq”.

Deputat hesab edir ki, biz informasiya savaşında daha aktiv olmalıyıq:

“Bu məsələdə Diasporla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərindən daha çox istifadə etməliyik, həm də jurnalistlər yalnız daxili deyil, beynəlxalq auditoriyaya da işləməlidirlər. Onsuz da qələbə Azərbaycanındır. Biz heç bir qonşumuza qarşı ərazi iddiası ilə çıxış etmirik, biz öz dövlətimizin sərhədləri daxilində ərazi bütövlüyümüzü bərpa edirik. Hazırda da sərhədlərin delmitasiyası və demarkasiyası aparılır. Ermənilərin “Azərbaycan bir neçə kilometr Ermənistana daxil olub” yalanını uydurmaqla deyil. Yalan ayaq açır, amma yerimir, bunlar hamısı utopiyadır. Beynəlxalq səviyyədə tanınan mövcud xəritələr var. Sərhədlər də bu xəritələrə əsasən bərpa olunacaq. Ermənistan dövləti nə qədər ki, Azərbaycanın ərazi bütövlüyünü tanımır, onun istər daxildə, istərsə beynəlxalq aləmdə, istərsə də qonşularla münasibətdə vəziyyəti heç vaxt yaxşı olmayacaq. Ermənistan birdəfəlik bunu başa düşməlidir”.

Deputatın sözlərinə görə, haqlı savaşında Azərbaycanı dəstəkləyən çox güclü dövlətlər var:

“Ona görə də hesab edirəm ki, bütün bunları nəzərə alaraq, informasiya müharibəsində aktivləşməliyik. Ümumiyyətlə, proseslərin fonunda Azərbaycanın ticarət tərəfdaşlarının bizə olan münasibətinin dəyişməsi, əlaqələrdə qırılmalar mümkün deyil. Çünki Azərbaycanın öz partnyorları ilə olan əlaqələri bir günə yox, on illərə dayanır. Ola bilər ki, kimlərsə Ermənistanı müdafiə edir, təbii ki, onlarla münasibətlər soyuya bilər. Amma bizim əsas strateji tərəfdaşlarımız qalmaqdadır və bu sıra daha da genişləndiriləcək. Bizim dünyanın güclü dövlətlərilə ticarət və tərəfdaşlıq sazişlərimiz var. Bizim əsas ixracımız neft-qazdır. Bunu da əsasən Avropa dövlətlərinə ixrac edirik ki, onların da buna çox böyük ehtiyacı var. Digər məsələlər, texnika, kənd təsərrüfatı məhsulları üçün bazarlar axtarılır. Bu dəqiqə bizim üçün ən böyük bazar Türkiyədir. Qonşu ölkə ilə bizim çox sıx əlaqələrimiz var və genişlənməkdə davam edir. Yaxın vaxtlarda ticarət əlaqələrinin 20 milyar dollara çatdırılması planlaşdırılır. Ona görə iqtisadi cəhətdən heç bir çətinliyimiz yoxdur. Əksinə, önümüzdə daha geniş qapılar açılır. Biz sadəcə hər şeydən səmərəli istifadə etməyi bacarmalı, düşmənə qarşı diqqəti artırmalıyıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top