
Rusiyanın Bakıdakı konsulu Azərbaycanda həbs olunan Rusiya vətəndaşları ilə üç saatlıq görüş keçirib.
Musavat.com xəbər verir ki, məlumatı Azərbaycandakı Rusiya səfirliyi açıqlayıb: "Biz təsdiq edirik ki, həbs edilmiş Rusiya Federasiyası vətəndaşlarına konsulluq girişi təmin edilib. Səfirliyin konsulluq şöbəsinin müdiri soydaşlarımızla üç saat ərzində əlaqə saxlayıb".
Diplomatik nümayəndəlik görüşün təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Azərbaycan bu ölkədə saxlanılan 13 Rusiya vətəndaşı ilə konsulluq əməkdaşlarının görüşünə razılıq verib.
Qeyd edək ki, Azərbaycan tərəfi də Rusiyadan Yekaterinburqda saxlanılan soydaşlarımızla konsulluq görüşünə şərait yaradılması üçün müraciət edib. Hələlik belə görüş təmin olunmayıb.