Azərbaycanda bu sahədə işləyənlərin maaşı 2 dəfə artırılır

SOSİAL 12 apr 2021, 11:06
Azərbaycanda prokurorluq işçilərinin maaşları 2 dəfə artırılması gözlənilir.

Demokrat.az xəbər verir ki, bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 21.2 maddəsinə “ Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar" bəndinin əlava olunması təklif olunur.

Bundan başqa “Prokurorluq haqqında” Qanunun aşağıdakı məzmunda əlavələrin edilməsi gözlənilir.

"Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülür:

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;
 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi".

Qeyd edək ki, qanun layihəsi qəbul olunduğu təqdirdə əlavə edilən dəyişikliklər 1 iyul 2020-ci il tarixindən tətbiq ediləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top