Mehman Əliyev: “Heydər Əliyev Fondu Azərbaycanın ümumbəşəri irsin qorunub saxlanmasına dəyərli töhfə verir”

GÜNDƏM 05 may 2021, 14:41
Azərbaycan işğaldan azad etdiyi ərazilərdə dağıdılmış obyektlərin bərpasına başlayıb. Təmir-bərpası aparılan obyektlərdən biri də Şuşada yerləşən Qazançılar kilsəsidir. Kilsənin bərpası niyəsə ermənilərin etirazına səbəb olub. İşğal etdiyi ərazilərdə tarixi-mədəni, dini abidələrə hörmət etməyən, müqəddəs məscidlərdə donuz saxlayıb, dini məkanları təhqir edən dövlətin nümayəndələrinin tolerant Azərbaycanın kilsəni bərpa etməsinə münasibəti də anlaşılandır.

Turan İnformasiya Agentliyinin direktoru, jurnalist Mehman Əliyev Demokrat.az-a verdiyi açıqlamada bu kilsənin bərpasının siyasi addım olduğunu açıqlayıb: 

“Burda məsələ daha çox siyasidir. Ermənilər o kilsənin quruluşunu dəyişib, erməniləşdiriblər. Sözügedən kilsənin quruluşu tamamilə başqa cür olub. Ermənilər həmin kilsədə iki dəfə yenidənqurma işləri aparıblar və kilsəni ucaldıblar. Ermənilər həmçinin kilsənin ətrafında olan evləri də tamamilə söküb-dağıdıblar ki, kilsə hər yerdən aydın görünsün. Bununla da onlar Qarabağ uğrunda hökmranlıqlarını təsdiq etmək istəyiblər. Kilsənin əvvəlki görünüşü tamamilə fərqlidir. Bu baxımdan, kilsənin indi yenidən təmir edilməsi və əvvəlki vəziyyətinə qaytarılması normaldır. Düşünürəm ki, kilsənin əvvəlki vəziyyətinə qaytarılması ermənilərin məlum iddialarının puç olması deməkdir. Bu abidələrin bərpa edilməsi daha çox siyasi xarakter daşıyır”.



Jurnalist həmçinin qeyd edib ki, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə tarixi-mədəni, dini obyektləri bərpa etməklə Azərbaycanın ümumbəşəri irsin qorunub saxlanmasına dəyərli töhfə verir:

“Azərbaycanın düşmənləri hər zaman çalışıblar ki, ölkəni radikal-islamçı dövlət kimi tanıtsınlar. Bu addımlar göstərir ki, azərbaycanlılar heç də belə deyillər və bu xalq hər bir dinə qarşı hörmət edir. Ümumbəşəri və dini dəyərlər bizim üçün çox yüksəkdir və hər şeydən üstündür. Heydər Əliyev  Fondunun addımı ən çox bunu nümayiş etdirir. Fondun gördüyü iş Azərbaycanın tolerantlığını və mənəvi dəyərlərini təqdim edir. Bu da müəyyən dərəcədə siyasi və mədəni gedişlərdir. Əslində, 44 günlük müharibənin nəticələrində də bu məsələnin payı var. Biz şahidi olduq ki, ermənilər çalışırdılar ki, bu müharibəni dini müharibə kimi – İslam və xristianlıq arasında mübarizə kimi təqdim etsinlər. Onların bu istəyi isə alınmadı, çünki Azərbaycanın obrazı tam başqadır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top