Deputat: “Azərbaycan və Türkiyə dostluğunun bərabəri və bənzəri yoxdur”

GÜNDƏM 03 may 2021, 17:41
"Bu gün Azərbaycan və Türkiyə dostluğunun bərabəri və bənzəri yoxdur. Bu strateji və qardaşlıq münasibətlərindən də üstün bir səviyyədədir".

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev 3 May Türkçülük günü ilə bağlı danışarkən deyib.

Hazırda Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirən deputat xatırladıb ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət də məhz Türkiyə Cümhuriyyəti olub: "Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin inkişaf etməsi, çiçəklənməsi, əvvəlki quruluşdan fərqli olaraq kapitalizm və iqtisadiyyatın inkişafı üçün Türkiyənin dəstəyi əvəzsiz olub. Xüsusilə, 2003-cü ildə cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra ulu öndər Heydər Əliyevin siyasətini davam etdirdi, beləcə Türkiyə ilə əlaqələr daha da inkişaf etməyə başladı. Vurğulamaq lazımdır ki, Azərbaycan, demək olar, bütün beynəlxalq layihələrini Türkiyə ilə birgə həyata keçirir. Misal üçün neft-qaz, tranzit layihələri birbaşa Türkiyə üzərindən reallaşdırılır. Beləliklə, Türkiyə bir növ Azərbaycanın Avropaya, Qərbə açılan qapısıdır. Bu baxımdan Azərbaycanda bütün iqtisadi irəliləyişlərdə, beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyinin dəstəklənməsində Türkiyə hər zaman yaxından iştirak edib. Bütün bu münasibətlərin kuliminasiya nöqtəsi isə 44 günlük Vətən müharibəsi oldu, nəticədə Türkiyə ilə əlaqələrin nə qədər əhəmiyyətli olduğu hər kəs tərəfindən qəbul edildi”.

N.Həmzəyev əlavə edib ki, artıq Türkiyə-Azərbaycan münasibətləri fonunda digər türkdilli dövlətlər də bu münasibətlərin əhəmiyyətini və önəmini anlayırlar: “İqtisadi inkişaf üçün Orta Asiyada olan türkdilli dövlətlər də Türkiyə və Azərbaycanla əlaqələri  gücləndirmək istəyirlər. Amma təbii ki, biz heç vaxt milliyyətçi mövqedən çıxış etmirik, bütün millətlərə hörmətlə yanaşırıq. Artıq Azərbaycan-Türkiyə münasibətləri elə bir səviyyədədir ki, əlaqələr bundan sonra da yalnız inkişaf edən xətt üzrə irəliləyə bilər. Düşünürəm ki, xalqlar arasında olan dil, din və mədəniyyət birliyi də istər-istəməz bu əlaqələrin daha da güclənməsini zəruri edir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top