Heydər Əliyevin ən böyük hədəfi

GÜNDƏM 10 may 2021, 14:47
Ulu Öndər Heydər Əliyev zamanı qabaqlayan, fəaliyyəti gələcəyə ünvanlanan böyük dövlət adamı idi. 

Məhz həmin fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan təkcə dünyada aparıcı söz sahibinə çevrilməyib, özünün müstəqil siyasəti, mövqeyi olan, müstəqilliyi daha da əbədiləşən, heç kimdən asılı olmayan dövlət statusu qazanıb. Heydər Əliyev gücünü, təcrübəsini, siyasi nüfuzunu səfərbər edərək Azərbaycan dövlətini qurarkən ən böyük hədəflərindən biri Qarabağın azad olunması idi. 

O, elə bir dövlət qururdu ki, öz torpaqlarını işğal altından xilas etməyə qalxarkən təzyiqlərlə üzləşmək imkanı minimuma ensin. Özünün iqtisadi gücü elə bir səviyyədə olsun ki, belə bir məqamda hansısa dövlət ona iqtisadi rıçaqlarla təzyiq göstərə bilməsin. Ordusu elə imkanlara malik olsun ki, düşməni əzəli torpaqlarımızdan həmişəlik rədd etsin.

Azərbaycanın imzasını müxtəlif qlobal iqtisadi layihələrə daşıyan Heydər Əliyev ölkəmizin siyasi müstəqilliyinin mühafizəsində elə bir sədd yaratdı ki, bunun müsbət nəticələrini hər gün həyatımızda hiss etməkdəyik. Məhz bu layihələrin gətirdiyi nüfuz, təhlükəsizlik,  maddi imkanlar daha da güclənən, müasir orduya malik Azərbaycan qurmağa imkan verdi. 

Bu gün Qarabağda qazandığımız 44 günlük Zəfərin təməlini Heydər Əliyev bax beləcə qoymuşdu. Ulu Öndər “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”- deyəndə sıradan bir bəyanat vermirdi. Böyük Qələbəyə aparıb çıxaracaq möhkəm bünövrə yaradırdı. Davamlı iqtisadi inkişaf, müasir ordu quruculuğu üçün hələ SSRİ dönəmindən başlatdığı işləri müstəqillik dövrünün tələblərinə uyğun sürətlə gerçəkləşdirirdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşanın azad olunduğu gün ata vəsiyyətini yerinə yetirdiyini bəyan edərkən, həm də Ulu Öndərin qoyub getdiyi yolun, siyasi məktəbin ən böyük hədəfinə çatdığını, bu yolun bizi daha böyük işlərə imza atmağa aparacığını bildirirdi.  Bu yola alternativ dünən də yox idi, bü gün də yoxdur. Zaman sübuta yetirir ki, olmayacaq da! Heydər Əliyev yolu Azərbaycan dövlətinin, millətinin daim müstəqil olması, inkişaf etməsi, böyük amallara hədəflənən bir yoldur...

Zaman həm də onu sübut etdi ki, xalqın dəstəyi ilə Azərbaycanın idarəçiliyinin Heydər Əliyev siyasi məktəbinin yetirmələrinin əlində olması ölkəmizin öz hədəflərinə çatmasında ən mühüm faktordur. 

Prezident İlham Əliyev dövlət əhəmiyyətli tədbirlərin əksəriyyətində 90-cı illərin əvvəllərindəki dövrə təsadüfi olaraq toxunmur.  

Prezident Ulu Öndər Heydər Əliyevin hansı şəraitdə dövlət qurduğunu, indiki uğurların, Qarabağa qovuşmağımızın təməlində ONUN rolunu anladır. İlham Əliyevin 17 illik hakimiyyəti dövrünə nəzər saldıqda sayı-hesabı itən quruculuq işlərinin, Azərbaycanın bir sıra teleyüklü məsələlərinin həllinin şahidi oluruq.  Öz imzasını Şuşanı, Qarabağın digər bölgələrini azad etməklə əbədi olaraq tarixə yazdıran da Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevdir. Və o, çıxışlarında müstəqillik illərinin əvvəllərinə dönə-dönə qayıtmaqla indiki uğurların əsasının nə zaman qoyulduğunu bu gün 30 yaşlı, həmin dövrü görməyən gəncliyə anladır. Anladır ki, Azərbaycanın gələcəyi gerçəyi bilsin, yad təsirlərə düşməsin...

Həqiqətən də belədir. Azərbaycanın hansı bəlalardan xilas olmasını, Ulu Öndər Heydər Əliyevin siyasi güçü haqqında təssəvürləri 1990-cı illərin hadisələri ilə bağlı çox da uzaq olmayan tarixi dövrdən savayı, yaxşı heç bir siyasi proses mükəmməl anlada bilməz. O illər Azərbaycanın yaxın zamanına aid fəlakətlərin ən pisi, ən qorxulusudur və həmin dövrdən dərs alaraq gələcəyə baxmaq olduqca vacibdir. 

Bir 1 nəfər şəkili ola bilər

Həmin dövrdə Azərbaycanda elə bir siyasi böhran, elə qarışıqlıq yaranmışdı ki, bu mürəkkəb vəziyyətin doğurduğu xaosun bitəcəyinə inam sönmüşdü. Mütləq əksəriyyəti həvəskar siyasətçilərdən ibarət olan o dövrün hakimiyyətinin ölkəni saldığı durum olduqca qorxunc şəkil almışdı. Bu komandanın naşılığı, dövlət idarəciliyindən xəbərsizliyi, hakimiyyət postlarına hərisliklə yiyələnməsi, ən strateji nazirliklərin belə siyasi naşıların əlinə keçməsinə gətirib çıxarmışdı. Azərbaycan idarəolunmaz bir vəziyyətə düşmüş, başqa tərəfdənsə,  müstəqilliyimizi gözü götürməyən xarici dövlətlərin ölkəni qarışdırmaq kimi mənfur planlarının icrası üçün münbit şərait yaranmışdı. 

Bütün sahələrdə vəziyyət olduqca ağır idi. Siyasi sahədə Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı, müxtəlif siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi, müdafiə vəhdətinin pozulması, separatçı meyllərin güclənməsi nəticəsində ölkənin ərazi bütövlüyünün zəifləməsi, xarici dövlətlər tərəfindən Azərbaycanın daxili proseslərinə artan müdaxilələr, ölkənin beynəlxalq aləmdən təcrid olunması baş vermişdi.

İqtisadi sahədə keçmiş SSRİ ərazisində iqtisadi məkanın dezinteqrasiyası, keçmiş ittifaq respublikaları ilə təsərrüfat əlaqələrinin pozulması, maliyyə-pul sisteminin destabilizasiyası və kifayət qədər valyuta vəsaitlərinin olmaması, manatın kursunun aşağı düşməsi, nəzarət edilməyən iqtisadi böhran və strukturun yenidən təşkili üçün vəsaitlərin olmaması, xarici yardımdan asılılığın güclənməsi, əhalinin çaşqınlığı və mənəvi-psixoloji böhran, kənd təsərrüfatında, sənayedə istehsalın aşağı düşməsi, ərzaq idxalından asılılıq səbəbindən potensial zəiflik, yanacaq-enerji kompleksinin böhran vəziyyəti hökm sürürdü.

Sosial sahədə  əhalinin yoxsullaşması, əhalinin sosial müdafiəsinin əsas institutlarının dağılması, əhalinin geniş dairələrində sosial çarəsizlik əhval-ruhiyyəsinin artması müşahidə olunurdu.

Beləliklə, Azərbaycan müstəqilliyinin ilk illərində hamının görə bildiyi, hamının qorxduğu faciələr içərisində itib-batırdı. 70 ildən sonra qazanılan müstəqillik bir qrup adamın yarıtmaz idarəçiliyi üzündən yenidən itirilirdi. Bir tərəfdə vətəndaş müharibəsi, digər tərəfdə isə yeni ərazilərin itirilməsinə yaranan təhlükənin nə demək olduğunu anlamaq çətin deyildi. 

Hətta Heydər Əliyev kimi təcrübəli, Vətəninə bağlı dövlət adamının belə  məhz bu duruma salınmış Azərbaycanı xilas edəcəyi möcüzə kimi görünürdü. Onu qəbul etməyən, hər zaman qısqançlıqla yanaşanlar nəinki özlərinin, bütövlükdə, Azərbaycanın Heydər Əliyevə ehtiyac duyduğunu dərk etməli olsalar da ölkənin xilası böyük suallar qarşısında idi. 

Heydər Əliyev belə bir Azərbaycanı AXC-Müsavat iqtidarından təhvil alaraq, qalan ömrünü, təcrübəsini Vətəninə həsr etdi. Böyük ustalıqla vəzifəyə müxtəlif yollarla sahiblənən xainləri zərərsizləşdirdi, siyasi sabitlik yaradaraq Azərbaycanın sürətli inkişafını təmin etdi. 70 ildən sonra əldə olunan müstəqilliyi əbədiləşdirdi. Həmişə var olacaq AZƏRBAYCAN DÖVLƏTİ yaratdı. Heydər Əliyev elə bir siyasi məktəb, elə bir yol qoyub gedib ki, bu yola sadiqlik, bu yolla yürümək Azərbaycanı dünya var olduqca müstəqil dövlət kimi yaşamağına vəsilə olacaq!

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top