Deputat: “Məmurların fəaliyyətinə ciddi ictimai nəzarət olmalıdır ki, vəzifələrinə vicdanla yanaşsınlar”

MÜSAHİBƏ 08 apr 2021, 09:09
“Azərbaycan Prezidenti bütün proseslərin içindədir, izləyir, nəzarət edir, imkan verməyəcək ki, xalqımızın, dövlətimizin əleyhinə hər hansı hərəkət baş versin”

Milli Məclisin deputatı Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsi:

- Bir neçə gün öncə, Rusiya Müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağda olub, Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib. Mətbuat yazır ki, Bulqakov belə şəhərciyin Şuşada da açılması ilə bağlı ifadə işlədib. Buna münasibətiniz necədir?

- Rusiya Müdafiə nazirinin müavininin Xankəndiyə səfəri anlaşılandır. Orada Rusiyanın sülhməramlı kontingenti fəaliyyət göstərir. Sülhməramlılar üçün şəraitin yaradılması da başadüşüləndir. Amma hesab edirəm ki, Rusiya dövləti sülhməramlıların fəaliyyəti ilə bağlı bütün addımları Azərbaycan hökuməti ilə razılaşdırmalıdır. Sülhməramlılar 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda nəzərdə tutulan məsələlərlə məşğul olmalıdır. Onların bəyanatda nəzərdə tutulmayan addımlar atması Azərbaycan cəmiyyətində haqlı olaraq narazılıq yaradır. Sosial obyektlərin tikintisi, erməni əhali arasında qeyri-qanuni təbliğat apararaq onların müəyyən vasitələrlə Qarabağa məskunlaşdırılması sülhməramlı missiyası ilə daban-dabana ziddir. Sülhməramlı münaqişə edən tərəflər arasında neytral mövqe sərgiləməlidir. Təəssüflər olsun ki, sülhməramlıların separatçıları dəstəkləyən addımlar atması Rusiya və Azərbaycan arasındakı strateji əməkdaşlıq münasibətlərinə zərər yetirir. Şuşada şəhərciyin salınması ilə bağlı açıqlamaya rast gəlməmişəm. Əgər belə açıqlama verilibsə, yanlışdır. Şuşada belə şəhərciyin tikilməsi qətiyyən yolverilməzdir, Azərbaycan xalqı bununla barışmaz.

- Bulqakov Xankəndiyə gəlmək üçün Azərbaycandan icazə almalı deyildimi?

- Bayaq qeyd etdim, ərazidə sülhməramlı qüvvələr varsa, Müdafiə nazirinin gəlməsi normaldır. Burada sensasiya axtarmağa ehtiyac yoxdur. Sülhməramlılar öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidirlər, barışa yönəlik addımlar atmalıdırlar.

- Fransalı deputatlar da Xankəndiyə səfər etmək istəyirlər…

- Bunların qarşısı kəskin şəkildə alınmalıdır. Xankəndidə Fransanın nə hərbi kontingenti, nə də ərazi ilə coğrafi əlaqəsi var. Sülhməramlılar Rusiya Müdafiə Nazirliyinə tabedir, bağlılıq var. Fransann və digər dövlətlərin suveren ərazilərimizə səfəri Azərbaycan hökumətilə razılaşdırılmalıdır.

- Fransa və bəzi Avropa dövlətləri işğalçı Ermənistanı dəstəkləməkdə niyyətləri nədir?

- Əsas niyyətləri uzun illər ərzində formalaşdırdıqları anti-türk, anti-islam siyasətlərini ermənilər vasitəsilə davam etdirməkdir. Heç kəsə sirr deyil ki, Ermənistanın daxilində revanşist qüvvələr mövcuddur ki, müharibə ritorikasından əl çəkmirlər, 44 günlük müharibədəki məğlubiyyətlə barışmaq istəmirlər. Ermənistanın xaricində, lobbilər, diaspor nümayəndələri Qarabağda dayanıqlı sülhün yaranmasının əleyhinədirlər. Hər birinin öz marağı var. 

- Bəzi hallarda dövlətlərin mövqeyini qeyri-rəsmi şəxslər, siyasətçilər açıq şəkildə ifadə edir. Yəni rəsmi şəkildə bəyan edilmir, amma dolayısı ilə bildirilir...

- Doğrudur. Siyasətin görünən və görünməyən tərəfləri var. Çalışırıq ki, görünməyən tərəfləri də müəyyən çərçivələr daxilində çatdıraq. Prezdent cənab İlham Əliyev dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin, xalqının maraqlarını müdafiə etməyi bacaran liderdir. Dövlət başçısı fərqli baxışlara malikdir, zamanı gələndə, xüsusi peşəkarlıqla taktiki gedişlər edir. Prezident nə demişdisə, hamısını icra etdi. Azərbaycan Prezidenti bütün proseslərin içindədir, izləyir, nəzarət edir, imkan verməyəcək ki, xalqımızın, dövlətimizin əleyhinə hər hansı hərəkət baş versin.

- Azərbaycanda bəzi müxalifət nümayəndələri iddia edir ki, Vətən Müharibəsi ərəfəsində qazanılan reytinq aşağı düşür. Bu iddiaya cavab verməyinizi xahiş edirəm...

- Bəzi müxalifətyönlü siyasətçilərin möhtəşəm qələbəni lazımınca dəyərdirməmələri məni narahat edir. Qələbənin dərəcəsinin aşağı salınması cəhdləri yolverilməzdir və mümkün deyil. Beş ay əvvələ ekskurs edək: Heç kim ümid etmirdi ki, qısa zamanda Şuşa işğaldan azad ediləcək.

- Doğrudur, inam yox idi…

- Hadrut, Xocavənd, Laçın, Kəlbəcər, Ağdam... Ali Baş Komandan İlham Əliyev müharibə zamanı elə gedişlər etdi ki, Ermənistanın 30 illik mühəndis-istehkam qurğuları darmadağın edildi. Dövlət başçısı heç kəsin gözləmədiyi hərbi əməliyyatlar həyata keçirdi. Prezidentin peşəkar gedişləri bizə qələbə qazandırdı. Həmin o müxalifət nümayəndələrinin də xəyal etmədiyi nəticələr əldə olundu. Müharibə zamanındakı milli birlik göstərdi ki, İlham Əliyev dünyada yeganə dövlət başçısıdır ki, bir çağırışı ilə 10 milyonluq xalq ayağa qalxdı. Yəni Prezidentin reytinqi yüksək səviyyədədir. Nəzərə almaq lazımdır ki, həyatda hər şey ideal deyil. İdeal cəmiyyət də yoxdur. Bəzi yerində olmayan məmurların xalqa, ən həssas təbəqə olan şəhid ailələrinə və qazilərə olan münasibəti narazılıq yaradır. Təəssüflər olsun ki, bu gün də vəzifəsindən sui-istifadə edərək vətəndaşları dövlətdən narazı salan kifayət qədər məmurlarlar var. Ancaq bunlar İlham Əliyevin reytinqini aşağı sala bilməz. Xalqın Prezidentə inamı çox böyükdür. 30 il ərzində insanlar hər şeylərindən keçməyə hazır idilər, təki torpaqlar, milli qürur özümüzə qayıtsın. Torpaqlarımız da, milli qürurumuz da qayıdıb. Dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq azərbaycanlılar başını dik tutur. Bu, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın  birliyi nəticəsində olub. Nə qədər çalışsalar da, qələbəmizi kiçildə bilməzlər. Bəzi  insanlar məsələlərə şəxsi maraqları çərçivəsində yanaşırlar. Sosial şəbəkələrdə yayılan müəyyən dezinformasiyalar milyonların rəyini əks etdirmir. Təbii ki, narazılıq varsa, çalışıb aradan qaldırmaq lazımdır. Məmurların fəaliyyətinə ciddi ictimai nəzarət olmalıdır ki, vəzifələrinə vicdanla yanaşsınlar.

- Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi hansı səviyyədədir? Nəzərə almaq lazımdır ki, o, seçkilərdə iştirak edəcək...

- Ermənistan cəmiyyətində xaotik proses davam etməkdədir, əhali siyasi liderlərinə inamı tamamilə itirib, onlar gələcəyə ümidsizliklərini ifadə edirlər. Sağlam düşüncəli insanlar indiki hakimiyyətə alternativ görmürlər. Baxmayaraq, indiki hakimiyyətin dövründə məğlubiyyətə uğradılar. Ermənistan cəmiyyətinin belə rəzil günə düşməsinin səbəbkarları Sarkisyan – Koçaryan – Petrosyandır. Onlar yalanla, illuziyalarla xalqı aldadıblar. Ermənilərin uğursuzluqlarının səbəblərindən biri də qonşulara qarşı əsassız iddialarla çıxış etmələridir. Onlar Türkiyəyə, Azərbaycana, Gürcüstana, hətta Rusiyanın cənub regionlarına da ərazi iddiaları ilə çıxış edirlər. Hazırda erməni xalqı çaş-baş vəziyyətdədir. Bu, gözlənilən idi. Hiss olunur ki, orada ciddi kadr böhranı yaşanır, əhalinin etimadını qazana biləcək lider yoxdur. Ortaya Paşinyanı çıxardılar, o da Ermənistanı dünyada biabır etdi.

- Belə görünür ki, çatışmazlıqlar olsa da, Paşinyana alternativ yoxdur...

- Bəli. Erməni cəmiyyəti anlayır ki, qonşularla konflikt olacaqsa, inkişafdan söhbət gedə bilməz. Belə davam edəcəyi halda, Ermənistan dövlətinin gələcəyi olmayacaq. Sağlam düşünən siyasətçilər qeyd edir ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik münasibətinə son qoyulmalıdır. Sərhədlər, kommunikasiyalar açılarsa, revanşist şüarlar səsləndirilməzsə, Ermənistan inkişaf edə bilər. Azərbaycan xalqı kifayət qədər humanist xalqdır, barışığın tərəfindədir. Ermənistan bir addım atacaqsa, Azərbaycan tərəfi iki addım atacaq. Baxmayaraq ki, müharibə olub, şəhidlər vermişik, ölkəyə maddi və mənəvi zərər dəyib...

- Barışığa hazırdırlarmı? Heç minalanmış ərazilərin  xəritələrini vermirlər...

- Ermənistan dövlət deyil, onlar dövlət qura bilmədilər. Ermənistan, sadəcə, beynəlxalq layihədir. Yüz il əvvəl də belə olub... Minalanmış ərazilərin xəritələrinin verilməməsi və revanşist addımlar göstərir ki, erməni xalqı sülhə hazır deyil. Azərbaycan dövləti var və müstəqil siyasət yürüdür. Ermənistanda proseslər diasporun, kilsənin, lobbilərin nəzarətindədir. Dövlət diasporun, lobbinin, kilsənin təzyiqləri altındadır. Dövlət məcburdur ki, qərar qəbul edərkən bu məfhumu nəzərə alsın. Bu gün də Ermənistanda müharibə ritorikasından çıxış edən diaspordur. Diaspor üzvləri başqa ölkələrdə yaxşı həyat yaşayırlar, arabir dilənçi payı verməklə xalqı əsir saxlayıblar.

- Son günlərin əsas müzakirə mövzularından olan "Tərtər işi" ilə bağlı fikirlərinizi öyrənmək istərdim. Sizcə, nə baş verib?

- “Tərtər işi”nin mahiyyətindən o qədər də məlumatlı deyiləm. Amma istənilən halda hansısa cinayətkara görə çoxlu sayda insan əziyyət çəkməməlidir. Əmək qabiliyyətini itirənlər varsa, onlara kompensasiya ödənilməlidir. Mümkün deyil ki, 1500-2000 nəfər satqın, hansısa ölkənin agenti olsun. Araşdırılmadan ucdantutma cəza tətbiq edilməsi doğru deyil. Məsələ araşdırmalı, düşmənə işləmə faktı qeydə alınıbsa, ən ağır cəza verilməlidir. İşgəncə faktı da varsa, onu törədən cəzalandırılmalıdır. Hansısa şəxsin törətdiyi əməli dövlətin adına yazmaq olmaz. Bu məsələdə dövləti hədəf seçmək, qara yaxmaq düzgün deyil. Belə məsələlərlə siyasi divident əldə etməyə çalışmaq kiməsə şərəf gətirməz.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top