“Peyvənd istənilən xəstəliyi aradan qaldırmaq üçün yeganə vasitədir” — Dr. Ronald Dmello

MÜSAHİBƏ 30 apr 2021, 20:51
Bir ildən çoxdur ki, koronavirus pandemiyası dünyanı əsir edib. İlk gündən bu virusa sinə gərərək müəyyən uğurlar qazanan ölkələr olub ki, onlar hər zaman başqa xalqlar üçün nümunə rolunu oynayıb. Bu ölkələrdən biri də Hindistandır. Təəssüf ki, son bir neçə aydır, Hindistanda gündəlik yoluxma və ölüm sayı bəşəriyyəti heyrətləndirməkdədir. Yəni bu ecazkar ölkədə hər gün, az qala, 400 min insan virusa yoluxur, 4 min nəfər isə dünyasını dəyişir. Niyə Hindistan virusa qarşı dirənişini davam etdirə bilmədi, nə baş verdi ki, müvəqqəti də olsa yenildi bu mübarizədə? Hindistanlı məşhur həkim, Bakıda fəaliyyət göstərən Hind klinikasının direktoru Dr. Ronald Dmello ilə söhbətləşərək bu suallara cavab almağa çalışdıq.

Müsahibimiz deyir ki, əvvəllər ölkəsində hər şey yaxşı idi. Baş nazir Narendra Modi bütün ölkədə karantin elan etmişdi, insanların yasaqlara uymasına ciddi nəzarət olunurdu və sair. Ona görə də gündəlik yoluxma və təbii ki, paralel olaraq ölüm halları ciddi şəkildə azalmışdı.

-  Ötən ilin ortalarında Hindistanda vəziyyət tam nəzarət altındaydı. Düzdür, sentyabrda yoluxma sayında bir az artım nəzərə çarpdı, amma sonrakı aylarda yoluxmada yenidən azalma başladı – ta ki, bu ilin fevralınadək. Fevraldan başlayaraq koronavirusa yoluxanların sayı sürətlə yüksəlməyə başladı...

- Sizcə, niyə məhz fevralda?

- Əvvəlki ciddi karantin rejiminin ölkəyə gətirdiyi müvəqqəti sakitlikdən ruhlanan insanlar karantin qaydalarını pozmağa başladılar. Maska taxmaq, ara məsafəsini qorumaq kimi qaydalara əməl etmədilər. Fikirləşdilər ki, vaksin də vurulur, hər şey yaxşı olacaq. Digər yandan, əvvəlki aylarda karantin şəraiti ilə bağlı dini məkanlar qapadılmışdı, amma artıq bu yerləri ziyarət etmək üçün insanlara icazə verildi. Toy mərasimlərinin keçirilməsi də yoluxma sayının artmasında ciddi rol oynadı. Hindistan toyları Azərbaycandakından çox fərqlidir, bizdə hər toyda iki min-üç min adam iştirak edir. Daha bir faktor da var – bu, hər 12 ildə bir dəfə təkrarlanan hind milli ənənəsi olan "Kumbh Mela" dini ayinidir. Təsadüfən bu il aprelin ortalarına təsadüf elədi bu ayin yüzminlərlə hind hacı Qanq çayının müqəddəs suyunda yaxalanaraq paklanmaq üçün çay sularına baş vurdu ki, bu da virusun yayılmasına şərait yaratdı. 

- Maraqlıdır ki, Baş nazir Modinin şəxsən nəzarətində olan karantin qaydaları niyə müvəqqəti sabitləşmədən sonra aradan qaldırıldı? Axı dünya təcrübəsində də var ki, dalğaların biri gedir, ikincisi və sair gəlir...

- Təklif olundu ki, ötən il Hindistan dövlətinin hər yerində tətbiq edilmiş karantin rejimi qaldırılsın və bu səlahiyyət federal hökumətdən alınaraq ştatların yerli kökumətlərinə verilsin. Belə də edildi. Bundan sonra vahid nəzarət müxanizmi olmadığı  üçün vəziyyət indiki kimi ağırlaşdı. Xüsusilə də İngiltərə variantı yayılandan sonra virusa nəzarət çox çətinləşdi. Bilirsiniz, İngiltərə variantı koronavirusun mutasiyaya uğramış formasıdır və daha sürətlə yayılma qabiliyyətinə malikdir...

- İndi daha təhlükəslisi - Hindistan variantı yayılıb və dünya onun qarşısında aciz qaldığını bildirir...

- Hindistan variantı İngiltərə variantındanın mutasiyasından ortaya çıxıb. Təsəvvür edin: virus bir dəfə dəyişir, sonra həmin yeni variantın özü dəyişir. Bütün bunlar yalnız Hindistanda deyil, bütün dünyada tibb alimlərini çaşdırır.

- Hindistanda tibb sənayesi yüksək inkişaf edib, dünyanın hər yerinə dava-dərman, tibbi avadanlıq satır, savadlı həkimləri var və sair. Görünən budur ki, ölkə səhiyyəsi bu cür fövqəladə vəziyyətlərə hazır deyilmiş...

- Koronavirus tək Hindistanı deyil, bütün dünyanı qəfil yaxalayıb. Heç bir ölkə bu cür təhlükəyə hazır deyildi. Ona görə də çətinliklər, əlbəttə, mövcuddur. Bilirsiniz, insanlar arasında təşviş, qorxu var. Adi oksigen balonları haqda bir söz deyim: əvvəldən adamlar oksigen balonlarını alıb evlərinə aparıblar. Özü də lazım olandan daha çox. Həm də baxmırlar ki, koronaya yaxalanıblar, ya yox, təşvişə düşüb ehtiyatlarını görüblər. Axı təxminən on dəfə artan  tələbatı istehsal qarşılaya bilmir. Odur ki, qıtlıq hiss olunmaqdadır. Bütün bu kimi amillər, üstəlik qaydalara uymamaq son iki həftədə yoluxma hallarının iki dəfə artmasına gətirib çıxarıb. Təsəvvür edib ki, iki həftə əvvəl 150-180 min nəfər olan gündəlik yoluxma sayı bu gün 380 min nəfərə yüksəlib. Ölüm halları da həmçinin, gündəlik 4 min civarındadır. Bunlar olduqca yüksək rəqəmdir.

- Xaricdən tibbi dəstək verilirmi Hindistana?

- Əlbəttə. Çox sağ olsunlar, ABŞ, Kanada, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Yeni Zelandiya və digər ölkələr bu ağır günlərdə Hindistana əl tutublar. Dünən Pakistan da Hindistana tibbi yardım edib. İndi dünya elə bir vəziyyətdədir ki, siyasi məsələləri bir yana qoyub insanlıq göstərmək lazımdır. Bir sözlə, koronavirus bizə yaxşı dərs verdi.

- Heç bir ölkənin bütün ərazisində virus bərabər yayılmayıb, xüsusilə də Hindistan kimi ərazicə böyük dövlətlərdə. Rəqəmlərə nəzər salsaq, Hindistanın hansı ərazilərində pandemiya şəraiti daha ağırdır?

- İlk gündən Maharaşta ştatı və xüsusilə də bu ştatın inzibati mərkəzi olan, mənim yaşadığım Munbay şəhəri koronavirusa yoluxma sayına görə irəlidə olub. Son vaxtlar digər bölgələrlə müqayisədə gündəlik yoluxma sayında nisbi eniş var, şimal və şərq vilayətlərdə də vəziyyət nisbətən yaxşıdır. Mərkəzi və cənub vilayətlərində durum həqiqətən də ağırdır. Paytaxt Dehlidə, Racəstan, Qucarat, Maharaşta və sair yoluxma və ölüm hallarına görə öndədirlər. Adamlar birmənalı şəkildə başa düşməlidirlər ki, supermenlik göstərmək olmaz. Maska taxılmalı, dezinfeksiya şərtlərinə əməl olunmalı, təmizliyə fikir verilməlidir.

- Əslində, Hindistanın vəziyyətini çətinləşdirən bir hal da əhalisinin çox olmasıdır. Müqayisə üçün deyim ki, cəmi 10 milyon nəfər yaşayır Azərbaycanda, amma problemlərin həllində xeyli çətinliklər mövcuddur...

- Doğrudur. Azərbaycan rəhbərliyini gördüyü uğurlu işlərdən dolayısı təbrik edirəm. Bəziləri həftəsonu yasaqlara işarə edərək deyir ki, virus həftnin beş günü dincəlir, şənbə-bazar çıxır küçəyə. Ay qardaşlar, nə danışırsınız, insanlar çörək qazanmalıdır. Həftənin beş günü işə gedən insanları daşımaq üçün nəqliyyat çalışmalıdır. Həftəsonu iki gün hər kəs evdədir onsuz da, nə vacibdir ki, bu iki gün ərzində dənizkənarı bulvarda, Nizami küçəsində (“Torqovı” nəzərdə tutulur - V.T.) piyada gəzişəsiniz, mollara gedəsiniz!? Axı hökumət bu yasaqlarla sizi virusdan qorumağa çalışır. Azərbaycan demokratik ölkədir, heç kimin azad hərəkətinə həbs qoyulmur. Sadəcə, avtobusların fəaliyyəti dayandırılır ki, heç olmaya bu iki gün ərzində insanlar ictimai yerlərdə daha az olsunlar. Virus pusquda dayanıb gözləyir ki, insanların ən zəif yerini tapıb yoluxdursun. Odur ki, mən də bir həkim olaraq hamıdan xahiş edirəm: maskasız evdən çıxmayın və məsafəni qoruyun.

- Hindistanda aşılanma prosesi necə gedir?

- Hindistan aşılanmış insanların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir. Bildiyimə görə, ABŞ-da 240 milyon, Hindistanda isə 200 milyondan bir az artıq insana birinci doza aşı vurulub.

- Sizdə əhali Amerikadakından dördqat çoxdur...

- Problem də bundadır – Hindistanda 1,4 milyard insan yaşayır və 200 milyon aşılanmış vətəndaş cəmi yeddidə bir deməkdir. Təsəvvür edin ki, bir belə əhaliyə oksigen balonu lazımdır, hardan tapmaq olar bu sayda oksigen balonunu? Odur ki, insanlar qaydalara riayyət etməklə xəstəliklə mübarizədə hökumətə dəstək verməlidir.

- Əhaliyə hansı peyvəndlər vurulur?

- İki peyvənddən istifadə edilir: Biri “AstraZeneka”nın Hindistanda istehsal olunan variantı “Covisheld”, digəri isə yenə də Hindistanda istehsal olunan “Covaxin”dir (Bharat Biotech). İndi Rusiya istehsalı olan “Sputnik V” vaksinləri də gəlməyə başlayır.  Rusiya aşısının Hindistanda istehsalına da başlanılacaq. Bundan əlavə, Amerikadan Conson and Conson, “Pfizer-BioNTech”, “Moderna” və sair kimi vaksinlər də göndərilir. Əlbəttə, yaxın gələcəkdə Hindistanda vaksin istehsalı genişləndiriləcək, çünki tələbat böyükdür. Ən azı, İsrail variantının tətbiqi – əhalinin minimum 60-70 faizinin, hansı ki, bura əsasən orta və yuxarı yaşlı insanlar daxildir, aşılanması vacibdir. Bu isə o deməkdir ki, Hindistanda, ən azı, 700 milyon insana iki doza aşı vurulmalıdır ki, virusa yoluxma təhlükəsi azalsın.    
- Pandemiya müddətində hansısa təsirli dərman vasitəsi istehsal edə bilibmi Hindistan?

- Məsələn, "Remdesivil" var apteklərdə. Bu dərman ABŞ istehsalıdır, amma Hindistanda da zavodu var. Günümüzdə bu dərmanı tapmaq çox çətindir, yəni tələbat böyük olduğu üçün qıtlaşıb. İnsanlar lazım oldu-olmadı alıb aparıblar ki, birdən evdə-ailədə kimsə koronaya yoluxar, ya da qara bazara yol tapıb. Bizdə bu dərmanın qiyməti Azərbaycan pulu ilə hardasa 25 manata satılır. Amma indi apteklərdə çətin tapılan bu dərman qara bazarda bir dozası 650 manata satılır. Onu da nəzərə alaq ki, bu dərmandan minimum 4-5 doza vurulur. Ümumi əhali kütləsindən söhbət gedir, bu qiymətə dərmanı necə alsınlar? Odur ki, bu əlçatmazlıq əhalidə təşviş, narahatlıq yaradır.

- Virusdan mümkün qədər qorunmaq üçün nə məsləhət görərdiniz?

- Birmənalı şəkildə immuniteti qaldırmaq lazımdır. “C” vitamini ilə zəngin qidalar yeyilməlidir. Əsl mövsümü olduğu üçün bacardıqca  göy-göyərti, meyvə yeyilməlidir. Siqaret çəkmək qəti şəkildə qadağandır. Spirtli içkidən - onsuz da Azərbaycanda müqəddəs Ramazan ayıdır – tamamilə uzaq durmaq lazımdır. Bunlar immuniteti aşağı salan başlıca amillərdir. Azərbaycan əhalisinə bir sözüm var: 2020-ci il pandemiya vəziyyətinə baxmayaraq, sizin üçün uğurla başa çatdı və 2021-ci ili qalib dövlət, qalib xalq olaraq yaşayırsınız. Uzun illərdir dəyişməz qalan işğalı cəmi 44 günlük əks-hücumla sonlandırdınız. Bu, Azərbaycan Prezidentinin çox böyük strategiyası, düşünülmüş plan və proqramının sayəsində mümkün olub. 25 ildir bu ölkədə yaşayan bir sakin olaraq mən və ailəm ürəkdən sevinirik Azərbaycanın uğuruna, özü də haqlı uğuruna. Bu məsələdə haqq və ədalət birmənalı şəkildə Azərbaycanın yanındaydı. 2783 şəhidiniz, nə qədər qaziniz var. Adam şəhid analarının gözünə baxa bilmir utandığından. Çalışın, koronavirus təhlükəsini də adlayın və qazandığınız uğura daha bir uğur əlavə edin. 

- Bütün təhlükələrə rəğmən, çox insan peyvənd vurdurmur – qorxur. Bir həkim olaraq bu cür insanlara nə məsləhət verərdiniz?

- Peyvənd olunmaqdan çəkinənlər əslində insanlara çox böyük ziyan vururlar. Peyvəndin bu ziyanı var, nə bilim nə var deyənlər şayiə yayıblar ki, “AstraZeneca” qanda tromb yaradır, ay insanlar, yeddi milyon insan arasında 11 nəfərdə yan təsir ortaya çıxıb, bu təsadüf cəmiyyət üçün təhlükə törətmir. Gedin “Semaşko”ya, Mərkəzi Kliniki Xəstəxanaya, görün, orada hər gün neçə adama qanda tromb diaqnozu qoyulur. Mütləq aşı vurdurmalıdır hər kəs. Bu halda ölüm faktı aradan qalxacaq, hətta gələcəkdə yoluxma risqi yaransa, çox yüngül, bəlkə də hiss etmədən keçirəcəksiniz. Yenə deyirəm, yetər ki, mütləq hansı firmanın olmasına baxmayaraq aşı vurdurun. İsrailə baxın, əhali yeni və azad dönəmə qədəm basır, bir vaxtlar ən böhranlı vəziyyəti yaşayan İngiltərədə artıq çətin günlər arxada qalıb. Niyə, çünki kütləvi aşılanmaya getdi əhali. Aşılanma sürətlə getməlidir ki, insanlar yoluxma risqindən uzaqlaşsın. Aşılanma sürətlə getməlidir ki, sabitləşən həyatda zavodlar normal işləsin, insanlar rahat yaşasın. Məktəbi onlayn qaydada oxumaq olar, amma zavodu, fabriki bu yolla işlətmək mümkün deyil axı. Hindistanda bir atalar deyimi var: İnsan ölməsə, çox şey qazana bilər. Yeri gəlmişkən, mən Azərbaycan Hökumətinə təşəkkür edirəm ki, ölkədə yaşayan qeyri-vətəndaşları da pulsuz peyvəndlə təmin edir. Mən 83 yaşlı anamı apardım, demədilər ki, xarici ölkə vətəndaşıdır, hamı kimi ona da peyvənd vurdular.

- Əgər dünyada aşılanma prosesi normal axarıyla davam edərsə, necə təxmin edirsiniz, pandemiya nə vaxt başa çatacaq?

- Bu barədə dəqiq bir şey deyə bilmərəm. Aşılanma sürətlə gedərsə, güman ki, 2022-ci ilin sonu üçün müsbət nəticə ala bilərik. Bir misal çəkim: üzvü olduğum “Rotary İnternational Club” 1985-ci ildə qərara gəldi ki, dünyada “Polio Vaccine”yə son qoysun. Yadımdadır, 2001-ci ildə - ümummilli liderin vaxtı idi – BMT-nin bəyanatı oldu ki, Azərbaycanda artıq yüz faiz bu xəstəlik yoxdur. Ardıyla da bütün ölkələrdə bu uğur qazanıldı. Yalnız üç dövlətdən başqa: Əfqanıstan, Nigeriya və Pakistandan başqa. Əfqanıstanda məlum hərbi vəziyyət buna imkan vermirdi. Nigeriya və Pakistanda isə elə bölgələr var ki, orada bu proqramı icra etmək mümkün deyildi. Məsələn, Nigeriyada terror təşkilatı, Pakistanda isə bəzi ucqar yerlərdə yerli tayfa rəhbərlərinin fətvası imkan vermirdi. Hindistanda 1975-ci ilədək mövcud olan Ospo xəstəliyi peyvənd olunmaqla aradan qaldırldı. Yəni demək istəyirəm ki, peyvənd istənilən xəstəliyi aradan qaldırmaq üçün yeganə vasitədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top