“Başlıbel qətliamının beynəlxalq səviyyəyə çıxarılması üçün sənədləşdirilməlidir” — Arif Əliyevdən TƏKLİF

GÜNDƏM 04 may 2021, 13:44
Ermənilər 30 il əvvəl işğal etdikləri Azərbaycan torpaqlarında qətliamlar, faciələr törədiblər. Belə faciəvi hadisələrdən biri də Kəlbəcərin Başlıbel kəndində mülki əhaliyə qarşı törədilib. Ermənilər 1993-cü ilin aprelində Kəlbəcəri işğal edərkən Başlıbel kəndində olan mülki əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdiriblər. Həmin vaxt kəndi tərk edə bilməyən təxminən 62 nəfər sakin mağaraya sığınıb. Bir müddət sonra onların yerini müəyyənləşdirən ermənilər mağaranı atəşə tutublar. Nəticədə silahsız olan və müqavimət göstərə bilməyən 12 nəfər qətlə yetirilib. 

Kəlbəcərin işğaldan azad olunmasından sonra isə Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən Başlıbel kəndində müvafiq istintaq tədbirləri keçirilib və 50 sm dərinlikdə torpağa basdırılmış 12 nəfərin meyitinin qalıqları aşkarlanıb. 

Təəssüf ki, Başlıbel qətliamı zaman-zaman gündəmə gəlir. Bir çox insanın fikrincə, ermənilən törətdiyi bu qətliam kifayət qədər araşdırılmayıb. Buna səbəb nədir? Bu qətliamı arvivləşdirmək, beynəlxalq çərçivəyə çıxarmaq üçün hansı addımlar atılmalıdır?



Məsələylə bağlı Demokrat.az-a açıqlama verən tarixçi-deputat Musa Qasımlı ermənilərin 30 il əvvəl törətdikləri faciələrin bundan sonra da üzə çıxacağını bildirir:

“Təcavüzkar ölkənin mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətlər çoxdur. İşğaldan azad edilmiş ərazilər minalardan təmizləndikcə uzun illər boyu gizli qalmış belə cinayətlər üzə çıxacaq. Həmin cinayətlərdən biri Kəlbəcər rayonunun Başlıbel kəndində törədilib. Bu barədə müəyyən səviyyədə yazılar var. Konkret olaraq mövcud halla bağlı dövlətimizin müvafiq orqanlarının öz işlərini dəqiq yerinə yetirdiklərinə inanıram. Araşdırmaların dərinləşdirilməsindən ötrü canlarını birtəhər qurtarmış Başlıbel kəndinin sakinləri o zaman düşdükləri şəraiti kütləvi informasiya vasitələrinin nümayəndələrinə danışa bilərlər. Onların çəkilişləri aparıla bilər. İndiyədək itkin düşənlərin kimliyini kənd camaatı bilməmiş deyil. Onların söylədikləri məlumatları müxtəlif dillərdə olan kütləvi informasiya vasitələri yaya bilər”.

Musa Qasımlının sözlərinə görə, bu faciələri beynəlxalq müstəviyə çıxarmaq üçün ilk növbədə Azərbaycan mediası bu istiqamətdə iş görməlidir: 

“Hər halda faciə qurbanlarının meyitlərinin qalıqlarının fotoşəkilləri çəkilib, aparılan müvafiq prosedur işlər görülüb. Bu isə həmin faciənin artıq sənədləşdirilməsi və deməli, proses başa çatdıqdan sonra arxivləşdirilməsi deməkdir. Faciənin beynəlxalq səviyyəyə çıxarılması üçün məlumatların ilk növbədə kütləvi informasiya vasitələrində yayılması, qeyri-hökumət təşkilatlarının müvafiq müzakirələr keçirməsi, digər ölkələrin qeyri-hökumət təşkilatlarına müraciət edilməsi faydalı olardı. Görülən işlər tarix və gələcək nəsillər baxımından faydalıdır. Elə edilməlidir ki, bir daha belə faciələr baş verməsin”.



Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə məsələnin beynəlxalq status alması üçün arxivləşdirilməsini vacib hesab edir: 

“Təbii ki, Başlıbel qətliamı kifayət qədər araşdırılmayıb. Bu, tariximizin ən mürəkkəb dövrlərinin birində baş verib və ondan bəri qaranlıq qalan məsələlər var. Lakin düşünürəm ki, insanların əsas narahatlığı məsələnin araşdırılmaması deyil, bu cinayəti törədənlərdən haqq-hesabın soruşulması ilə bağlıdır. Bu faciəni beynəlxalq müstəviyə çıxarmaq üçün isə ilk növbədə bu iş sənədləşdirilmək lazımdır. Bu kimi məsələlər üçün qarşı tərəfdən cavab istəmək sadəcə bəyanatla olmur. Bəyanatın verilməsi də lazımdır, lakin mən sənədləşdirilmənin tərəfdarıyam. Bu sənədlər müvafiq təşkilatlara, o cümlədən insan hüquqları təşkilatlarına və beynəlxalq məhkəmələrə çatdırılması vacibdir. Ermənilər öz yalan iddialarını irəlilətmək üçün ilk növbədə belə hüquqi prosedurlardan istifadə edirlər. Onlar hətta reallığı böyük şübhə altında olan faktları da sənədləşdirib, hüquqi təşkilatlara çatdırıblar. Yəni bu faciənin beynəlxalq səviyyəyə çıxarılması üçün ilk növbədə sənədləşdirilməsi vacibdir”.


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top