Deputat: "Prezidentin işğaldan azad edilmiş torpaqlara səfərləri..."

GÜNDƏM 28 apr 2021, 13:04
"Cənab İlham Əliyev yol boyu sükan arxasında erməni vandallarının törətdiyi vəhşilikləri dünya birliyinə çatdırırdı. Prezidentin dünyadakı ermənipərəst qüvvələrin və erməni lobbilərinin iç üzünü əyani şəkildə açıb göstərməsi indiki informasiya müharibəsi dövründə olduqca önəmlidir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Prezident İlham Əliyevin Zəngilan və Cəbrayıl rayonlarına səfəri barədə danışarkən deyib.

Deputat bildirib ki, cənab Prezidentin Zəngilan və Cəbrayıl rayonlarına səfəri məzmununa görə olduqca zəngin bir səfər olub: “Hesab edirəm ki, işğaldan azad edilmiş torpaqlarımızda baş tutan hər bir səfər Azərbaycanın gələcəyə atılmış addımı kimi qiymətləndirilməlidir. Vətən müharibəsində Azərbaycan qəti sözünü dediyi kimi, indi də ərazilərin həmin templə operativ şəkildə bərpasına başlayıb. Cənab Prezident "Böyük Qayıdış"ın əsasını qoydu. Təməlini qoyduğu Zəngilan Beynəlxalq Hava Limanı, məscidlərin tikintisi və bərpası, "ağıllı kənd" və "ağıllı qəsəbələrin" bərpasının reallaşdırılması, eyni zamanda bu proseslərə dünyanın tanınmış innovativ şirkətlərini dəvət etməsi, alternativ və bərpa olunan enerji sahəsində görülmüş işlər, yaşıl ekoloji proqramların həyata keçirilməsi və s. bütün bunlar nəinki Azərbaycan daxilində, eyni zamanda bütün dünya miqyasında örnək göstəriləcək layihələrdir. Fikrimcə, cənab Prezidentin işğaldan azad edilmiş rayonların, kəndlərin bərpası zamanı tətbiq etdiyi model gələcəkdə ölkəmizin digər bölgələri üçün də keçərli olacaq".

Nəsib Məhəməliyevin sözlərinə görə, səfər bir daha təsdiqləyir ki, yaxın gələcəkdə "Böyük Qayıdış" daha sürətli şəkildə həyata keçiriləcək: "Səfərlə bağlı başqa bir məqam da diqqətimi çəkdi: cənab İlham Əliyev yol boyu sükan arxasında erməni vandallarının törətdiyi vəhşilikləri dünya birliyinə çatdırırdı. Dünyadakı ermənipərəst qüvvələr və erməni lobbilərinin iç üzünü əyani şəkildə açıb göstərməsi indiki informasiya müharibəsi dövründə olduqca önəmlidir. Xüsusilə son dönəmlər daha çox gündəmə gələn ermənilərə dəstək tipli bəyanatları nəzərə alsaq, görərik ki, Prezident dağıdılmış məscidlərin, muzeylərin, məhv olmuş təbiət infrastrukturunu dünyaya nümayiş etdirməklə onlara yerində cavab verir. Bu, olduqca önəmlidir. Eyni zamanda Azərbaycan ictimaiyyətini məlumatlandırır, indiyə qədər Qarabağda olmayanlara o bölgənin təbiətinin gözəlliyi ilə bizi tanış edir. Doğrudan da, Qarabağın təbiəti füsunkardır, hər bir Azərbaycanlı ora getməyi özünə borc bilir".

Deputat həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev müharibə dövründə olduğu kimi şərəfli tarixi yazmağa davam edir: "Səfər zamanı diqqət çəkən məqamlardan biri də Prezidentin  Zəngilan rayonunda yeni salınmış müasir tipli zastavanın açılışını etməsi oldu. Burada xalq qəhrəmanı Dədə Qorqudun fikri yada düşür. Deyir ki, torpaqları əkib-biçirsənsə, onu mütləq qorumaq lazımdır. Yəni qorunmayacaq torpağı əkib-biçməyə dəyməz. Məhz bu kontekstdən yanaşanda Zəngilan rayonunda ilk sərhəd xidmətinin qısa zaman kəsiyində  açılması və sərhəddə keşik çəkən sərhədçilərimizin məişət şəraitinin yüksək səviyyədə təminatı, yeni silah və texnikanın alınması, onların idmanla məşğul olması üçün fiziki sağlamlıqlarını qorumaqdan ötrü yaradılmış şərait, idman zallarının təchizatı və s. hər biri əsgərlərdə orduda xidmət etmək üçün əlavə stimul yaradır. Əlbəttə ki, bütün bunlar Azərbaycan xalqında rəğbət hissi oyadır".

Qeyd: Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top