İtaliya–Azərbaycan Universitetinin yaradılması xüsusi əhəmiyyətə malikdir

GÜNDƏM 04 oktyabr 2025, 19:46
2022-ci ildən etibarən planlaşdırılan və iki ölkə arasında strateji tərəfdaşlığın növbəti mərhələsini təmsil edən İtaliya–Azərbaycan Universiteti artıq fəaliyyətə başlayır. Yeni ali təhsil ocağı Azərbaycan ilə İtaliya arasında elm, mədəniyyət və innovasiya sahəsində əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayacaq. Universitetin yaradılması Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında aparılan yüksək səviyyəli dialoqun, eləcə də təhsil diplomatiyasının uğurlu nəticəsidir. Layihə çərçivəsində İtaliyanın aparıcı ali təhsil müəssisələri – “La Sapienza”, “Politecnico di Torino”, “Luiss Guido Carli”, “Università degli Studi di Bari” kimi universitetlər tərəfdaş kimi çıxış edəcək. Bu əməkdaşlıq Azərbaycan tələbələrinə Avropa standartlarına uyğun təhsil almaq, ikili diplom proqramlarında iştirak etmək və beynəlxalq akademik təcrübə qazanmaq imkanı yaradacaq. İtaliya–Azərbaycan Universitetinin əsas məqsədi gənc nəslin innovativ düşüncə tərzi ilə yetişdirilməsi, elmi tədqiqatların inkişafı və texnologiyaların transferinə töhfə verməkdir. Müasir kampus infrastrukturu, yeni laboratoriyalar və beynəlxalq tədris proqramları sayəsində universitet regionda təhsilin keyfiyyətinə yeni nəfəs gətirəcək. Bu təşəbbüs təkcə iki ölkə arasında təhsil əlaqələrinin dərinləşməsi deyil, həm də Azərbaycan gəncliyinin Avropa akademik məkanına inteqrasiyasına mühüm dəstək kimi dəyərləndirilir.



Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib ki, İtaliya–Azərbaycan Universitetinin açılması çox böyük önəm və əhəmiyyət daşıyır:


“Ümumiyyətlə, bu gün Azərbaycan təhsil sistemi digər ölkələrin təhsil sahəsindəki təcrübələri ilə əlaqələrini daha da genişləndirir və möhkəmləndirir. Bu əməkdaşlıq sayəsində münasibətlərimiz yeni bir dövrə, yeni bir mərhələyə qədəm qoyur. Bu baxımdan İtaliya–Azərbaycan Universitetinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Bu universitet iki ölkə arasında təhsil əlaqələrinin inkişafına, əməkdaşlığın möhkəmlənməsinə və innovasiyaların tətbiqinə mühüm töhfə verəcək. Burada həyata keçirilən layihələr və tətbiq olunan yeniliklər həm Azərbaycan təhsilinin inteqrasiyasına, həm də onun ümumi inkişafına xidmət edəcək. Açılış mərasimində səslənən fikirlər, dövlət başçılarının çıxışları da bu istiqamətdə atılan addımların nə qədər vacib olduğunu bir daha göstərdi. Qeyd olundu ki, İtaliya təhsil sistemi dünyanın qabaqcıl təhsil modellərindən biridir”.

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan gənclərinin bu ölkədə təhsil almağa göstərdiyi maraq da bunun bariz nümunəsidir:

“Yeni universitetin müasir infrastrukturu, geniş imkanları və yüksək səviyyəli tədris şəraiti gənclərimiz üçün böyük perspektivlər açır. Əminik ki, burada yetişəcək gənc mütəxəssislər gələcəkdə dövlətimizin inkişafına və təhsilimizin beynəlmiləlləşməsinə öz töhfələrini verəcəklər. Beləliklə, İtaliya–Azərbaycan Universitetinin yaradılması həm iki ölkə arasında strateji münasibətlərin dərinləşməsinə, həm də Azərbaycan təhsilinin beynəlxalq səviyyədə möhkəmlənməsinə xidmət edən mühüm addımdır”.

Tanınmış təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycan ali təhsil sistemində son illərdə beynəlmiləlləşmə istiqamətində atılan addımlar diqqətəlayiqdir:


“Təhlil göstərir ki, ölkənin inkişaf strategiyası yalnız daxili resurslarla kifayətlənmir, həm də beynəlxalq əməkdaşlıqlara söykənir:
“İtaliya–Azərbaycan Universitetinin açılması bu istiqamətdə atılmış mühüm addımlardan biridir və təhsil məkanına yeni nəfəs gətirəcək. Əslində, bu cür layihələr Azərbaycanın ali təhsilinin dünya ilə inteqrasiyasını təmin edir, tələbələrə qlobal rəqabət mühitində daha geniş imkanlar açır. Statistika təsdiq edir ki, hazırda Azərbaycanda 51 dövlət və özəl universitet fəaliyyət göstərir və burada təhsil alan tələbələrin ümumi sayı 190 min nəfəri ötüb. Lakin bu universitetlərin yalnız bir hissəsi beynəlxalq reytinqlərdə təmsil olunur, onların da əsasən region üzrə mövqeləri ön plandadır. Bu isə göstərir ki, ölkənin ali təhsil sistemi dünya standartlarına uyğunlaşdırılmalıdır. Məhz bu məqamda İtaliya–Azərbaycan Universitetinin açılması mühüm hadisədir. Çünki bu universitet Avropa modelinə əsaslanacaq, Bologna prosesi prinsiplərini tətbiq edəcək və tələbələrə ikili diplom imkanı verəcək. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, ali təhsil sisteminin inkişafı beynəlxalq əməkdaşlıq və mübadilə proqramlarının genişləndirilməsi ilə bağlıdır. Bu hüquqi baza yeni universitetin açılmasını qanunla da əsaslandırır. Üstəlik, Prezidentin ali təhsilin beynəlmiləlləşməsinə dair sərəncamları və Elm və Təhsil Nazirliyinin bu istiqamətdəki fəaliyyəti göstərir ki, məqsəd Azərbaycanın gənclərinə Avropa keyfiyyətli təhsilini ölkədən kənara çıxmadan təqdim etməkdir”.

Ekspert əlavə edib ki, bunun müsbət tərəfləri çoxdur:

“İlk növbədə, tələbələr Avropa təhsil standartlarına uyğun diplom əldə edəcəklər və bu diplom Avropada və digər ölkələrdə tanınacaq. İkinci olaraq, universitet tələbələrə geniş mübadilə və təcrübə imkanları açacaq, onlar Erasmus+ kimi proqramlardan istifadə edə biləcəklər. Üçüncü mühüm məqam isə İtaliya ilə elm, sənaye və texnologiya sahəsində əməkdaşlıqdır. İtaliya dizayn, memarlıq, mühəndislik və incəsənət məktəbləri ilə tanınır. Bu sahələrdə bilik və təcrübənin Azərbaycana transferi ölkə üçün strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, mənfi tərəflər də ola bilər. Belə universitetlərdə təhsil haqqı milli universitetlərlə müqayisədə yüksək ola bilər. Əgər dövlət dəstəyi və təqaüd mexanizmləri geniş tətbiq olunmazsa, bu, bərabər imkanlar prinsipinə zidd olar. “Təhsil haqqında” Qanunun 5.4-cü maddəsində qeyd olunur ki, hər bir vətəndaş təhsildə bərabər hüquqa malikdir. Ona görə də, qiymət siyasətinin əlçatan olması vacibdir. Digər tərəfdən, milli universitetlər bu cür beynəlxalq layihələr fonunda daha çox rəqabətə məruz qalacaq və bu, onların öz inkişaf tempini sürətləndirməsini zəruri edəcək”. 

K.Əsədovun sözlərinə görə, dünya təcrübəsində birgə universitetlərin uğurlu modelləri mövcuddur:

“Məsələn, Çin–Britaniya əməkdaşlığının məhsulu olan Nottingham Ningbo Universiteti və ya Rusiya–Almaniya əməkdaşlığı ilə yaradılmış Moskva–Bonn Universiteti tələbələrə ikili diplom, geniş beynəlxalq təcrübə və elmi əməkdaşlıq imkanı təqdim edir. Azərbaycan da bu istiqamətdə addımlar atıb. Hazırda Azərbaycan - Türkiyə, Azərbaycan–Fransa Universiteti (UFAZ), Bakı Ali Neft Məktəbi ilə Heriot-Watt Universiteti arasında əməkdaşlıq, ADA Universiteti ilə ABŞ və Avropa ali məktəbləri ilə birgə proqramlar fəaliyyət göstərir. Bu layihələr artıq yüzlərlə tələbəyə beynəlxalq diplom və dünya miqyasında iş imkanı qazandırıb. Müqayisə aparsaq, UFAZ daha çox təbii elmlər və mühəndislik sahələrinə fokuslanıb, Heriot-Watt tərəfdaşlığı neft-qaz və texnologiya üzrə güclü təcrübə verir. İtaliya–Azərbaycan Universiteti isə fərqli istiqamətlərə – dizayn, incəsənət, mühəndislik və sosial elmlərə fokuslanacaq. Bu, ali təhsil sistemində mövcud boşluqları dolduracaq və müxtəlif ixtisas sahələri üzrə yeni mütəxəssislər hazırlayacaq.

Hesab edirəm ki, İtaliya–Azərbaycan Universiteti Azərbaycanın ali təhsilinə Avropa standartları əsasında yeni yanaşma gətirəcək, tələbələrə ikili diplom, geniş mübadilə və praktiki imkanlar təqdim edəcək. Bu, həm milli təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətini artıracaq, həm də ölkənin elmi, texnoloji və mədəni inkişafına mühüm töhfə verəcək. Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü strateji baxımdan çox uğurludur və tərifəlayiqdir. Əgər qiymət siyasətində əlçatanlıq təmin edilərsə və dövlət dəstəyi davamlı olarsa, bu universitet Azərbaycanın ali təhsil tarixində yeni bir keyfiyyət mərhələsi açacaq”. 

Leyla Turan 
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 oktyabr 2025, 21:27
Top