Deputat: “Zəngəzur dəhlizinin açılması Naxçıvanı blokadadan azad edəcək”

GÜNDƏM 11 may 2021, 11:11
Dünən Prezident İlham Əliyev Naxçıvanda rəsmi səfərdə idi. Səfər çərçivəsində Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə tanış olan Prezident Azərbaycan Televiziyasına verdiyi müsahibədə Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi addımların atıldığını bildirib. 

Yeni nəqliyyat dəhlizinin açılması, Ordubad dəmir yolu stansiyasının qurulması Naxçıvanın 30 illik blokadasının başa çatması deməkdir.


Bu dəhlizin açılmasının əhəmiyyətindən danışan Milli Məclisinin deputatı Azər Badamov Demokrat.az-a açıqlamasında bunun həm siyasi, həm də iqtisadi baxımdan olduqca böyük əhəmiyyətə malik olduğunu bildirib: 

“Prezident Naxçıvana səfəri çərçivəsində də bu məsələyə bir daha toxundu. Zəngəzur dəhlizinin açılması alternativsiz, labüd məsələdir. Bu yol Azərbaycanı Naxşıvanla birləşdirəcək və Azərbaycanı bütövləşdirəcək. Bu, həm də bizim Türkiyəyə açılacaq qapımız olacaq. Bu dəhlizin açılması ilə Azərbaycan Türkiyə ilə birləşəcək və regionda yeni siyasi gücün meydana gəlməsinə imkan yaradacaq.

İqtisadi baxımdan da bu, həm ölkəmiz, həm də region üçün böyük əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi regional əməkdaşlığın inkişafında təməl nöqtəsi olacaq. İlk növbədə, bunun sayəsində illərdir blokada şəraitində olan Naxçıvanı bu blokadadan azad edəcək. Bununla da, Naxçıvanın uzun illərdir yaşadığı problem öz həllini tapacaq. Yeni nəqliyyat dəhlizinin açılmasından sonra Naxçıvanla təmasımız quru yolu vasitəsilə daha rahat qorunacaq”. 

Deputatın fikrincə, yeni nəqliyyat dəhlizinin açılması Azərbaycanın beynəlxalq əhəmiyyətinə də ciddi təsir göstərəcək:

“Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq logistik mərkəz kimi əhəmiyyətini artıracaq. Ölkəmizin üzərindən daşınan yüklərin həcmi də xeyli artacaq. Daşınan yüklərin həcminin artması həm də dövlət büdcəsinə daxil olan məbləğin də artması deməkdir. Zəngəzur dəhlizi həmçinin Avropa ilə Asiyanı daha sıx birləşdirəcək yoldur. Həm regional əməkdaşlıq imkanları genişlənəcək, həm də regionda davamlı sülhün təmin olunmasında həlledici rol oynayacaq. Yeni nəqliyyat dəhlizinin açılması Ermənistan üçün də nəfəslik rolunu oynayacaq. Ermənistan illərdir apardığı işğalçılıq siyasəti nəticəsində tərəfimizdən blokadaya alınmışdı. Ermənistanın iqtisadiyyatı faktiki tənəzzüllə qarşılaşmışdı. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də vacibdir və onlar yeni siyasət yürüdərək, bu imkandan istifadə edə bilərlər. Lakin dediyim kimi, bu məsələdə ən vacib nüans Naxçıvanın blokadadan çıxarılması və bu bölgəmizlə birbaşa quru yolunun açılmasıdır”.


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top