Bu məkanlarda siqaret çəkmək uşaqların psixologiyasına zərbə vurur — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 04 oktyabr 2025, 21:18
“Bir neçə il öncə ictimai və qapalı məkanlarda siqaret istifadəsinin qarşısının alınması ilə bağlı cərimə məsuliyyəti nəzərdə tutulmuşdu. Ancaq bir çox hallarda, xüsusilə də yaşlı şəxslər, eləcə də bəzi şadlıq evləri və restoranlarda bu qaydaya əməl edilmir. Belə məkanlarda siqaret çəkilməsi, xüsusən də uşaqların iştirak etdiyi tədbirlərdə, həm uşaqlar, həm qadınlar, həm də siqaretdən istifadə etməyən insanlar üçün xoşagəlməz və zərərli vəziyyət yaradır”.

Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

O, bildirib ki, xüsusilə körpə uşaqların siqaret çəkilən və səs-küylü məkanlara aparılması da ciddi narahatlıq doğurur:

"Belə yerlərdə yüksək səsli musiqinin uzunmüddətli təsiri uşaqların psixoloji durumuna, gələcək sosial davranışına və səhhətinə mənfi təsir göstərir. Eyni zamanda, onların siqaret çəkən böyükləri görməsi bu vərdişin normallaşmasına səbəb ola bilər".

Sosioloq qeyd edib ki, bu cür halların qarşısını almaq üçün restoranlar, şadlıq evləri və digər ictimai iaşə obyektləri siqaret qadağasına ciddi əməl etməli və nəzarət mexanizmləri gücləndirilməlidir:

"Qanunvericilikdə ictimai yerlərdə siqaret istifadəsi qadağan olunsa da, bu qaydaların icrası hələ də zəifdir. Valideynlər də məsuliyyətli davranmalı, uşaqları siqaret çəkilən və yüksək səsli yerlərə aparmamalıdırlar. Bu, uşaqların həm fiziki, həm də psixoloji sağlamlığının qorunması baxımından vacibdir".

Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 oktyabr 2025, 21:27
Top