Metyu Brayza: "Azərbaycan Ermənistan ordusunu tamamilə məhv edib" — MÜSAHİBƏ

MÜSAHİBƏ 30 apr 2021, 16:12
ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza Demokrat.az-a eksklüziv müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

Metyu Brayza: "Ermənistan hərbiçiləri təxribatlar törətsə, bunun sonu Hadrutda həbs olunan terrorçular kimi olacaq"


- Bildiyiniz kimi, ABŞ Prezidenti Co Bayden "soyqırımı" ifadəsini işlətdi. Sizcə, bundan sonra bölgədə vəziyyət necə dəyişəcək? Türkiyənin addımları nədən ibarət olacaq, Ankara Vaşinqtona qarşı birbaşa hücuma keçə bilərmi?

- Üzrlü sayın, amma ABŞ Prezidenti Co Baydenin “soyqırımı” ifadəsini işlətməsinə şərh vermək istəmirəm. ABŞ konqresinin bəzi üzvləri və Amerika Erməni Cəmiyyəti ilə şəxsi münasibətlərim baxımından bu, mənim üçün radioaktiv bir məsələdir. Nə deməyimdən asılı olmayaraq ya kimisə qıcıqlandıracağam, yaxud da onlar dediklərimi yanlış şərh edəcəklər. Ona görə də bu barədə nəsə deməyəcəyəm.

- ABŞ Dövlət katibi Antoni Blinken ötən gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Azərbaycanın dövlət başçısı bir daha qondarma erməni soyqırımı məsələsinə görə narahatlığını Vaşinqton rəsmisinin diqqətinə çatdırdı. Tərəflərin müzakirəsini necə qiymətləndirirsiniz?

- ABŞ Dövlət katibi Blinken Azərbaycan və ABŞ arasında strateji gündəmdə olan məsələləri geniş şəkildə müzakirə etmək üçün Azərbaycan Prezidentinə zəng etdi. Bu məsələlərə əsasən Ermənistan tərəfindən 30 il işğal altında qalan torpaqların yenidən qurulması və bərpası daxildir. Düşünürəm ki, dövlət rəsmiləri ATƏT-in Minsk qrupunun bölgədə vəziyyətin sabitləşməsində necə iştirak edə biləcəyi və Azərbaycanla Ermənistan arasında mümkün sülh razılaşması barədə müzakirələr aparıblar. ABŞ dövlət katibi Azərbaycan Prezidenti ilə enerji təhlükəsizliyi və Cənub Qaz Dəhlizi layihəsi barədə də danışıb. Onlar bu layihənin Azərbaycanın Avropa ilə əlaqələrinin dərinləşməsi, Avropanın qaz tədarükünün Rusiyanın asılılığından qurtarmaq üçün nə qədər vacib olduğu ətrafında fikir mübadiləsi aparıblar. Əminəm ki, tərəflər telefon danışığı zamanı həm də Əfqanıstandakı qoşunlarla bağlı vacib strateji məsələlərdən də danışıblar. Azərbaycan da İraq kimi bu məsələdə ABŞ-la birlikdə hərəkət edir. Xatırlayıram ki, 2001-ci il hadisələri zamanı bizə zəng edərək, Azərbaycanın sona qədər ABŞ-ın yanında olduğunu bildirən və tranzit dəhlizinin havadan, qurudan və sudan tam əməkdaşlığını ifadə edən şəxs mərhum Heydər Əliyev idi. Onun etdiyi bu hərəkət çox vacib addım idi və o vaxtkı prezident Corc Buşa böyük ümid vermişdi.

Bundan başqa, Azərbaycanın multikultural, çoxmillətli və müxtəlif dinin nümayəndələrinin yaşadığı dövlətdir. Bu baxımdan, tərəflərin Azərbaycan kimi ölkənin əhəmiyyətindən danışdıqlarına ümid edirəm.

- Azərbaycan 44 günlük müharibə nəticəsində işğal altında olan torpaqlarını azad etdi. Amma qarşı tərəf hələ də müxtəlif təxribat addımları atır, hətta revanşist bəyanatlar səsləndirir. Yenidən müharibə təhlükəsi realdırmı?

- Azərbaycanın işğaldan azad etdiyi ərazilər üçün yenidən müharibə təhlükəsi olduğunu düşünmürəm. Müharibədə Azərbaycan Ermənistanın hərbi qüvvələrinə böyük zərbə vuraraq, ordusunu tamamilə məhv edib. Buna görə də, Ermənistanın yaxın gələcəkdə ordunu yenidən qurmaq üçün perspektivləri yoxdur. Mümkündür ki, Ermənistan sərhəddə təxribat xarakterli addımlar törətsinlər, amma bunun sonu Hadruta girməyə çalışan, lakin  həbs olunan terrorçular kimi olacaq. Onlar terrorçuluq aktlarını davam etdirə bilməzlər. Ermənistan keçən əsrlərdəki revanşist siyasətini davam etdirir. Ermənistanın bu iddialardan imtina etməsinin vacib olduğunu düşünürəm. Ermənilər ərazi iddiaları irəli sürür, guya əvvəllər onlara məxsus olmuş Şərqi Anadolu torpaqlarını qaytarmaq istəyirlər. Onlar bu fikirlərindən daşınmalıdırlar. Belə düşüncələrdən uzaqlaşsalar, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşar. Bu, Ermənistanın iqtisadiyyatına da müsbət təsir edər və Ermənistanda onlar üçün iş imkanları da artar. Bu halda onlar indi əllərində olan böyük imkanlardan yararlana bilərlər. 

10 noyabr bəyanatı ermənilərin iqtisadi əlaqlərin yenidən qurulmasına imkan verir, iqtisadi inkişafı stimullaşdırır, bölgədə sabitliyin artmasını təmin edir.

- Təəssüf ki, Ermənistan tərəfi hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil vermir. Sizcə, bu məsələdə Ermənistana qarşı hansı təsir mexanizmlərindən istifadə olunmalıdır?

- Ermənistanın beynəlxalq humanitar hüquqa əsasən minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək məcburiyyətindədir. Bu baxımdan Azərbaycanın beynəlxalq məhkəmə, Minsk qrupu və bütün sivil ölkələrin İrəvandakı hökumətini bu addımı atmağa təşviq etməkdən və beynəlxalq hüquqa əsasən öhdəliklərini yerinə yetirməkdən başqa hansı təsir mexanizimlərindən istifadə edə biləcəyini bilmirəm. Hər bir dövlət beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirir və onlar Azərbaycana, qeyri-hökumət təşkilatlarına bu minaları mülki vətəndaşlar həlak olmadan tapmağa və zərərsizləşdirməyə kömək etməlidirlər.


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top