Ombudsman Aliment Fondunun icra mexanizmini açıqladı

MÜSAHİBƏ 03 apr 2021, 14:16
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Aliment Fondu ilə əlaqədar e-huquq.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Hörmətli Səbinə xanım, ilk olaraq Sizi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq 2020-ci il üzrə illik məruzənizi təqdim etməyiniz münasibətilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayırıq. İllik məruzənizdə çoxsaylı önəmli təkliflərə yer vermisiniz və elə onlardan biri Aliment Fondunun yaradılması təklifiniz üzrə fikirlərinizi bilmək istərdik. Bu təklif və onun icra mexanizmi barədə məlumat verməyinizi xahiş edirik.

- Çox sağ olun. Mən də cəmiyyəti düşündürən və əhəmiyyətli mövzulara yer verdiyinizə görə Sizin informasiya portalına təşəkkürümü bildirirəm.

Qeyd etməliyəm ki, bu gün bütün dünyada uşaqların ən ümdə maraqlarının təmini baxımından alimentin ödənilməsi məsələsi də aktual problemlərdən birinə çevrilib. Alimet Fondunun yaradılması da bu baxımdan problemin həlli istiqamətində mövcud üsullardan biridir. Biz bu təklifi hazırlayarkən xarici ölkələrin təcrübəsinə müraciət etdik və təcrübədə belə fondlar səmərəli mexanizm kimi çıxış edir.

Bu qəbildən olan fond ya ayrıca, ya da hansısa uyğun bir dövlət qurumunun tabeliyində fəaliyyət göstərə bilər. Xarici ölkələrin təcrübəsində məsələn, Latviyada - Uşaqların təminat ilə bağlı vəsaitlərə dair Zəmanət Fondu, Böyük Britaniyada - Uşaqların təminatı ilə bağlı Agentlik, İsraildə - Milli Sığorta Xidməti, İspaniya və Bəhreyndə - Alimentlərin tutulması üzrə Zəmanət Fondu, Polşada - Dövlət Aliment Fondu, Niderlandda - Aliment üzrə Federal Büro, İsveçdə - Dövlət Sığorta Agentliyi, ABŞ-da - Aliment orderlərinin icrası üzrə Federal Ofis və Ştatların Agentlikləri, Kanadada - Aliment orderlərinin icra Agentliyi, Avstraliyada - Uşaqlara Dəstək Agentliyi fəaliyyət göstərir. Ayrı-ayrı ölkələrdə Fondlar müxtəlif səlahiyyətlərə malikdirlər və geniş funksiyalar icra edirlər.



Böyük Britaniya və İsraildə Fondun əsas məqsədi aliment ödəməkdən yayınan şəxslərin axtarışı və ödənişlərin tutulmasıdır. Bir sıra ölkələrdə (Litva, Latviya, İspaniya, Bəhreyn, Polşa, Fransa) dövlət valideynlərdən hər hansı biri öz öhdəliklərini icra etməkdən imtina edərsə, həmin Fond bu öhdəliyin icrasını öz üzərinə götürür.

Post-sovet ölkələrindən Estoniyada 2017-ci ildən “Ailəvi kompensasiyalar” haqqında qanun qüvvəyə minmişdir və Aliment Fondu da bu qanunun tələbləri əsasında fəaliyyətə başlamışdır. Qazaxıstanda bu təşəbbüs reallaşmasa da, geniş müzakirə edilir və 2019-cu ildə bu təkliflə ölkənin Ədliyyə Naziri çıxış etmişdir.

Məlum olduğu kimi, Aliment Fondunun əsas iş prinsipi ondan ibarətdir ki, aliment borcu olan şəxsin əvəzində bu fond məlum məbləği ödəyir, sonra isə dövlət müəyyən mexanizm əsasında həmin məbləği həmin şəxsdən geri alır.

- Səbinə xanım, Azərbaycanda bu sistemin qurulması üçün hansı addımlar atılmalıdır?

- Bu sistemin qurulması üçün əsas 3 məqam vacibdir:

1) Qanunvericilikdə kompleks yeniliklər, əlavə və dəyişikliklərin edilməsi;
2) Struktur istiqamətli tədbirlər;
3) Büdcə.

Eyni zamanda bəzi ölkələrdə kollektor qismində bu funksiya özəl fondlara da verilir. Bu cür fondların büdcəsi məcburi tutulmalardan, büdcə dotasiyasından, könüllü ianələrdən və digər mənbələrdən formalaşır.

Polşada fəaliyyət göstərən Aliment Fondu valideyn alimenti ödəməkdən imtina etdikdə bu funkisyanı icra edir. Fondun maliyyəsi məcburi tutulmalardan, büdcə dotasiyasından, könüllü ianələrdən və digər mənbələrdən formalaşır.

2005-ci ildən Latviyada Uşaq, ailə və ictimai inteqrasiya nazirliyinin tərkibində xüsusi Fond fəaliyyət göstərir. Bu Fondun səlahiyyətləri genişdir. Belə ki, Fond alimentlərin ödənilməsi, qeyri-leqal əmək haqqının ifşası, kredit və lizinq kompaniyalarına sorğularla müraciət etmək hüququna malikdir. Fondun büdcəsi borclulardan tutulan ödənişlər və büdcədən ayrılmalar hesabına formalaşır. Hər il aliment borcu gecikdikcə, dövlət 6 faiz məbləğində ödəniş köçürür. Fond həmçinin digər ölkələrin qurumları ilə əlaqələr saxlayır ki, burada da əsas məqsəd borclu xarici ölkəyə köçdükdə ondan borcu tələb etmək üçün imkanın yaradılmasıdır.

Latviya dövlətlə yanaşı, özəl kollektorlardan istifadə imkanını nəzərdən keçirir. 2005-ci ildə Bəhreyn Krallığında Dövlət Aliment Fondu yaradılmışdır. Qurum Ədliyyə Nazirliyinin tabeliyindədir. Fondun maliyyə mənbələri dövlət dotasiyaları, ianələr və məcburi tutulmalardır. İlk 2 ildə əsas yükü dövlət çəkirdisə, sonradan əsas məbləğ borclu valideynlərdən formalaşdı. Alimentlər uşaqlar yetkinlik yaşına çatana qədər ödənilir. Fonda edilən müraciətlərə 15 gün ərzində baxılmalıdır. Alimentin məbləği məhkəmə qərarı ilə müəyyən edilir.



- Aliment Fondu valideynlər arasında mübahisə və narazılıqlara da son qoyacaqmı?

- 2007-ci ildə İspaniyada Kral dekretinə görə xüsusi Fond yaradılmışdır. Fond Maliyyə Nazirliyinə tabedir. İspaniyada aliment ödəmək öhdəliyi olan hər kəs Fondun köməyi üçün müraciət edə bilməz. Bunun üçün dövlətin müəyyən etdiyi məbləğdən daha az gəliri olmalıdır. Bu köməyə iddia edən şəxs isə qanunvericiliyin müəyyən etdiyi sənədlərlə xüsusi proseduru keçməlidir. Maksimum məbləğ 100 avro olmalıdır. Ödənişlər 18 ay müddətinə ödənilir və ödəniş qabiliyyətini bərpa edən şəxs, daha sonra özü bu dəstəkdən faydalanaraq ödənişi davam etdirir. Bununla da aliment ödəməli olan şəxs öz öhdəliyindən yayına bilmir. Ən əsası isə hər iki valideyn arasındakı münasibətlərdə müəyyən bir tarazlıq yaranır. Valideyndən yaxşı heç kim onların qayğısına qala bilməz. Təklif olunan mexanizmlərdən də görünür ki, uşaqların qayğısını çəkmək vəzifəsi valideynlərdən dövlətə keçmir, bu isə uşaq üçün mənəvi və maddi dəstəyin təmin olunmasına imkan verir.

Ümumiyyətlə isə uşaqların hüquqlarının təmini, onların maraqlarının müdafiəsi cəmiyyət üçün daim önəmlidir. Təbii ki, əgər hər kəs alimenti vaxtında ödəsəydi, “aliment ödəməkdən yayınma” anlayışı olmazdı. Təəssüf ki, bu problem bütün ölkələrdə olduğu kimi, bizdə də aktualdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top