Nuru paşanın çəkdiyi Azərbaycan bayrağı — SƏNƏD

SİYASƏT 30 apr 2021, 19:46
Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra 1918-ci il iyunun 21-də qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və səkkizguşə ulduz təsvir edilmiş bayrağı dövlət bayrağı kimi qəbul edib. Osmanlı xanədanlığının bayraqlarından biri olan bu bayrağın seçilməsi imperiya ilə olan münasibətlərə görə olub, müttəfiq ölkədə hələ 1793-cü ildə Sultan III Səlim dövründə rəsmi dövlət bayrağı kimi təsdiqlənib.

Təbii ki, Azərbaycanın Osmanlıdan asılı olduğu bu dövrdə bir sıra addımların xanədanlıqla razılaşdırılması qanunauyğun idi. Çünki 28 mayda Tiflisdə elan edilmiş dövlətin öz ərazilərində mövcud olması üçün çətin zamanlarını yaşasa da, Osmanlıya böyük ehtiyacı var idi. Buna görə də Məhəmmədəmin Rəsulzadənin rəhbərliyində Osmanlıya heyət göndərilib, ondan öncə isə Batum müqaviləsi imzalanıb.

Osmanlı təsiri sonrakı dövrlərdə də davam edib. Belə ki, AC Təriq və Məabir Nəzarətinin (Yollar Nazirliyinin) gəmiləri üçün 1 avqust 1918-ci ildə kiçik dəyişikliklərlə Türkiyə ticarət gəmilərinin bayrağı örnək kimi qəbul edilib.

Mondros müqaviləsindən sonra Osmanlı ordusunun Bakıdan çıxması məcburiyyəti özü ilə yeni dəyişikliklər də meydana gətirib. Müqavilənin şərtlərinə görə Azərbaycan ərazisi İngiltərənin nəzarətinə keçib. O zaman İstanbulda fəaliyyət göstərən Əlimərdan bəy Topçubaşı Osmanlıya nota versə də, heç bir faydası olmayıb. Baş verənləri dəqiq anlayan Azərbaycan hökuməti Əhməd bəy Ağaoğlunun rəhbərliyində Ənzəlidəki ingilis ordusunun komandanı general Tomsonun yanına heyət göndərib. (Gələcəkdə Malta adasında ingilis əsirliyində saxlanılan Əhməd bəy bu faktı ingilislərə xatırladacaqdı).

Cümhuriyyət deputatlarından Məhəmmədsadıq Aranın yazdığına görə, general Tomson Azərbaycan heyəti ilə sərt danışıb, “mən qalib dövlətlərin təmsilçisi olaraq Bakını işğal edəcəyəm” deyib. Bundan əsəbləşən Əhməd bəy “Bizim ölkəmiz Hindistan deyil, əgər general bu şəkildə və bu tonda bizimlə danışacaqsa, artıq müzakirə edəcəyimiz bir məsələ qalmır” deyərək ayağa qalxıb. Bu cavabdan sonra Tomson məsələni yerində tədqiq edəcəyini, Azərbaycanın haqlarına hörmət edəcəyini bildirib.



Həqiqətən də elə olub.

Təbii ki, Tomsonun Azərbaycanda görmək istəmədiyi təkcə Osmanlı əsgərləri deyildi. Eləcə də Osmanlını xatırladacaq hər şeyə qarşı idilər. I Dünya müharibəsində qarşı-qarşıya gələn iki dövlət arasında bu kimi addımlar təbii qarşılanmalı idi. Bu baxımdan Azərbaycan hökuməti də Osmanlı bayrağını dəyişdirmək və qurulan dövlətdə birliyin təcəssümü naminə o dövrlərdə düşüncələrdə hakim olan “türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyasını rəhbər tutaraq yeni bayrağı qəbul etmək qərarı verib. “Azərbaycan” qəzeti 11 noyabr tarixli nüsxəsində belə yazıb: “Yenə həman iclasda Azərbaycan bayrağı layihəsi təsdiq edilmişdir. Bayraq yaşıl, qırmızı və mavi rəng olub, üzərində hilal və 8 guşəli yıldız olacaqdır”.

Şübhəsiz ki, yeni bayraq daha kamil, daha bütünləşdirici idi. Baxmayaraq ki, işin içində İngiltərə-Osmanlı qarşıdurması vardı, amma bayrağın qəbulu və ideyası öz hökumətimizə məxsus idi, həm də artıq müstəqil hökumətin simvolu idi. 17 noyabrda Tomson Bakıya gəldiyi zaman artıq yeni bayraqla qarşılanmışdı.

Bayraq qəbul edildiyi zaman Qafqaz İslam Ordusunun komandanı Nuru paşa hələ Azərbaycanda idi. Noyabrın 19-da Putadan Əbdülkərim paşaya göndərdiyi raportunda ingilislərin gəlişindən sonrakı vəziyyət barədə məlumat verib. Nuru paşanın yazdığına görə:


Bakı valiliyi və polis müdiriyyəti ingilislərin nəzarətinə keçib. Bakı şəhərinin xaricində olan Azərbaycan ordusunun mövcudluğuna ingilis komandanlığı etiraz etməyib.
Azərbaycan hökuməti rəsmi şəkildə tanınmasa da, ingilis komandanlığı bəyanatlarında “Azərbaycan Cümhuriyyəti rəyasəti” ifadəsini istifadə edib, xüsusi olaraq tanıyıb. Azərbaycanın müqəddəratının Paris Sülh Konfransında həll ediləcəyini bildirib.

Nuru paşa bu raportunun birinci maddəsində Azərbaycanın yeni bayrağını da qeyd edib, hətta qələmlə şəklini də çəkib. Raportda Nuru paşa qeyd edib: “Hökuməti-i Cümhuriyyə bayrağı sancaq dirəyinə amud (sütun) olmaq üzərə üstündə mavi, ortada qırmızı, altında yaşıl olmaqla üç rəngdən və ortadakı qırmızı qismində bəyaz olaraq bir ay-ulduzdan ibarət bulunmaqdadır”.

Göndərdiyi raportun sənədində Nuru paşa bayrağın qırmızısını çəkib, digər yerlərə isə Osmanlı əlifbası ilə “mavi” və “yaşıl” yazıb.

Qeyd: Bu bilgi ötən ilin noyabr ayında Türkiyədə “Askeri Tarih Belgeleri” adlı jurnalın “Qafqaz İslam Ordusu. Azərbaycan hərəkatı” adlı xüsusi buraxılışından götürülüb.



Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top