Xocalının deputatı: “Ermənilərdən təzminat almalıyıq” — MÜSAHİBƏ

MÜSAHİBƏ 03 may 2021, 17:45
Elman Məmmədov: “Təəssüf ki, Ağdamda bu vəhşiliyi törədənlərə bu gün də silah-sursat daşınır”

Bir neçə gün əvvəl Rusiyalı deputatların və ekspertlərin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri reallaşıb. 

Nümayəndə heyəti viran qoyulmuş şəhərin Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şahbulaq qalası ilə tanış olublar.

Nümayəndə heyətinin bölgəyə səfəri, Ağdamın hazırkı vəziyyəti ilə bağlı 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədov Demokrat.az-ın suallarını cavablandırıb:


- Bir neçə gün əvvəl rusiyalı siyasətçilər və ekspertlər Ağdama səfər edib, şəhərin dağıdılmış vəziyyətinin şahidi oldular. Bu səfəri necə qiymətləndirirsiniz? Həmçinin siz də Ağdamdakı vəziyyətin real şahidi olmusunuz. O vəziyyəti təsvir etməyinizi istəyirik.

- Bu, başqa bir xarici ölkənin siyasətçiləri tərəfindən bölgəyə edilən dəyərli və əhəmiyyətli səfər oldu. Orda həm Rusiya dövlət dumasının deputatları, həm Rusiyanın siyasətində tanınmış insanlar iştirak edirdi. Onların arasında Azərbaycanla bağlı hər zaman ədalətli mövqe tutan ekspertlər də vardı. Onlar Azərbaycanın haqq mübarizəsi ilə bağlı hər zaman öz fikirlərini cəsarətlə deyiblər və təbii ki, ermənilərin təqib və təzyiqlərinə də məruz qalıblar. Onların işğaldan azad olunmuş Ağdama gəlmələri, reallığı öz gözləri ilə görmələri çox yaxşı haldır. Onlar eşitdiklərini yox, şahidi olduqları mənzərəni lazımi yerlərdə işıqlandırıb, səsləndirəcəklər. 

Digər yaxşı hal odur ki, orda Vladimir Jirinovskinin sədri olduğu partiyanın nümayəndəsi də iştirak edirdi. O partiya bu məsələlərdə sabit fikirli olmamağı ilə diqqət çəkir. İndi həmin o nümayəndə Ağdamda gördüyü dəhşətli mənzərəni sədrinə danışsın, Jirinovski də nəticə çıxarsın. Bu səfərdə iştirak edənlər sülhməramlı, vasitəçi missiyasını öhdəsinə götürən dövlətin nümayəndələridir. Həmçinin bu səfərdə iştirak edənlər ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan dövlətin nümayəndələridir. Onlar ədalətli şəkildə sözlərini deyib, mövqelərini açıq bildirməlidirlər ki, bəlkə, bunun sayəsində Rusiya hökuməti düz yolu seçə. 

Təəssüf ki, Ağdamda bu vəhşiliyi, cinayəti törədənlərə, oranı “ruhlar şəhəri”nə çevirənlərə bu gün də gah Gürcüstan ərazisindən, gah da İran ərazisindən silah-sursat daşınır. Sülhməramlı missiyasını boynuna götürən, Azərbaycan ərazisində yerləşdirilən Rövşən Muradovun rəhbərlik etdiyi o qrup cinayətkarlarla əməkdaşlıq edir. Onlar Azərbaycanın cinayətkar elan etdiyi şəxslərlə iş görürlər, onlarla məsləhətləşirlər. Bu, çox biabırçı vəziyyətdir. Ağdama səfərdə iştirak edən rusiyalı nümayəndələr burda gördüklərini Putinə, ermənilərlə əməkdaşlıq edən siyasətçilərə, diplomatlara çatdırsınlar.Yaxın zamanda Sergey Lavrovun regiona səfəri gözlənilir. Bu səfərlə bağlı böyük hazırlıq görülür, çünki o, əvvəlcə İrəvana, daha sonra Moskvaya, bundan sonra isə Bakıya səfəri planlaşdırılır. Bu səfər çərçivəsində vacib məsləhətləşmələr olacaq. Bu səfər zamanı da Azərbaycan prezident Lavrovun qarşısına çoxsaylı qaranlıq qalan sualları qoyacaq. Rusiyalı nümayəndələrin səfəri həm də Lavrovun səfərinə hazırlıq mərhələsi xarakteri də daşıyırdı.

- Ermənistana edilən köməklərə toxundunuz. Bu günlərdə sosial şəbəkələrdə İranın Ermənistan vasitəsilə Qarabağa “yardım” adı altında qanunsuz yüklər göndərməsi ilə bağlı görüntülər yayılıb. 

- Bu, çox təəssüf və təəccüb doğuran haldır. Azərbaycanın torpaqları işğal altında qalan müddətdə o ərazilərdə nə qədər tikinti materialları vardısa, daşınıb. Ermənistanda isə bu cür tikinti işləri aparılmayıb, həmin materiallar Gürcüstana da aparılmayıb. Bəs maraqlıdır, bu tikinti materialları hara gedib? 

Azərbaycanın torpaqlarından çıxarılan tikinti materialları İrana daşınıb. Bunun müqabilində isə onlar Ermənistanı ərzaq, yanacaq və s. kimi məhsullarla təmin ediblər. Dini dinimizdən olan, İran İslam Respublikası adlanan dövlət İslam dininə aid olan müqəddəs yerlərdə donuz saxlayanlarla əlbir olur, əməkdaşlıq edir. Bundan daha iyrənc nə ola bilər? Prezident işğaldan azad edilən ərazilərə səfəri zamanı məscidlərdən birinin qarşısında dedi ki, gəlib cavab versinlər ki, buranı murdarlayanlarla necə dostluq edirlər. Təbii ki, həmin çıxışda ünvan bəlli idi. 44 günlük müharibə dövründə də bu proses gedirdi, indi də davam edir. Bu dediyimiz “yardımlar” Ermənistan ərazisindən keçərək Laçın dəhlizi vasitəsilə Qarabağda olan quldur dəstələrinə göndərilir. Buna nə ad vermək olar? Təbii ki, bunlara da cavab verilməlidir və veriləcək. Ən azından orda yaşayan 30 milyondan çox azərbaycanlı bir gün onlardan cavab istəyəcək. Bu, gözləniləndir.

- Ağdamın indiki vəziyyəti ABŞ-ın atım bombası ilə dağıtdığı Yaponiya şəhərləri Xirosima və Naqasaki ilə müqayisə edə bilərikmi?

- Ağdamı və digər şəhərlərimizi Azərbaycanın Xirosiması adlandırırlar. Lakin Xirosima da, Naqasaki də erməni “soyqırımı”nın adını çəkib, onu tanımaq istəyən ABŞ-ın atom bombası ataraq dağıtdığı şəhərlərdir. Ağdam və digər şəhərlərimiz isə müharibə nəticəsində dağıdılmayıb. Bu ərazilər 28 il ərzində orda yaşayan ermənilər tərəfindən dağıdılıb. Bu, vəhşiliyin, vandalizmin tamamilə başqa bir növü, səviyyəsidir. İnsan düşünür ki, onlarda belə nifrət, bu qədər kin bizə qarşı hardandır? Onların ən böyük istəkləri o olub ki, bizə aid bütün işarələri ordan silsinlər, özününküləşdirsinlər, guya onlardan əvvəl o ərazilərdə yaşayan olmayıb.

- Ermənistan rəhbərliyi bu vandalizmə görə cavab verəcəkmi? Onları beynəlxalq tribunala cəlb etmək üçün daha nələr etməliyik?

- Azərbaycanda artıq uzun müddətdir ki, müvafiq dövlət qurumları tərəfindən bu proses aparılır, sənədlər hazırlanır. Bu sənədləri beynəlxalq qurumlara verilərək, ermənilərdən təzminat almalıyıq. Məsələnin digər hissəsi isə həmin beynəlxalq qurumların ədalətinə, insafına qalır. Zori balayan öz kitabında özünün körpə uşağa qarşı törətdiyi cinayəti yazmışdı. Azərbaycan onu cinayətkar elan edib, İnterpolun xətti ilə onu axtarışa verdi. Balayan isə ölənə qədər çox azad şəkildə dünyanı gəzirdi. Onu tutdularmı? Xeyr. Bəli, dünyanın ədaləti belədir. Gücün varsa, sənin sözünü eşidəcəklər, gücün varsa, sən haqlısan. Kifayət qədər geclü dövlət deyilsənsə, əziləcəksən. Bu gün dünyada gedən proseslər bu dediklərimi izah edir. Bizim 44 günlük müharibəmiz də bunu sübut etdi. Bizim torpaqlarımız biz gücsüz olanda işğal edilmişdi. Torpaqlarımızı güclü olanda işğaldan azad etdik. Bəs beynəlxalq qurumlar bizə nə deyirdi? Bizim başımızın altına sülh yastığı qoyub, bu məsələnin müharibə yolu ilə həllinin olmadığını deyirdilər. Biz isə mühribə yolu ilə öz məsələmizi həll etdik. Azərbaycan olaraq müstəqilliyimizi qoruyub saxlamaq üçün, dünyada nüfuz sahibi, söz sahibi olmaq üçün güclü olmalıyıq. Güclü olmaq üçün isə ilkin şərtlərdən biri birlik olmaq, bir olmaqdır. “Dəmir yumruq” kimi möhkəm olandan sonra güclü olacağıq, sözümüzü də eşidəcəklər.

- Dünyada müharibə dövründə dağıdılmış kənd və ya ərazilərin muzey kimi saxlanması nümunəsi var. Biz də bu nümunədən Ağdamın kəndlərinin birində istifadə edə bilərikmi?

- Bəli, dünya təcrübəsində bu, var. Mən belə muzeylərin birində olmuşam. Fransanın Oradour-sur şəhərində olmuşam. Bu, kiçik bir şəhər olub və şəhərin anım günündə ora səfər etdim. Orda yandırılan evlər, kilsə olduğu kimi saxlanılıb və bir növ qoruq kimi saxlanılıb. Orda gəzərkən hətta evlərin əvvəllər kimə məxsus olduğunu, neçə nəfər yaşadığını deyirlər. Bu nümunə bizim üçün də vacibdir. Bəzi hadisələr tarixin yaddaşında yazı ilə bərabər, həm də abidələşdirərək saxlanmalıdır. Saxlanmalıdır ki, erməni vəhşiliyinin nümunəsi kimi göstərə bilək.


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top