Dmitri Solonnikov: “İrəvan “pis oyunda yaxşı mina oyunu” oynamağa çalışır”

QARABAĞ 14 may 2021, 13:03
Ermənistanın cari hökuməti sanki kart oyununda “blef etməyə” çalışır. Bu sadəcə İrəvanın Cənubi Qafqaz bölgəsində vəziyyətə təsir etmək imkanlarının olduğunu nümayiş etdirmək cəhdidir.

Bu barədə rusiyalı politoloq, Çağdaş Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov RF XİN rəhbəri Serqey Lavrovun Bakıya səfəri zamanı kommunikasiyaların açılması ilə bağlı müzakirələrini və Ermənistanın buna mənfi münasibətini Caliber.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti seçicilərinin gözündən düşüb, bu səbəbdən erkən parlament seçkiləri öncəsi müəyyən bir “potensial fürsət” nümayiş etdirməyə çalışır, demək istəyirlər ki, guya “biz hələ də güclüyük, tam da uduzmamışıq”.

Politoloq bildirib ki, İrəvan əvvəlcə müqavilələri pozmağa və şərtlərinə təsir göstərməyə qadir olduğunu göstərmək istəyəcək.

“İkinci komponent isə hətta Rusiya və Avrasiya İqtisadi İttifaqının digər ölkələri ilə (hansı ki, həm Türkiyə, həm də İranla rabitə əlaqələrində, nəqliyyat dəhlizində, Cənubi Qafqazın iqtisadi cəhətdən canlandırılmasında maraqlıdır) bazarlıq etmək, bəzi əlavə üstünlüklərə nail olmaq cəhdidir”.

Ekspert ümumiyyətlə, erməni ritorikasının iyunun 20-dək (Ermənistanda seçkilərin tarixi - red.) dəyişəcəyinə az ehtimal verib.

“Eyni zamanda, Ermənistana siyasi təzyiq göstəriləcəyini, məsləhətləşmələrin aparılacağını söyləyə bilərik. Ancaq hələlik heç kim çox dərinə getməyəcək, çünki sülh müqavilələrinin tamamilə yenidən nəzərdən keçirilməsi əhvalında olan revizionist qüvvələrin hakimiyyətə gəlməsi heç kimə lazım deyil”.

İrəvanın istəyib-istəməməsindən asılı olmayaraq kommunikasiyaların açılması məsələsinə gəlincə isə Sollonikov bunun zaman məsələsi olduğunu bildirib.

“Ermənistanda seçkilər keçiriləcək. Bundan sonra danışıq aparmaq daha asan və aydın olacaq. Ancaq nəqliyyat dəhlizi (Zəngəzur - Ermənistan ərazisindən Naxçıvana - red.), əlbəttə, ortaya çıxacaq. Bunda yalnız Rusiya və Azərbaycan deyil, Qazaxıstan, Belarus, Türkiyə, İran və digər ölkələr maraqlıdırlar. Erməni tərəfini inandırmaq üsülları isə əlbəttə ki tapılacaq”, - deyə politoloq sözlərini yekunlaşdırıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top