Real vəziyyət yerli idarəetmədə islahatın aparılmasını qaçılmaz edir

GÜNDƏM 28 apr 2021, 10:20
Həbs edilən icra başçılarının sayı bu gün o qədərdir ki, saydıqca qurtarmaq bilmir. Dostların sayəsində dəqiqləşdirə bildim ki, son illərdə Ağstafa, Neftçala, İmişli, Kürdəmir, Yevlax, Biləsuvar, Cəlilabad və ən nəhayət Şəmkir RİH-də antikorrupsiya əməliyyatı keçirilmişdir. Adıçəkilən rayonların icra başçıları həbs edilsə də, Abşeron və Xəzər RİH-də aparılan əməliyyat nəticəsində bir qədər aşağı ranqlı məmurlar həbsə alındı. Əslində adıçəkilən rayonlarda aşağı ranqlı məmurların həbsi elə siyasi rəhbərlərə ciddi siqnal idi.

Beləliklə “əməliyyat” aparılan rayonların sayı ona çatmış oldu.

Gəlin etiraf edək ki, hələ bu son siyahı olmayacaqdır. Nəticə etibariylə cənab Prezidentin qətiyyətiylə siyahının davam etdiriləcəyi hiss olunur. Çünki bələdiyyə sədrlərini “ağlar günə” qoyan, sədrlərin əlində-ovucunda olanı əlindən alan, “komxoza” ayrılan vəsaiti məniməsyib, hətta zibil maşınlarını bələdiyyə sədrlərinə təmir etdirib, nəticədə bələdiyyələri lazımınca “yükləyən” onlarca siyasi rəhbər vardır. Və bu prosesə son qoyulmalı idi. Və qoyulurda.

Lakin bizim söhbətimiz kimin tutulmağından getmir, söhbət bu prosesin hara getdiyindən gedir. Yəni bu həbslər, özü də rüşvətlə həbs olunmalar nəticə etibarıylə icra strukturunun nüfuzuna xələl gətirir və ümumi idarəetməyə qara ləkə salır, desəm yəqin ki, yanılmaram.

Rayon “komxoz”larındakı eybəcər vəziyyət, işçilərin əməkhaqqı kartlarının bir əldə cəmlənməsi və sair bu kimi hallar, demək olar ki, hər bir rayonda vardır. Hər kəsin bildiyini təkrar etmək niyyətində deyiləm. Çünki bu və digər məlumatları rayonlarda uşaqdan böyüyə hər kəs bilir.

BİLMƏLİ OLANLARDA BİLİR.

Fikrimcə, proses regional idarəetməyə doğru gedir.

Bugünkü real vəziyyət yerli idarəetmədə islahatın aparıımasını qaçılmaz edir. Gəlin tam səmimi etiraf edək ki, Bakıda 12 rayonun, Gəncədə isə 2 rayonun olmasına heç bir ehtiyac yoxdur. Əslində bu qurumlar büdcəyə artıq yükdür. Bakı ŞİH başçısı Eldar Əzizov üç ilə yaxındır ki, müavinsiz işləyə bilirsə, onda 12 rayonda 36 müavin postunun olması nəyə və kimə lazımdır?

Nəzərə alaq ki, bu rayonların heç bir səlahiyyəti qalmayıb. Məhz indiki halda dövlət büdcəsinə qənaət etməyin tam vaxtı deyilmi?

Fikrimcə, ilkin olaraq kommunal xidmət sahələrinin, yəni “komxoz” strukturunun, RİH-lərə ayrılan maliyyə vəsaitinin minimum üç il ərzində bələdiyyələrə ayrılması şərtiylə icra hakimiyyətlərinin səlahiyyətlərindən alınmaqla bələdiyyələrə verilməsi gerçəkləşdirilə bilər. Və bu gün həmin “komxoz” strukturuna aid olan “Jek”lərin nəğd şəkildə “zibil pulu ”yığımına da son qoyular. Nəyə görə yerli vergilərin nəğdsiz ödənişi haqqında Prezident sərəncamı olduğu halda “zibil pulu” nəqd şəkildə yığılmalıdır. Və əlavə edim ki, bununla bağlı hər hansı hesabatlılıq, şəffaflıq təmin edilmir. Kimsə deyə bilərmi ki, BŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamenti il ərzində nə qədər “zibil pulu” yığıb və hara xərcləyib?

Təklif edərdik ki, ilkin olaraq bu strukturun bələdiyyələrə verilməsi həyata keçirlsin, növbəti mərhələdə isə regional idarəetməyə keçidə start verilsin.

Son olaraq üzümü həbs olunmayan siyasi rəhbərlərə tutub deyirəm: bələdiyyələrə dəstək olun, qanunların verdiyi imkanları sizdə verin, şərait yaradın ki, onlar sərbəst fəaliyyət göstərməklə seçicilərinə layiqli xidmət göstərmiş olsunlar.

Vüqar Tofiqli (belediyye.info)
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top